Əfv olunan yüzlərlə məhbus arasında cəmi iki siyasi məhbus var
Azərbaycan prezidenti İlham Əliyev əfv sərəncamı imzalayıb.
Sərəncama əsasən, 801 məhkum əfv olunmuş, onlardan 463 şəxs azadlıqdan məhrumetmə cəzasından, 220 şəxs azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş hissəsinin yarısından, 118 nəfər azadlıqdan məhrumetmə ilə bağlı olmayan digər cəzalardan (azadlığın məhdudlaşdırılması, islah işləri, cərimə cəzaları və cəzaya şərti məhkum edilmiş şəxslər) azad edilib.
Əfv olunanlar arasında siyasi məhbuslar da var. Bu, Vətəndaş və İnkişaf Partiyasının lideri Əli Əliyev və Sumqayıtdan olan hüquq müdafiəçisi Elçin Məmməddir.
Həmçinin “Tərtər işi” adlanan 4 məhkum – Nüsrət Qurbanov, Vaqif Əliyev, Hacıyev Süleyman və Seymur Həsənov da əfv olunub.
Bundan başqa, “Gəncə işi” üzrə təqsirləndirilən iki nəfər – Samir İbrahimov və Həbib Qurbanov da əfv edilib.
Amma siyahıda “Nardaran işində” həbs olunların adı yoxdur.
Həmçinin, son illər kütləvi repressiyalara məruz qalan Xalq Cəbhəsi Partiyasının onlarla fəalı əfv olunmayıb.
Siyahıda jurnalistlərin və blogerlərin, habelə Almaniyadan deportasiya olunduqdan sonra uydurma narkotik ittihamı ilə həbs edilmiş siyasi fəalların adları yoxdur.
“Bu əfv siyasi məhbus problemini həll etməyib və onu humanizm aktı adlandırmaq olmaz”, deyə “Müdafiə Xətti” hüquq müdafiə təşkilatının lideri Rüfət Səfərov bildirib.
Eyni zamanda, dövlət başçısı ağır cinayətlərə – korrupsiya, pul tələb etmə və şantaja görə həbs edilmiş müdafiə nazirinin keçmiş müavini Rafiq Bayramovu və ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin keçmiş zabitləri Azər Mehdiyevi və Zaur Mehdiyevi əfv edib.
Turan