Müsavatçıların iclas keçirdiyi ofisə polis basqını – saxlanılanlar var

tərəfindən Gozetci

Bazar günü axşam saatlarında Suraxanı rayon polis idarəsinin bir qrup əməkdaşı Müsavatın Suraxanı rayon təşkilatının iclas keçirdiyi ofisə basqın edib. Bu haqda “Basta”ya  Müsavat Partiyası Suraxanı rayon təşkilatının sədri Arzulla Buludlu məlumat verib.

“Polislər Zeytun kənd özəyinin fəal üzvü Nizaməli Süleymanov, Akif Süleymanov və daha 3 nəfəri (adları dəqiqləşdirilir) həbs edərək 30-cu bölməyə aparıblar. Tanışlıq əlaqələri ilə öyrəndik ki, müsavatçıların həbsinin səbəbi partiya ilə əlaqədardır, yəni siyasi fəaliyyətlərinə görədir. Deyilənə görə onlara 15, yaxud  30 sutka həbs cəzası veriləcək. Suraxanı Rayon Polis İdarəsinin rəisindən bu özbaşınalığa son qoyulmağı və qeyri-qanuni həbs olunanları azad edilməsini tələb edirik” – deyə, Arzulla Buludlu bildirib.

Təşkilat sədri xatırladıb ki, iki gün öncə polisdən ona da zəng edərək ev ünvanını soruşublar. Arzulla Buludlu baş verənləri Suraxanı rayonuna təyin olunan yeni polis rəisinin “özünü göstərmək” istəyi ilə əlaqələndirib.

30-cu polis bölməsinin rəisi “Basta”nın  saxlanılanlarla bağlı sualını cavablandırmaq istəməyib: “Xahiş edirəm nazirliyin mətbuat xidməti ilə əlaqə saxlayın”.

DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi  Elşad Hacıyev saxlanılanların yaxın zamanda sərbəst buraxılacaqlarını bildirib: “Onların şəxsiyyətləri ilə bağlı araşdırmadan sonra sərbəst buraxılacaqlar”.

basta2.com

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az