İctimai fəalın “Kontakt Home”a qarşı iddiası təmin edilib

tərəfindən Gozetci

Məhkəmə Emin Xəlilovun işə bərpa olunması barədə qərar çıxarıb

Fevralın 17-də Yasamal Rayon Məhkəməsi ictimai fəal Emin Xəlilovun “Kontakt Home”a (elektron və məişət texnikası mağazalar şəbəkəsi) qarşı şikayətini təmin edib.

Hakim Günay Axundovanın sədirliyi ilə keçən prosesdə Emin Xəlilovun işə bərpa olunması və  6 aylıq əməkhaqqısının ödənilməsi haqda qərar çıxarılıb.

Məlumatı Meydan TV-yə Emil Xəlilovun vəkili Zibeydə Sadıqova verib.

Vəkilin sözlərinə görə, Emin Xəlilov məcburi şəkildə işdən çıxarılıb:

“İnsan Resursları Departamentinin rəisi Firəngiz xanım ona deyib ki, polis səndən şikayət edib, ona görə özün ərizə yaz, işdən çıx. Əks təqdirdə, səni maddəylə işdən azad edərik. Emin Xəlilov hansı maddədən söhbət getdiyini anlamayıb. Elə bilib ki, aksiyada iştirak etdiyi üçün ona cinayət işi açacaqlar. Həyəcanlı olduğundan nəyə imza atdığını bilməyib”.

Vəkil deyir ki, aksiya avqustun 6-da (qeyri-iş günü) olsa da, Xəlilov ayın 9-da işdən azad edilib:

“Emin Xəlilov elə avqustun 9-da teleqram vuraraq ərizəsinin əsassız olduğunu bildirib. Amma işə getsə də, onu buraxmayıblar. Biz yaranmış durumu danışıqlar yoluyla həll etmək istədik. Çünki Emin Xəlilovun yeganə qazanc yeri olduğu üçün işinə qayıtmaq istəyirdi. Məhkəmədə də “Kontakt Home”un sənədi doğru tərtib etmədiyini və qərəzli olduğunu dedik. Bütün bunlara rəğmən “Kontakt Home”un nümayəndəsi onu işə götürmək istəmədiklərini dedi. Bildirdi ki, ərizə yazıb, işə götürülə bilməz. Amma məhkəmə ictimai fəalın işə bərpa olunması və 6 aylıq əməkhaqqının ödənilməsi barədə qərar çıxartdı”.

Emin Xəlilov 2021-ci ilin avqustun 6-da Xəzər Rayon Polis İdarəsinin binası qarşısında etiraz aksiyasında iştirak etdiyinə görə “Kontakt Home” şirkətində işdən çıxarılmışdı.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az