Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyev 14 günlük aclıqdan sonra reabilitasiya dövrü keçirir. Hazıdra səhhəti yaxşılaşmağa doğru gedir.
Bu barədə Turan-a vəkil Elçin Sadıqov 1 saylı Bakı İstintaq Təcridxanasında Bəxtiyar Hacıyevlə görüşdən sonra bildirib.
Vəkil Xətai rayon Məhkəməsinin Bəxtiyar Hacıyev barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatətin təmin edilməməsi barədə qərarından apellyasiya şikayəti verildiyini bildirib.
“Çox yəqin ki, apellyasiya şikayətinə gələn həftə baxılacaq. Amma sabah da baxıla bilər. Məhkəmənin dəqiq vaxtını demək mümkün deyil”, deyə o qeyd edib.
Elçin Sadıqov istintaqın Bəxtiyar Hacıyevin ailəsi ilə görüşə və telefon danışıqlarına icazə verilməməsi barədə qərarından Xətai rayon Məhkəməsinə şikayət verildiyini bildirib.
Şikayətə yanvarın 10-da baxılacaq.
Vəkil təcridxanada ictimai fəala qarşı hər hansı qeyri-insani rəftarın, fiziki və mənəvi işgəncə halının olmadığını bildirib.
* Bəxtiyar Hacıyev dekabrın 9-da xuliqanlıq və məhkəməyə qarşı hörmətsizlik ittihamı ilə saxlanılıb. Elə həmin gün Xətai Rayon Məhkəməsi onu 1 ay 20 gün müddətinə həbs edib. Dekabrın 15-də Hacıyev həbsdən azad edilməsi tələbi ilə müddətsiz aclıq elan edib. İctimaiyyət nümayəndələrinin israrlı çağırışlarından və ailə üzvlərinin xahişlərindən sonra dekabrın 28-də axşam Hacıyev aclığı dayandırıb.
Turan