1 saylı Bakı İstintaq Təcridxanasında aclıq edən ictimai fəal Bəxtiyar Hacıyevin vəziyyəti pisləşməyə davam edir. Bu barədə Turan-a bazar ertəsi İstintaq Təcridxanasında fəala baş çəkən vəkil Zibeydə Sadıqova bildirib.
Onun sözlərinə görə, Hacıyev çəki itirməyə davam edir və bu gün 71 kq-dır, bir halda ki, həbsdə əvvək 84.5 kq idi.
“Mədə ağrıları güclənib. İstintaq Təcridxanasının həkimi deyib ki, belə gedərsə, onda mədə xorası yaranacaq.
Bundan başqa, başgicəllənmələri artıb, arterial təzyiqi düşməyə davam edir, bu da beyninə təsir edir və onun fəaliyyətində qarşısıalınmaz pozuntulara səbəb ola bilər”, deyə vəkil bildirib. Bir müddət əvvəl götürülən qan analizi Bəxtiyarın maqneziumu, kalsiumu və şəkərinin normadan xeyli aşağı olduğunu göstərib.
“Aclığı dayandırmaq xahişlərinə baxmayaraq, o, azadlığa çıxana qədər aclığı davam etdirmək niyyətindədir”, deyə Sadıqova bildirib.
* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Dekabrın 15-də Hacıyev azad edilməsi tələbi ilə aclığa başlayıb. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin israrlı çağırışlarından sonra o, dekabrın 28-də aclığı dayandırıb. Amma yanvarın 9-da Apellyasiya Məhkəməsi onu azad etməkdən imtina etdikdən sonra aclığı bərpa edib və bu günə qədər davam etdirir.
Yanvarın 21-də məhkəmə Hacıyevin həbs müddətini 1 ay uzadıb.
Turan