Hesabat: “Aİ Azərbaycanda insan hüquqlarının pozulmasına göz yummamalıdır”
Martın 15-də Avropa Parlamenti “Avropa İttifaqı-Azərbaycan münasibətləri” adlı hesabatı səsçoxluğu ilə təsdiqləyib.
Hesabatı xorvatiyalı millət vəkili Jelyan Zbkon hazırlayıb.
Sənədin dinləmələrində çıxış edən Avropa deputatlarının çoxu Azərbaycan hökumətini beynəlxalq öhdəlikləri yerinə yetirməməyə, təməl azadlıqlar və insan haqları pozuntularının günbəgün artmasına görə tənqid ediblər.
Müzakirəyə çıxarılan hesabatın 50 nəfər lehinə, 6 nəfər əleyhinə səs verib, 4 nəfər isə bitərəf qalıb.
Hesabatda insan hüquqları, media, siyasi məhbuslar, LGBTİQ+ hüquqları, qadınlara qarşı zorakılıq halları, Ermənistan-Azərbaycan münasibətlərindən tutmuş, Azərbaycanın Qərbə enerji nəqlinə qədər, bütün məsələlər xırdalanıb.
“Rusiyanın Ukraynaya təcavüzü Avropa İttifaqının Azərbaycanla enerji sektorunda əməkdaşlığını gücləndirib. Aİ buna görə Azərbaycanda insan haqlarının və demokratiyanın pozulmasına göz yuma bilməz”, – deyə sənəddə qeyd edilir.
Hesabat Azərbaycanı ifadə və media azadlığına qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına, təməl insan hüquqlarının təmin edilməsinə, habelə siyasi məhbusların azad olunmasına çağırır.
Qarabağ münaqişəsi
Azərbaycanın illər ərzində ratifikasiya etdiyi beynəlxalq sənədləri, qanunları nəzərə alaraq qəbul edilən qərarda bildirilir ki, Azərbaycan və Ermənistan arasında ölümcül hərbi qarşıdurmalar vaxtaşırı alovlanır. Baxmayaraq ki, 2020-ci ildəki apardığı 44 günlük müharibədən sonra atəşkəs bəyanatına imza atıb:
“Yüzlərlə insan itkisi ilə nəticələnən atəşkəs rejimi bir neçə dəfə pozulub. Azərbaycan Ermənistanın suveren ərazilərini işğal edib. 2022-ci ilin sonundan Ermənistan və Dağlıq Qarabağ arasında Laçın dəhlizi ilə mülki nəqliyyatın hərəkətinə maneə törədib. Bu da regiona ərzaq və digər zəruri ləvazimatların çatdırılmasına mənfi təsir göstərib”.
Azərbaycan rəsmiləri isə tez-tez açıqlamalarında bildirirlər ki, dərman və ərzaq ləvazimatlarının Dağlıq Qarabağa getməsinə hər hansı mane yoxdur.
Hərbi əsirlər
Sənəddə qeyd olunur ki, 2022-ci ilin sentyabrında baş verən toqquşmalardan sonra çoxsaylı erməni hərbi əsirlərin fiziki zorakılığa və alçaldıcı hərəkətlərə məruz qalması ilə bağlı iddialar ortaya çıxıb:
“İddialar arasında Azərbaycan qüvvələrinin mülki şəxslərə, o cümlədən yaşlı insanlara qarşı işgəncə və digər sui-istifadə halları da yer alır. Regionda yerləşdirilən Rusiya sülhməramlılarının Azərbaycandan gələcək hücumların qarşısını almaq istəmədikləri və bacarmadıqları hiss edilir. Sanki Rusiyanın Ukraynaya qarşı cinayətkar işğalçılıq müharibəsi başlayandan bəri sülhməramlıların bölgədəki mövcudluğu az hiss edilir”.
Rusiya-Ukrayna müharibəsinin regiona təsiri
Avropa Parlamenti bildirir ki, Rusiyanın-Ukrayna müharibəsi Cənubi Qafqazda təhlükəsizlik vəziyyətini çətinləşdirib.
Sənəddə iki tərəf arasında indiyədək əldə edilmiş razılaşmaların tam şəkildə yerinə yetirilməsi tələb edilir:
“Hər iki ölkənin inkişafını təmin etmək, Ermənistan və Azərbaycanın hakimiyyət orqanlarının dinc yanaşı yaşama, təhlükəsizlik və azlıqların hüquqlarına hörmətinə təminat vermələrinə nail olmaq olar. Çünki iki ölkə arasındakı silahlı münaqişələr bütün regionun mədəni, dini və tarixi irsinə fəlakətli təsir göstərir”.
