93 nəfərin adı olan siyahıda məhbuslar 7 qrupa bölünüb
Azərbaycanda 93 siyasi məhbusun olduğu bildirilir.
Fevralın 27-də “Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyinin açıqladığı yenilənmiş siyasi məhbus siyahısından belə görünür.
Təşkilat siyasi məhbusları 7 qrupa bölüb.
1-ci qrupa – jurnalistlər və blogerlər (6 nəfər), 2-ci qrupa – müxalifət partiya və hərəkatlarının üzvləri (6 nəfər), 3-cü qrupa – Almaniyadan deportasiya olunan siyasi mühacirlər (5 nəfər), 4-cü qrupa – dindarlar (29 nəfər), 5-ci qrupa – Tərtər işi üzrə məhkum olunanlar (8 nəfər), 6-cı qrupa – Gəncə işi üzrə məhkumlar (26 nəfər), 7-ci qrupa – ömürlük azadlıqdan məhrum edilənlər (13 nəfər) daxildir.
Siyasi məhbusların yenilənmiş siyahısı hüquq müdafiəçiləri, Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və “Siyasi Məhbusların Monitorinqi Mərkəzi” İctimai Birliyinin rəhbəri Elşən Həsənov tərəfindən hazırlanıb.
“Azərbaycan Siyasi Məhbuslarına Azadlıq” Birliyi bildirib ki, siyasi məhbusların siyahısı Avropa Şurası Parlament Assambleyasının 2012-ci ilin oktyabrında qəbul etdiyi 1900 saylı siyasi məhbuslar haqqında qətnaməyə uyğun hazırlanıb.
Azərbaycan hakimiyyəti ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir və qərəzli baxış hesab edir.
Rəsmi Bakı ölkədə fundamental hüquqların tam təmin edildiyini, insanların iradəsinə və inanclarına görə təqib edilmədiyni bəyan edir.
Bununla yanaşı, Avropa Şurası Parlament Assambleyası 2021-ci ildə Azərbaycanda siyasi məhbuslarla bağlı qətnamə qəbul edib.
Bu qurumda Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi fəaliyyət göstərir.
Daha ətraflı buradan tanış ola bilərsiniz
Meydan TV