Ucar sakini: Problemlərin əlindən özümü öldürməyimə az qalıb

tərəfindən Gozetci

Ata deyir ki, əlil övladına verilmiş arabanı Bakıdan gətizdirməyə imkanı yoxdur

“Bir ailənin nə qədər problemi olar? Bir-iki deyil. Həyatımız, yaşayışımız bərbaddır. Oğlum xəstədir, deyirlər ki, “iflicdir, müalicəsi yoxdur.” Özüm Birinci Qarabağ Müharibəsi iştirakçısıyam, veteran kimi qeydiyyata alıb, pensiya vermirlər, evimiz isə başımıza uçur. Hara müraciət edirik, kömək edən, baxan yoxdur”.

Ucar sakini Əliyar Mustafayev belə deyir. Şikayətçinin ordudan tərxis olunması, yaralanması ilə bağlı sənədləri var:

“Həmin sənədlər mənim hansı dövrlərdə harada xidmət etdiyimi göstərir. Ancaq dəfələrlə müraciət etməyimə baxmayaraq, mənə müharibə iştirakçısı kimi pensiya vermirlər”.

Əliyar Mustafayevi narahat edən bir məsələ də oğlunun xəstəliyidir. 3-cü sinfə qədər məktəbə gedib, səhhəti normal olan uşağın zamanla əlləri, ayaqları tutulub və o, yataq xəstəsinə çevrilib. Ata deyir, Ucarın, Bakının bütün xəstəxanalarını gəzdirib, ancaq dərdinə çarə tapan olmayıb. Sonda İrana da üz tutub. Ordakı həkimlər də baxandan sonra “iflicdir, çox gecikib” – deyərək evə yollayıblar:

“Dünənəcən 2-ci qrup əlil kimi qeydiyyatda idi. Faktiki ayağa dura, heç otura da bilmir. Min dəfə get-gəl, yalvar-yaxar, dava-dalaşdan sonra 2 aydır ki, 1-ci qrup əlil kimi qeydiyyata alınıb. Anasına da baxdığı üçün əlavə 50 manat verirlər. Tez-tez xəstələnir, pensiyasını elə özünə xərcləyirik. Çətindir, normal müalicə etdirə bilmirik. Buna imkanımız çatmır. Nəticədə uşaq get-gedə daha da pisləşir”.

Mustafayevlər ailəsinin evi də qəzalıdır. Deyirlər ki, qəzalı olması ilə yanaşı, həm də kiçikdir.

“Mətbəxi, hamamı olmayan birotaqlı evdir. 4 nəfərlik ailənin bir otaqda yaşaması çox çətindir. Əvvəl 5 nəfər idik, böyük qızım ailə qurub başqa rayona köçdü. Pulsuzluqdan ona da gedib dəyə bilmirik, bu da başqa dərddir. İkincisi, xəstə uşaqla bir otaqda yaşamaq isə zülmdür. Onun ayrıca otağı olsa, özü də, biz də çox rahat olarıq, amma yoxdur. Məktəbli qızım bilmir dərslərini harda oxusun ki, qardaşına mane olmasın”, – Əliyar Mustafayev deyir.

Onun sözlərinə görə, qışda vəziyyətləri daha olur. Çünki evlərinin tavanı dəlmə-deşikdir. Nəticədə yağışlı havada evin içinə su damır:

“Bir sözlə, şərait yoxdur, çətindir. Bizə görə yox, heç olmasa o xəstə uşağa görə kömək etsinlər. Dəmir yolunda çalışıram. İnanın, aldığım maaşla ayı sona yetirə bilmirik. Evi təmir etmək, uşağa şərait qurmağa imkanım yoxdur. Araba lazımdır uşağa. Məktub yazmışıq, deyirlər, “ayrılıb, gəlin götürün”. Özləri göndərmir. Gedib Bakıdan o arabanı götürməyə imkanım yoxdur. Bunu niyə deyirəm? İzah etməyə çalışıram ki, uşaq yerdə uzanır bütün günü, ağırdır, qaldıra da bilmirik, ayrılan arabanı gedib götürməyə pulum yoxdur mənim”.

Əliyar Mustafayev hər şeydən bezdiyini söyləyir. Deyir, problemlərin əlindən özünü öldürməyə az qalıb:

“Süründürməçilik, çətinlik, kasıblıq məni yaman bezdirib. Necə hər dəfə maşına 100 manat verib, uşağı Bakıya həkimə aparım? Son vaxtlar heç apara da bilmirəm. Ucarın həkimləri isə dərdindən anlamır. Qalıb müalicəsiz. Bir sözlə, yaşamaq üçün vuruşuruq. Başqa cür mümkün deyil və artıq bezmişəm”.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ucar Rayon Şöbəsinin əməkdaşı Araz Məmmədov Meydan TV-yə bildirib ki, vətəndaş veteranlıq almaq üçün onlara müraciət etməlidir:

“Müraciət əsasında biz onun sənədlərini arxivdən tapmalıyıq. Özündə sənədlər varsa, deməli, arxivdə də olmalıdır. Əvvəlcə əlindəki sənədlərə baxaq, ona istiqamət verək ki, necə hərəkət etsin. Ona uyğun problemini həll edə bilərik”.

Ailənin evinin qəzalı olmasına gəlincə, Ucar Rayon İcra Hakimiyyətinin ümumi şöbəsindən bildirilib ki, dövlət vətəndaşlara şəxsi evlər tikmək üçün pul ayırmır:

“Özümüzün də o qədər vəsaitimiz olmur ki, vətəndaşın qəzalı evini yenidən tikək, yaxud təmir edək“.

Meydan TV

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az