İnsan haqlarının vəziyyəti
Avropa Parlamenti bildirir ki, Azərbaycanın insan hüquqları və əsas azadlıqlara hörmətlə bağlı göstəriciləri hələ də çox mənfidir.
Aİ ölkələri ilə siyasi və enerji tərəfdaşlığını daha da dərinləşdirməzdən əvvəl bütün bu kimi problemlərin həllinə ehtiyac var:
“Azərbaycan hakimiyyəti dinc toplaşmaq və birləşmək azadlıqlarını təmin edən Azərbaycan Konstitusiyasına zidd davranır. Azadlıqları ardıcıl və ciddi şəkildə məhdudlaşdıraraq, toplaşmağın faktiki qadağan olunmasına şərait yaradıb. Azərbaycanda müstəqil fəallıq, tənqidi jurnalistika və müxalifətin siyasi fəaliyyəti üçün məkan ciddi şəkildə məhdudlaşdırılıb. Fəalların, hüquq müdafiəçilərinin və jurnalistlərin müstəqil qrupların fəaliyyətini məhdudlaşdıran qanun və qaydalar, həmçinin siyasi həbslər var”.
Müstəqil məhkəmə sistemi
Sənəddə qeyd edilir ki, ölkədə hələ də müstəqil məhkəmə sistemi yoxdur. Vəkillərin işinə və müstəqilliyinə müdaxilə geniş yayılıb.
Polis məhbusu həbsxanasında etiraf etməyə məcbur edir. Bir sözlə, həbsxanalarda pis rəftar geniş vüsət alıb: “Məhbuslara ailəsi, vəkili ilə görüş məhdudiyyəti qoyulur. Onlar tibbi xidmətdən məhrum edilir”.
Media, izləmə, “Pegasus” casus proqramı
Avropa Parlamentinin sənədində müstəqil medianın durumundan, jurnalistlərin izlənməsindən də danışılıb.
Bildirilir ki, Azərbaycan hakimiyyəti davamlı olaraq müstəqil medianı sıxışdırır, ifadə azadlığını məhdudlaşdırır. Hökumətin siyasi opponentləri, hüquq müdafiəçiləri və jurnalistlər nifrət nitqinin və siyasi motivli zorakılığın hədəfinə çevrilir:
“Onlar özbaşına həbs edilir. İşləri kifayət qədər araşdırılmır. 2021-ci ilin iyulunda Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanın reportajında Azərbaycan jurnalistlərinin NSO-nun “Pegasus” casus proqram aləti ilə hədəf alındığı da bildirilirdi“.
LGBTİQ+ların vəziyyəti
Sənəddə bildirilir ki, Azərbaycan LGBTİQ+ insanların müdafiəsinə yönəlmiş qanunvericilik və siyasətdə ən pis defisitə malik ölkələrdəndir:
“Azərbaycanda LGBTİQ+ insanlara qarşı nifrət nitqi və nifrət cinayəti davam edir. Baxmayaraq ki, 2022-ci ildə AŞPA Cənubi Qafqazda LGBTİQ+ insanların hüquqlarının pozulması ilə bağlı qətnamə qəbul edib. Pozuntuların aradan qaldırılması üçün qanunvericilikdə islahatların aparılması üçün hakimiyyət orqanlarına bir sıra müraciətlər edib”.
Qadınlara qarşı zorakılıq
Sənəddə deyilir ki, Azərbaycan qadınlara qarşı zorakılığın qarşısının alınması, araşdırılması və cəzalandırılması və effektiv hüquqi tədbirlərin görülməsi üçün lazımi araşdırma öhdəliyini yerinə yetirmir. Ölkədə gender əsaslı zorakılıq geniş yayılıb.
Korrupsiya
Parlament bildirir ki, Azərbaycanda korrupsiya da geniş yayılıb.
Sənəddə 2018-ci il aprelin 15-də AŞPA-nın bir sıra keçmiş deputatlarının Azərbaycanın xeyrinə korrupsiya xarakterli fəaliyyətlə məşğul olmaları xatırladılır.
Enerji bazarında Azərbaycanın yeri
Sənəddə bildirilir ki, Azərbaycan Cənubi Qafqazın qlobal enerji bazarında strateji yer tutur. Həmçinin son illər Aİ üçün strateji enerji (xüsusilə neft və qaz) təchizatçısıdır:
“Aİ-nin enerji təchizatını diversifikasiya etməsi zərurəti nəzərə alınmaqla, bu rolda getdikcə daha çox əhəmiyyət kəsb edir”.
Daha sonra qeyd edilir ki, Aİ Avropa Qonşuluq Siyasəti və Şərq Tərəfdaşlığı Təşəbbüsü vasitəsilə Azərbaycanla daha sıx iqtisadi inteqrasiyanı dəstəkləyir; Aİ Azərbaycanın əsas ticarət tərəfdaşıdır və Azərbaycanın ÜTT-yə daxil olmasını, eləcə də Azərbaycan iqtisadiyyatının şaxələndirilməsini, rəqəmsallaşdırılmasını və dekarbonizasiyasını dəstəkləyir.
