2015-ci ilin noyabrında Nardaran hadisələri zamanı 18 yaşında olarkən həbs edilən Cahad Babakişizadənin aclıq etdiyi bildirilir. Bu barədə, AzadlıqRadiosuna onun ailə üzvləri məlumat verib.
Yaxınlarının sözlərinə görə, Babakişizadə saxlandığı 12 saylı Cəzaçəkmə Müəssisəsində ona qarşı pis rəftara etiraz olaraq oktyabrın 24-dən aclıq edir.
“Qollarını qandallayıb…”
Babakişizadə üç il öncə 12 saylı Cəzaçəkmə Müəssisəsinin rəisinin təqdimatı əsasında, Qaradağ rayon Məhkəməsinin qərarıyla Qobustan həbsxanasına köçürülmüşdü. Məhkəmə onun cəza rejimini dəyişərək 3 il həbsxana rejimində saxlanmasına qərar vermişdi. Həmin müddət başa çatıb və o, oktyabrın 20-də Qobustandan əvvəl saxlandığı müəssisəyə qaytarılıb.
Ailə üzvləri deyir ki, Cahad qayıdan kimi, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin qərəzli münasibəti ilə qarşılaşıb. Onun atası və anası hələ əvvəldən Penitensiar Xidmətə məktub yazıblar ki, həbsxana rejimində cəzası başa çatanda Cahad ora yox, başqa müəssisəyə köçürülsün:
“Bu, qanunda da var ki, məhkumun yaxınlarının onun yanına gedib-gələ bilməsi üçün o, uyğun müəssisəyə köçürülə bilər. Amma eləmədilər. Cahad qayıdan kimi qollarını qandallayıb, o vəziyyətdə yuxarı qaldırıb başıaşağı əyiblər, ona başqa əziyyətlər veriblər. Daha sonra “kars”a salıblar”.
“Əgər evə zəng eləyə bilməsəm…”
Yaxınlarının sözlərinə görə, bir neçə gün öncə 12 saylı Cəzaçəkmə Müəssisəsinə gedən qardaşı da onun üzərindəki xəsarətləri özü görüb. Ailə Babakişizadənin durumundan narahatdır, bir neçə gündür ondan xəbər tuta bilmirlər.
“Qardaşı müəssisə rəhbərliyinə deyib ki, həyatdır, adam döyər də, döyülər də. Amma kişi əlləri qandallı adamı nə döyməz, nə də döyülməsinə göstəriş verməz. Cahad qardaşına deyib ki, əgər evə zəng eləyə bilməsəm, bilin ki, vəziyyətim ağırdır. Biz məcbur olub müəssisəyə zəng elədik, dedilər ki, guya yeni köçürüldüyünə görə karantindədir”, – ailə üzvlərinin sözləridir.
Amma ailə onun cəza kamerasından çıxarılmasına, həqiqətən karantində olduğuna əmin deyil.
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, göstərilən hallarla bağlı Penitensiar Xidmətə rəsmi qaydada müraciət etsələr, məsələ araşdırılar:
“Əgər həmin məhkuma qarşı hər hansı pozuntuya yol verildiyini düşünürlərsə, Penitensiar Xidmətin baş idarəsinə müraciət eləsinlər. Bütün müraciətlər hərtərəfli araşdırılır”.
Xatırlatma
24-yaşlı Cahad Babakişizadə ilahiyyatçı Taleh Bağırov və digərləri ilə birlikdə həbs olunub. O, Nardaranda polisin 2015-ci il noyabrın 26-da əməliyyat keçirdiyi evin qonşuluğunda yaşayır.
Babakişizadə məhkəmədə bildirib ki, əməliyyat keçiriləndə evdə olub. Küçədən səs-küy gəldiyini eşidib və nə baş verdiyini öyrənmək üçün o tərəfə gedib. Hasara çıxıb baxanda isə polislərin atdığı güllələrdən biri ona dəyib. Həmin vaxt polislər Taleh Bağırov və digərləri ilə birlikdə onu da tutub aparıblar. Terrorçuluq, qanunsuz silah saxlama, dövlət çevrilişinə cəhd və s. ittihamlarla 14 il 6 ay azadlıqdan məhrum edilib. Lakin o, özünü təqsirli bilmir, bu ittihamların hamısının yalan olduğunu deyir.
Babakişizadə, eləcə Nardaran əməliyyatında həbs olunan digər şəxslər həm saxlanılarkən, həm də ondan sonrakı günlərdə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə işgəncə iddialarını rədd edir.
AzadlıqRadiosu