Avropa İnsan Haqları Məhkəməsi (AİHM) dekabrın 2-də Azərbaycanla bağlı növbəti qərarını elan edəcək.
Seçkilərin Monitorinq Mərkəzi və başqaları Azərbaycana qarşı
Bu məhkəmə işi QHT-lərin qeydiyyatı ilə bağlıdır. Ərizəçi təşkilat və onun təsisçiləri Anar Məmmədli, Bəşir Süleymanlı mərkəzin dövlət qeydiyyatının ləğv edilməsinin qanunsuzluğundan şikayət ediblər.
SMM-in təsisçiləri mərkəzin dövlət qeydiyyatına alınması üçün 2006-08-ci illərdə Ədliyyə Nazirliyinə 6 dəfə müraciət edib. Nazirlik, sənədlərin qanunvericiliyə uyğun tərtib edilmədiyi əsası ilə qeydiyyatdan imtina edib. 2008-ci ilin fevralında SMM dövlət qeydiyyatına alınıb. Ancaq aprel ayında nazirlik Mərkəzin qeydiyyatının ləğv edilməsi tələbi ilıə Xətai Rayon Məhkəməsində iddia qaldırıb. İddia edib ki, Mərkəz rəsmi ünvanın, təsisçilər siyahısındakı dəyişikliklərin, nümayəndəliklərinin açılması barədə məlumatları təqdim etməyib. May ayında məhkəmə SMM-in qeydiyyatını ləğv edib. Yuxarı məhkəmələr həmin qərarı qanuni sayıb.
Ərizəçilər Konvensiyanın 11-ci (toplaşmaq və birləşmək azadlığı) maddəsinə söykənərək, birliyin vaxtında qeydiyyata alınmamasından, qeydiyyatın ləğv edilməsindən şikayət ediblər. Ərizəçilər həmçinin, fərdi şikayət hüquqularının pozulduğunu da iddia edirlər. Bu iddia, SMM-in qanuni təmsilçisi İntiqam Əliyevin ofisində axtarışın aparılması və gərəkli sənədlərin götürülməsi ilə bağlıdır.
aihmaz.org