Həbsdə olan fəal Tofiq Yaqublu ilə həmrəylik əlaməti olaraq aclıq aksiyası davam edir.
Həmrəylik aksiyası iki yerdə keçirilir: Yaqublunun mənzilində, burada qadınlar aclıq edir və Müsavat Partiyasının mənzil-qərargahında.
Fəalın xanımı Maya Yaqublu evdə aclıq edir. “Bu gecə təzyiqim qalxdı, təcili yardım çağırdım. Həkimlər təzyiqi sabitləşdirməyə kömək etdilər, amma indi böyrəklərimdə kəskin ağrılar var. Bununla belə, həyat yoldaşıma dəstək olaraq aclığı davam etdirirəm. Əgər öləcəyiksə, birlikdə öləcəyik”, – Maya Yaqublu Turan-a bildirib.
O həmçinin deyib ki, yanvarın 10-da ona qoşulan Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Günel Babayeva qripə yoluxduğu üçün bu gün aksiyanı dayandırmağa məcbur olub. Daha bir partiya fəalı Gülnarə Rəhimova aclığı davam etdirir.
Yanvarın 11-də Müsavat Partiyasının qərargahında aclığa Müsavat Partiyasının üzvləri Natiq İsrailli və Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü Şirvan Soltanov qoşulub.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Təvəkkül Həsənov, İsmayıliddin Qasımov və Zəkrulla Nağıyev yanvarın 10-dan burada aclıq edirlər.
Yanvarın 9-dan Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvləri Babək Həsənov, Əlizamin Salayev, Ceyhun Novruzov, Əlizamin Kazımov, Sakit Məmmədli, Tofiq Məmmədov və Müsavat Partiyasının üzvü Əziz Məmiyev aclıq aksiyasında iştirak edirlər.
Yanvarın 8-dən Xalq Cəbhəsi Partiyasının üzvləri Seymur Əhmədsoy və Elnur Quliyev aclıq aksiyasında iştirak edirlər.
Aksiya iştirakçısı Babək Həsənov Turan-a bildirib ki, hakimiyyət Tofiq Yaqublu, Bəxtiyar Hacıyev və digər siyasi məhbusların azadlığa buraxılması barədə etirazçıların tələblərinə hələ də cavab verməyib.
Həsənovun sözlərinə görə, aksiya iştirakçılarına vətəndaş cəmiyyəti, siyasi partiyaların nümayəndələri və hüquq müdafiəçiləri baş çəkir.
Bu gün Azərbaycan Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli Müsavat Partiyasının qərargahına gələrək etirazçılara və onların tələblərinə dəstəyini ifadə edib.
* Dekabrın 23-də Demokratik Qüvvələrin Milli Şurasının və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu ictimai fəal Bəxtiyar Hacıyevin azadlığa buraxılması tələbilə Bakının mərkəzində keçirilən etiraz aksiyasında saxlanılıb. Həmin gün Səbail məhkəməsi onu xırda xuliqanlıq və polisə tabe olmamaq ittihamı ilə 30 sutka həbs edib. Yanvarın 5-də Bakı Apellyasiya Məhkəməsi bu qərarı qüvvədə saxlayıb. Yaqublu buna etiraz olaraq aclıq elan edib.
* * Dekabrın 9-da Bəxtiyar Hacıyev xuliqanlıq və məhkəməyə hörmətsizlik ittihamı ilə saxlanılıb. Həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün həbs edib.
Dekabrın 15-də Hacıyev həbsdən azad olunması tələbilə aclıq elan edib. İctimaiyyət nümayəndələrinin və ailə üzvlərinin təkidli çağırışlarından sonra dekabrın 28-də axşam aclığı dayandırıb. Lakin Apellyasiya Məhkəməsi onun həbsilə bağlı şikayətini növbəti dəfə təmin etmədikdən sonra, yanvarın 9-da Bəxtiyar Hacıyev yenidən alcığa başlayıb.
Turan