Hökmdən Ali Məhkəməyə kassasiya şikayəti göndəriləcək
Readmissiya qaydasında Almaniyadan Bakıya deportasiya olunandan az sonra narkotik ittihamıyla həbs olunan siyasi fəal Cəfər Mirzəyevin 6 il azadlıqdan məhrum edilməsi barədə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişib. Martın 16-da Bakı Apellyasiya Məhkəməsində onun haqqındakı hökmdən verdiyi şikayət üzrə yeni qərar elan edilib.
Hakim Qədim Babayevin sədrliyilə keçirilən məhkəmə prosesində əvvəl Cəfər Mirzəyev və onun vəkili Nemət Kərimli çıxış edib.
Siyasi fəal Cəfər Mirzəyev bildirib ki, narkotik ittihamı saxtadır. Onun sözlərinə görə, Almaniyada yaşadığı müddətdə Azərbaycanda insan haqlarının pozulmasına, siyasi məhbus probleminə etiraz olaraq, keçirilən etiraz aksiyalarında iştirak etdiyinə, sosial şəbəkələrdə tənqidi paylaşımlarına görə cəzalandırılıb.
O vurğulayıb ki, Almaniyadan deportasiya olunduqdan az sonra Bakıda – Ramanı qəsəbəsində mağazada saxlanılıb. Daha sonra polis idarəsində işgəncəyə məruz qaldığını vurğulayan siyasi fəalın sözlərinə görə, bu səbəbdən etiraf ifadəsinə imza atıb.
Vəkil Nemət Kərimli də bildirib ki, kamera qarşısında verilən etiraf ifadəsi işgəncənin nəticəsidir. Müdafiəçi vurğulayıb ki, həmin videodisk də sübut sayıla bilməz. Çünki videonun böyük bir hissəsi pozulub.
“Ortada heç bir mötəbər sübut yoxdur”, – vəkil əlavə edib.
Nemət Kərimli müvəkkili haqqında bəraət hökmü çıxarılmasını istəyib.
Lakin hakimlər qısa müşavirədən sonra onun cəzasını yalnız bir il azaldıb.
Vəkil bildirib ki, bu hökmdən də Ali Məhkəməyə kassasiya şikayəti verəcək.
Cəfər Mirzəyev 2021-ci ilin noyabrında Almaniyadan Azərbaycana deportasiya olunub, 2022-ci ilin yanvarında isə həbs olunub. O, 2021-ci ilin oktyabrından indiyədək Almaniyadan deportasiya edildikdən az sonra həbs edilən 6 nəfər siyasi fəaldan biridir. Həbs olunanların əksəriyyətinə qarşı narkotik ittihamı irəli sürülüb. Onların arasında Pünhan Kərimli, Malik Rzayev, Samir Aşurov və başqaları var.
Bu siyasi fəalların heç biri özlərini təqsirli bilmir, narkotik ittihamının cəfəngiyyat olduğunu, sosial şəbəkələrdəki tənqidlərinə, Almaniyada olarkən Azərbaycanda siyasi məhbus problemi, insan haqlarının pozulması hallarıyla bağlı etiraz aksiyalarında iştiraklarına görə cəzalandırıldıqlarını bildirirlər.
Daxili İşlər Nazirliyi isə onların bu haqda dediklərinin əsassız olduğunu, konkret cinayətə görə həbs olunduqlarını bəyan edib.
Meydan TV