Cümə axşamı Bakının Nizami rayon məhkəməsi müxalifətçi Samir Aşurovu 4 aylıq istintaq müddətinə həbs edib.
Almaniyadan readmissiya olunandan sonra saxlanılan Samir Aşurov aprelin 19-dan həbsinə etiraz olaraq aclıq aksiyasına başlayıb.
Bu barədə bu gün, aprelin 21-də Aşurovla görüşdən sonra vəkil Elçin Sadıqov bildirib.
“Samir Aşurov bildirdi ki, aprelin 19-da xarici pasport alıb, ölkəni tərk etmək istəyirmiş. Bu səbəbdən məhz aprelin 19-da ona qarşı təxribat qurulub. Qeyd etdi ki, evinə çatan vaxt, Neftçilər metrosu yaxınlığında bir nəfər qışqıra-qışqıra ona tərəf gəlib və onu yerə yıxıb. Samir onun əlindən çıxıb qaça-qaça “polis”, “polis” deyə qışqırıb. Həmin vaxt polis dərhal Samiri tutub. Sonra gödəkcəsinin sağ cibinə bıçaq qoyublar. O, bıçağı cibindən çıxarıb tullayıb. Bu zaman bıçağı gətirib onun sol cibinə qoyublar. Bundan sonra onu Nizami rayon Polis İdarəsinin 24-cü Polis Bölməsinə aparıblar. 24-cü Polis Bölməsində onu döyüblər. Sonradan Nizami rayon Polis İdarəsinə gətiriblər. Əlini cibinə qoyduğuna görə orada da döyüblər. Mən onunla görüşəndə sinəsində və gicgah nahiyəsində qançır izləri var idi”, deyə vəkil bildirib.
Bununla yanaşı, vəkil bildirib ki, Aşurova qarşı Cinayət Məcəlləsinin 126.2.4 maddəsi ilə (Qəsdən sağlamlığa ümumi təhlükəli üsulla ağır zərər vurma) cinayət işi qaldırılıb. İttiham sübut olunsa, Cinayət Məcəlləsinin 126-cı maddəsinin sanksiyasına görə Samir Aşurovu 6 ildən 11 ilədək həbs gözləyir.
Aşurov ittihamı qəbul etmir və həbsinə etiraz olaraq aprelin 19-dan aclıq aksiyası keçirir, deyə vəkil qeyd edib. Bu gün Aşurov həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə çıxarılmalıdır.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi Mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev Turana bildirib ki, iddialar anlaşılandır və müdafiə xarakteti daşıyır. “Cinayət əməlində təqsirləndirilən həmin şəxsin təzyiqə məruz qalması ilə bağlı iddiaların heç bir əsası yoxdur və tam əsassızdır. Münaqişə vaxtı tərəflər arasında dartışma olub və bu onun izləridir. Polis orqanında Samir Aşurov heç bir halda təzyiqə məruz qala bilməz”.
Aşurov martın 29-da Almaniyadan deportasiya edilib və ölkəyə gəldikdən sonra həbs təhdidləri aldığını bildirib.
Turan