“İki şirkətin arasıdakı hərc-mərclik üzündən 3 ildir ki, evsiz-eşiksiz qalmışıq”

tərəfindən Gozetci

“Konstra” MTK-dan mənzil alanlar aldadıldıqlarını deyirlər

3 il əvvəl “Konstra” MTK-nın Bakı şəhəri, Nərimanov rayonu, Möhsün Sənani küçəsi, 13/15 saylı ünvanda tikilməkdə olan çoxmərtəbəli yaşayış binasından nağd və kredit yoluyla mənzil almış vətəndaşlar Meydan TV-yə şikayət edib. Onların sözlərinə görə, 150-dən çox vətəndaş bu şirkətlə “Orxan TİT” MMC arasında yaranmış narazılığa görə mənzillərinə köçə bilmirlər. “Orxan TİT” MMC binanın sifarişçisi olub.

“Təqsiri bir-birlərinin üzərinə atırlar”

Məsələn, binadan mənzil almış Asif Məmmədov deyir, 3 il əvvəl mənzilə görə 67 min manat ödəyib. Sonradan xəbər tutub ki, torpağın sahibiylə podratçı “Konstra” MTK arasında mübahisə yarandığına görə tikinti dayandırılıb:

“Torpaq sahibi “Orxan TİT” şirkətidir. Həmin şirkətdən bizə dedilər ki, “Konstra”nın mənzil satmaq hüququ olmayıb, o şirkət yalnız binanı tikib sifarişçi kimi bizə təhvil verməliydi, mənzilləri satmaq hüququ bizdədir. Bu məsələni “Konstra” şirkətiylə danışanda isə onlar da təqsiri “Orxan TİT” MMC-nin üzərinə atırlar, deyirlər, həmin şirkət bizə gördüyümüz işin xərcini ödəmədiyi üçün mənzilləri satışa çıxarmışıq. Bir sözlə, ortada zərər ev alana dəyib. Artıq kirayəhaqqı da ödəyə bilmirik”.

“Konstra MMC”-nin faktiki sahibi Hesablama Palatasının şöbə müdiri Bəhram Abbasov olsa da, rəsmi təsisçisi oğlu Bəsrət Abbaslıdır. O, bu yaxınlarda yerli mediaya bildirib ki, təsisçisi olduğu şirkət binanın tikintisində podratçı olaraq fəaliyyət göstərib. Sifarişçi “Orxan TİT” MMC ilə bağlanmış müqaviləyə görə, mənzillərin satışı tərəflər arasında bölüşdürülmə prinsipi ilə razılaşdırılıb. Ancaq bildirilir ki, “Konstra”da yaranmış şirkətdaxili problemlərdən istifadə edən satış üzrə menecer ondan xəbərsiz möhürü ələ keçirərək limitdən artıq mənzil satıb.

Faktla bağlı cinayət işinin istintaqı davam etsə də…

Ötən il Baş Prokurorluq bu məsələ ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunur ki, “Konstra” Mənzil Tikinti Kooperativinin təsisçilərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olandan sonra araşdırma başlanıb. Nəticədə “Orxan TİT” MMC-nin (hazırda “Şəhər İncisi Yaşayış Kompleksi”) sifarişçisi olduğu həmin binadakı mənzillərin “Konstra” MTK-nın təsisçiləri tərəfindən satış hüquqları olmadığı halda satışa çıxarılmasına, satışdan əldə olunan pullarınsa dələduzluq yoluyla ələ keçirilməsinə əsaslı şübhələr müəyyən edilib.

Maliyyə arayışı

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.

“169 ailə küçədə qalmalı deyil ki…”

Mənzil almış vətəndaşlarsa deyir, 2 ildən çoxdur ki, qeyd olunan idarə tərəfindən cinayət işinin başlanmasının onlara hər hansı faydası dəyməyib. Qaməddin Teymurov:

“Evlərin pulunu ödəyib oturub gözləyirik ki, nə vaxt bina hazır olacaq, evlərimizə köçəcəyik, “Orxan TİT” ortaya çıxıb deyir ki, pul ödədiyiniz “Konstra” MTK sizə evləri qanunsuz satıb. Halbuki, biz elə əvvəldən ortalıqda “Konstra” MTK-nın işçilərini görmüşük, ərazidə “Orxan TİT” nümayəndəsi də olmalıydı ki, vətəndaşlar mənzillərlə maraqlanmağa gələndə onları həmin nümayəndələr qarşılayardı, biz də mənzili kim satır, pulu kimə verməliyik, müqaviləni kiminlə bağlamalıyıq, bilərdik. 2 ildir deyirlər, cinayət işi başlanılıb, araşdırılır. 169 ailənin mənzilini tikib versinlər, sonra kimi cəzalandıracaqlarsa, cəzalandırsınlar, küçədə qalmalı deyilik ki…”

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az