Sənəddə bildirilir ki, bütün bunlara baxmayaraq, Aİ Azərbaycanda insan hüquqlarının pozulmasına, vaxtaşırı sərhəddə atışmaların olmasına, həbslərə, medianın qısıtlanmasına göz yummamalıdır.
Sanksiya çağırışı
Avropa Parlamenti qəbul etdiyi sənəddə Avropa İttifaqına Azərbaycanda insan hüquqlarını kobud şəkildə pozan rəsmilərə, xüsusilə də bu hərəkətlərə yol verən hüquq-mühafizə nümayəndələrinə hədəfli sanksiyaların qoyulmasına çağırış edilir:
“Azərbaycan senzuraya yol verməməli, hakimiyyət internet azadlığını ehtiva edən qanunlarını Avropa standartlarına uyğunlaşdırmalıdır”.
Avropa Parlamenti Azərbaycan hökumətinə vətəndaş cəmiyyəti ilə sıx dialoq qurmaq, demokratiya və insan haqlarını təmin edən islahatların keçirilməsi üçün çağırış edib.
Sənəddə Azərbaycan jurnalistlərinin, siyasi fəalların, insan haqları müdafiəçilərinin ölkə daxilində və xaricində təqib olunması, cinayət məcəlləsindən fərqli düşüncəyə görə qisas vasitəsi kimi istifadə olunması pislənir.
Hesabat Azərbaycan hökumətini insanların sərbəst toplaşma hüququnun təmin edilməsinə çağırır.
Təəssüflə bildirilib ki, Azərbaycan Milli Azlıqların Qorunmasına dair Avropa Şurasının Konvensiyasını icra etmir. Habelə Azərbaycan siyasi partiyalar və media haqqında qısıtlayıcı yeni qanunlar qəbul edir.
Azərbaycan-Ermənistan münasibəti ilə bağlı çağırış
Hesabatda Azərbaycan və Ermənistan arasında gərginliyə, Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin olunması məsələsinə də toxunulub.
Hesabatda Azərbaycanın və Ermənistanın aralarındakı münasibətlərin yaxşılaşdırılması istiqamətində atdıqları addımlar təqdir olunur, hər iki tərəfə regionda sülhün bərqərar olunması üçün imkanı əldən verməmək çağırışı edilir.
Sənəddə Azərbaycanın 2022-ci ilin sentyabrında “Ermənistanın suveren ərazisinə qarşı tammiqyaslı təcavüzü” pislənir, üçtərəfli bəyanatların, habelə Aİ-nin vasitəçiliyi ilə əldə olunmuş razılaşmaların həyata keçirilməsinə çağırış edilir.
Azərbaycan tərəf bu barədə verdiyi rəsmi açıqlamada bildirir ki, Ermənistan ərazisinə təcavüzdən söhbət gedə bilməz. Həmin açıqlamada ittihamlar rədd edilir və sərhədlərin delimitasiya olunmadığı bildirilir.
Hesabatda vurğulanır ki, bütün tərəflər həm Azərbaycanın, həm də Ermənistanın ərazi bütövlüyünə ehtiram göstərməlidir.
Sənəddə Azərbaycan hökumətinə Laçın dəhlizinin açılması, Qarabağ ermənilərinin həmin dəhliz boyunca hər iki tərəfə sərbəst hərəkətinin təmin olunması çağırışı da edilib.
Rusiyanın təhlükəli mövqeyi
Sənəddə həmçinin qeyd edilir ki, Azərbaycan və Ermənistan arasında müharibə zamanı və ondan sonrakı proseslərdə Aİ passiv mövqe tutub. Bu da Rusiya, İran və Türkiyə kimə regional oyunçuların prosesə təsir gücünü artırıb.
Nəticədə Moskva həm Ermənistan, həm də Azərbaycan üzərində təsirini saxlamaq məqsədilə ədalətsiz və ziyanlı rol oynayır. Rusiya faktiki olaraq Qarabağ münaqişəsinin həllində maraqlı deyil.
“Türkiyə regionda daha konstruktiv rol oynamaq üçün Azərbaycana birtərəfli dəstəyinə son qoymalı, həm də Ermənistanla münasibətlərin normallaşdırılmasına çalışmalıdır. Münaqişə başlanandan həm Ermənistan, həm də Azərbaycanın mədəni, dini və tarixi irsi məhv edilib, bu, ziyanlıdır”.
Azərbaycan hökuməti və rəsmilərindən bu hesabata hələlik münasibət gəlməyib.
Meydan TV