Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) Azərbaycanda insan hüquqlarının durumuna dair alternativ və açıq mənbələrdən toplanmış məlumatlar əsasında mülki, siyasi və sosial hüquqların pozulması hallarına dair hesabat hazırlayıb.
Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi sahəsində əvvəlki illərdə qeydə alınan problemlər 2021-ci ildə də müşahidə olunub və ölkədə bu halların sistemli səciyyə daşıması müəyyən edilib.
SMDT bu il boyunca 580 fakt əsasında 676 hüquq pozuntusu qeydə alıb. Bu pozuntular arasında sosial təminat hüququ, ədalətli mühakimə və məhkəmə araşdırması hüququ, sərbəst toplaşmaq azadlığı, tibbi yardım hüququ, ifadə azadlığı, adekvat yaşayış standartı kimi hüquqların pozulması üstünlük təşkil edib. Ümumiyyətlə, qeydə alınmış 676 hüquq pozuntusundan 310 hal mülki və siyasi hüquqlar, 366 hal isə sosial-iqtisadi hüquqlar kateqoriyasına daxil olub.
Müstəqil media və ifadə azadlığı il ərzində davamı olaraq təzyiq altında olub. Müstəqil media orqanları və peşəkar jurnalistlər peşə fəaliyyətlərinə görə veb-saytlarına giriş müdaxilələri, sosial media hesablarının ələ keçirilməsi kimi pozuntularla qarşılaşıblar. İlin sonunda qəbul edilən “Media haqqında” yeni qanun müstəqil media orqanları və jurnalistlərin fəaliyyətini məhdudlaşdırma cəhdi kimi qiymətləndirilib.
Hesabatla ətraflı buradan tanış ola bilərsiz.