Muğanlı kəndinə kənar maşınlar getmir, təcili yardım vaxtında yetişə bilmir
“Kəndin içindən magistral yola aparan vur-tut 4 kilometrlik yol ömrümüzü göy əskiyə büküb. Maşın bir dəfə o yola çıxdısa, təmirə getməlidir. Yağış yağdısa, kəndə kənar maşın gəlməz, təcili yardım xəstə keçinəndən sonra gəlib çıxar… Hökumətin əlində bu qısa yolu təmir etmək su içimi kimi şeydir, buna görə niyə bu qədər əhaliyə zülm olunur, anlamırıq”.
Bunu Meydan TV-yə Kürdəmirin Muğanlı kənd sakinləri deyir. Onlar kəndlə magistral yolu birləşdirən yolun əsaslı təmir olunmasını tələb edirlər.
Arada özləri yola çınqıl tökürlər
Kənddən magistral yola çıxan yol 1960-cı illərdə təmir olunub. Sonrakı illərdə yol hər dəfə bərbad vəziyyətə düşdükcə, aidiyyəti qurumlardan hərəkət görməyən kəndlilər özləri yolları ara-sıra çınqıllayıblar. Ancaq kəndlilər deyir, artıq bu işləri özləri görməkdən cana doyublar. Kənd sakinləri Meydan TV-yə yazırlar:
“Bu yol rayon mərkəzinə getmək istəyən muğanlıların əsas yolu hesab olunur. Ancaq çox vaxt toz-torpağa batmamaq, yağışlı havada isə su ilə dolu xəndəklərə düşməmək üçün biz muğanlılar necə deyərlər, “qıçımızı sındırıb” kənddə oturmalı oluruq”.
“Kənddə problem çoxdur”
İllərdir ki, kənd sakinləri yolun təmiri üçün dövlət qurumlarına yazır, yerli icra hakimiyyətinə gedir, ancaq nəticə yoxdur:
“Bir yaxınını evinə qonaq dəvət edə bilmirsən, adam utanır desin ki, o yoldan keç, evimə gəl… Təcili yardım biləndə ki, çağırış Muğanlıdandır, ağız büzür. Bir kəndin yolu bərbaddırsa, o kənddə nə təsərrüfat inkişaf edər, nə təhsil, nə də başqa sahələr… Bunlar hamısı bir-birinə bağlı şeylərdir. Hökumətdən istədiyimiz odur ki, əsas yoldan kəndimizə gələn 4 kilometrlik yolu təmir etsinlər. Kənddə problem çoxdur, ancaq hələlik yolu düzəltsinlər”.
Qurum: “Yol təmir olunacaq”
Kürdəmir Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, yolun qeyd olunan hissəsiylə bağlı sakinlərin dediklərində həqiqət var. Bu yaxınlarda icra hakimiyyətinə gələn sakinlərin nəzərinə çatdırılıb ki, növbəti ilin ilk aylarında həmin yola asfalt örtüyü döşənəcək.
İki ay əvvəl Muğanlı sakinləri Meydan TV-yə nar bağlarının susuzluqdan yanmasından şikayətlənmişdilər.
Meydan TV