Həbsdə olan AXCP fəalı ona tibbi yardım göstərilmədiyini deyir

tərəfindən Gozetci

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin həbsdə olan fəalı Zamin Salayev səhhətində ciddi problemlər olduğu halda, ona tibbi yardım göstərilməməsindən gileylənib. Bu barədə AzadlıqRadiosuna onun oğlu Oqtay Salayev məlumat verərək bildirib ki, hazırda 17 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan atası bir neçə gündür ki, yüksək hərarət, öskürək və s. problemlərdən əziyyət çəkir. Onun sözlərinə görə, atası bir neçə gündür bu vəziyyətdə olsa da, nə cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsinə köçürülür, nə də zəruri dərmanlar verilir.

“Dava-dərman verən yoxdur”

“Bu gün (aprelin 1-də) evlə danışanda dedi ki, 3-4 gündür bu vəziyyətdəyəm, dava-dərman verən, müalicə eləyən yoxdur. Müraciət də eləyib, əhəmiyyət verilməyib. Mən özüm atamla danışandan sonra Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinə zəng elədim, oradan mənə həmin müəssisəyə baxan həkimlə əlaqə şəraiti yaratdılar. Həkim dedi ki, maraqlanıb məlumat verəcək”, – O.Salayev belə deyir.

Onun sözlərinə görə, atası 2020-ci ilin martında həbs olunanda da səhhətində problemlər vardı. O, həmin gün gəzə bilmirdi, məhkəməyə əlil arabası vasitəsilə getmişdi: “Salyan rayon Məhkəməsindən Bakı İstintaq Təcridxanasına da o vəziyyətdə köçürülmüşdü. Həbsindən az əvvəl də əməliyyat olunmuşdu. İndi də qaraciyər xəstəliyindən əziyyət çəkir”.

Rəsmilər nə deyir

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, cəzaçəkmə müəssisəsindəki məhkumlar arasında heç bir ayrıseçkilik qoyulmadan onların qanunla nəzərdə tutulan hüquqları təmin olunur: “Məhkumların sağlam olması, onlar arasında xəstəliyin yayılmaması, Penitensiar Xidmət olaraq, bizim də marağımızdadır. Penitensiar müəssisələrdə saxlanılan şəxslərin müayinə və müalicəsi Penitensiar Xidmətin yox, Tibb Baş İdarəsinin səlahiyyətində olan məsələdir. Tibb Baş İdarəsinin əməkdaşları da məhkumların sağlamlığı, səhhətində problem varsa, aradan qaldırılması üçün lazımi tədbirləri görürlər”.

Ədliyyə Nazirliyi Tibb Baş İdarəsinin rəis müavini İftixar Qurbanov AzadlıqRadiosuna bildirib ki, bütün məhkumlar üçün tibb xidməti əlçatandır: “Müayinə və müalicəyə ehtiyacı olan hər bir məhkum tibbi xidmətdən yararlana bilir. Lazım olanda hətta qanunvericiliyə uyğun şəkildə kənardan mütəxəssis dəvət olunmasına da şərait yaradılır. Səhərdən axşama qədər də tibb xidmətinin işçiləri müəssisədə olur, ehtiyac yaranan kimi yardım göstərilir. Mən özüm də araşdıracağam ki, niyə belə şikayətlənib”.

Azadlıq Radiosu

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az