Martın 9-da Bakı Apellyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə Almaniyadan Bakıya deportasiya olunandan sonra həbsə məhkum edilən Cəfər Mirzəyevin şikayəti üzrə ilkin baxış olub. Məhkəmə baxışı martın 16-na təyin edilib.
Vəkil Nemət Kərimli Amerikanın Səsinə bildirib ki, birinci instansiya məhkəməsi cinayət işini sonadək araşdırmayıb.
“Cinayət işində kifayət qədər ziddiyətlər var. Ən başlıcası narkotikin götürülməsi ilə bağlı məhkəməyə təqdim edilən video çəkilişi tam deyil. Videonun bir hissəsi pozulub. Bu çəkiliş heç bir halda mötəbər sübut sayıla bilməz. Cinayət işinə bəraətverici əsasla xitam verilməlidir”, o qeyd edib.
Cəfər Mirzəyevin qardaşı Vüsal Mizrəyev bildirib ki, qardaşı siyasi baxışlarına görə həbs edilib.
“Qardaşım heç bir siyasi partiyanın üzvü olmasa da Almaniyada hökuməti tənqid edən aksiyalarda fəal iştirak edib. Aksiyaları facebook səhifəsində işqılansdırıb. Onun həbsinin səbəbi budur”, o qeyd edib.
Yanvarın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Cavid Hüseynovun sədrliyi ilə Almaniyadan Bakıya deportasiya olunandan az sonra saxlanılan Cəfər Mirzəyevi narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 6 il həbsə məhkum edib.
Cəfər Mirzəyev məhkəmədə istintaq dövründə ona edilən işgəncələr barəsində danışıb və həbsinin sifariş olduğunu deyib.
Cəfər Mirzəyev Almaniyadan qayıtdıqdan sonra 2021-ci ilin payızında narkotik maddə alveri ittihamı ilə həbs edilən 5 fəaldan biridir.
Amerikanın Səsi