İctimai fəal Bəxtiyar Hacıyev 42 gündür aclığı davam etdirir. O, fevralın 16-dan quru aclığa keçib.
Fevralın 19-da Bəxtiyar Hacıyevin vəkillərinə və ailə üzvlərinə onunla Penitensiar Xidmətin müalicə müəssisəsində görüşə icazə verilməyib. Yalnız Ombudsman Aparatının “qaynar xətt”inə müraciətdən sonra Hacıyevə vəkillər Elçin və Zibeyda Sadıqovlar və yaxınları ilə əlaqə yaratmağa icazə verilib.
“Bəxtiyar Hacıyevin vəziyyəti çox ağırdır. Telefonda çətinliklə danışırdı, səsi çox zəif idi, fasilələrlə danışırdı. Bəxtiyar Hacıyev dedi ki, onun otağındakı nəzarətçilər televizoru yüksək səs verirlər, onu yatmağa qoymurlar “, – Sadıqov Turan-a bildirib.
Fəal vəkildən qeyri-insani rəftarla bağlı Penitensiar Xidmətə şikayət yazmasını xahiş edib.
Eyni zamanda, Hacıyev ona psixoloji təzyiq dayandırılsa və nəzarətçilər onun otağından çıxarılarsa, su içməyə davam etməyə hazırdır.
* Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən aclığa başlayıb və bu günədək davam etdirir. Aclığın 39-cu günündə su içməkdən də imtina edib.
Turan