“Bəxtiyar Hacıyevin səhhəti təhlükəli olaraq qalır. Bu gecə o, huşunu itirərək çarpayıdan yıxılıb. Bir neçə saat sonra ayılanda görüb ki, otaqdakı nəzarətçi yatır. Nəzarətçini oyadıb və sonra həkim müdaxilə edib. Ona yuxu dərmanı veriblər”.
Bu barədə fevralın 23-də Penitensiar Xidmətin Müalicə müəssisəsində 46 gündür aclıq edən insan hüquqları fəalı Bəxtiyar Hacıyevlə görüşdən sonra vəkil Şəhla Hümbətova Amerikanın Səsinə deyib.
Vəkilin sözlərinə görə, Bəxtiyar Hacıyev su qəbul edəndən sonra bir az dirçəlib.
“Bununla yanaşı o dedi ki, başında uğultu yaranıb. Özünü çox pis hiss edir. Artıq 20 kiloqram arıqlayıb. Təcridxanaya qəbul ediləndə 84,5 kiloqram çəkisi olub, bu gün çəkisi 64,5 kiloqram idi. Qan təzyiqi 90/60-dır”, vəkil qeyd edib.
Bu gün Xətai rayon Məhkəməsi Hacıyevin həbs müddətinin uzadılması ilə bağlı ibtidai istintaqın vəsatətinə baxacaq.
“Bəxtiyar Hacıyev məhkəməyə getməkdən imtina ilə bağlı yazılı müraciət edib. Onu zorla aparıb-aparmayacaqları məhkəmədə aydın olacaq”, Hümbətova deyib.
Hacıyevin barəsində həbs-qətimkan tədbirinin müddəti fevralın 28-də başa çatır.
Bəxtiyar Hacıyev hazırda 46 gündür aclığı davam etdirir. O, 5 gün su qəbulundan da imtina edib. İnsan hüquqları fəalı özünün və bütün siyasi məhbusların həbsdən azad edilməsini tələb edir.
1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan fəal səhhəti kəskin pisləşdiyindən fevralın 11-də Penitensiar Xidmətinin Müalicə müəssisəsinə köçürülüb.
Öz növbəsində Penitensiar Xidmətdən vəkilin dedikləri ilə bağlı şərh almaq mümkün olmayıb.
Bəxtiyar Hacıyev ötən il dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə həbs edilib. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib.
Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu həbsdən azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini daha 1 ay uzadıb.
Vəkillərin Hacıyevin ev dustaqlığına və ya girov müqabilində məhkəmə istintaqının başlanmasınadək azadlığa buraxılması ilə bağlı çoxsaylı vəsatətlərini məhkəmələr təmin etməyib.
Amerikanın Səsi