İtkin düşmüş tələbənin ailəsi İran səfirliyinin qarşısında aksiya keçirib

Onlar 10 gündür ki, Fərid Səfərlidən xəbər ala bilmədilərini deyiblər

tərəfindən Gozetci

Foto: sosial şəbəkə

İranda itkin düşmüş tələbə Fərid Səfərlinin ailəsi Azərbaycandakı İran Səfirliyinin önündə etiraz edir.

Onlar bildirirlər ki, Azərbaycan Xarici İşlər Nazirliyi tələbənin başına nə iş gəlməsi ilə bağlı İran İslam Respublikasına, İran Səfirliyinə müraciət etsə də, hələlik ondan bir xəbər ala bilməyiblər.

Tələbənin anası Dilarə xanım hazırda Almaniyada yaşayır, həkim kimi fəaliyyət göstərir. O özü də Berlindəki İran İslam Respublikası Səfirliyinə müraciət edib. Xahiş edib ki, oğlu ilə bağlı ona bir məlumat verilsin. Səfirlikdə ona bildiriblər ki, hazırda onun oğlu ilə bağlı araşdırma aparılır. Alman polisi də Dilarə xanımla görüşüb, İrana sorğu göndərdiklərini bildiriblər”, – iştirakçılar deyiblər.

Aksiya iştirakçılarının əllərində Fərid Səfərlinin fotoları və “Ananın səsini eşidin”, ”Fərid Səfərlidən xəbər verin”, “Fəridi azad edin”, “Biz məlumat istəyirik” şüarları yazılmış plakatlar var.

Aksiya iştirakçılarından İlhamə Əsgərovanın sözlərinə görə, 10 gündən artıqdır ki, Fəriddən xəbər ala bilmirlər və bu, bir ana üçün faciədir:

“Müraciət etmədikləri yer qalmayıb, amma xəbər yoxdur. Martın 4-dən Fəriddən xəbər ala bilmirik, onun telefonları bağlıdır. Başına nə iş gəldiyini bilmirik. İran hökumətindən bizə bir cavab vermələrini xahiş edirik”.

Fərid Səfərlinin nənəsi Xumarə Səfərova ağlayaraq nəvəsindən bir xəbər verilməsi üçün yalvarıb.

Deyib ki, heç nə yox, bircə səsini eşitsə, ürəyi rahatlayar:

On gündən artıqdır ki, balamızdan xəbər yoxdur. Yalvarıram onun vəziyyəti ilə bağlı bizə bir məlumat verin”.

Almaniyanın Jena şəhərində magistratura təhsili alan 27 yaşlı Fərid Səfərlinin İrana səfərindən sonra ondan xəbər almaq mümkün olmayıb.

Foto: Fərid Səfərlinin ailə albomundan

Bu barədə Meydan TV-yə danışan anası Dilarə Əsgərova bildirib ki, o, İrana bir zamanlar Jena Universitetində təcrübə keçən həkim qız dostunu görmək üçün gedib.

Fevralın 20-də Almaniyadan çıxan Fərid İranda olarkən dostları və ailəsi ilə əlaqə saxlayıb.

Martın 3-də Almaniyadakı dostlarından ona bilet almalarını da rica edib.

O, martın 4-də Tehran-İstanbul-Berlin reysi ilə Almaniyaya dönməliymiş, lakin həmin gündən onunla əlaqə saxlamaq mümkün olmayıb.

Dilarə Əsgərova deyir ki, martın 4-dən oğlunun telefonu qapalıdır:

Bir ara sanki açıldı, amma zəng edəndə qapalı idi. Bir sözlə, nigaranıq və hər dəqiqə mənə bir il kimi gəlməyə başlayır. Oğlumun başına nə gəldiyindən xəbərsizəm və bu, məni çox narahat edir. Bəlkə də, şübhəli bilinib, İranda saxlanılıb, bilmirəm”.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Fərid Səfərlidən məlumat almaq üçün İranın Azərbaycandakı Səfirliyinə müraciət edib.

Müraciətdən 10 gündən artıq zaman keçib, hələ də Fərid Səfərlinin başına nə iş gəlməsi barədə hər hansı məlumat yoxdur.

Fərid Səfərlinin 30-a yaxın qohumunun toplaşdığı aksiyaya hər hansı müdaxilə olmayıb.

Onlar İran Səfirliyindən qohumlarının vəziyyəti ilə bağlı məlumat vermələrini xahiş ediblər.

Bu ilin yanvarında Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı hücum olub.

Nəticədə bir nəfər ağır yaralanıb, bir nəfər isə ölüb.

Bu səbəbdən yanvarın 29-da Azərbaycan İrandakı səfirliyində çalışanları ölkəyə təxliyə edib. Beləliklə, Azərbaycanın İrandakı səfirliyi fəaliyyətini dayandırıb.

Tehrandakı Azərbaycan səfirliyi diplomatik fəaliyyətini tam dayandırsa da, bu, Təbrizdəki Baş konsulluğun fəaliyyətinə şamil olunmayıb.

Həmin vaxt XİN məlumat yayaraq ölkə vətəndaşlarına İrana səyahət xəbərdarlığı etmişdi.

Bildirmişdi ki, İranda qeyri-sabit vəziyyət və Azərbaycanın diplomatik nümayəndəliyinə qarşı “terror aktı” nəzərə alınmaqla, zəruri olmadığı təqdirdə bu ölkəyə getməmək, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az