Hüquq müdafiəçisinin oğlu: “Dərmanlar çatdırılmasa, kritik duruma düşə bilər”
Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 1 il 3 aydır ki, koma vəziyyətində olmasında həkimlərin məsuliyyətinin müəyyənləşdirilməsilə bağlı cinayət işinə xitam verilib. Nəsimi Rayon Prokurorluğu belə nəticəyə gəlib ki, “Baku City Hospital”ın həkimlərinin əməllərində cinayət tərkibi yoxdur. Ancaq cinayət işinə xitam verilməsi haqda qərar Oqtay Gülalıyevin ailəsinə və ya vəkilinə təqdim edilməyib. Ailə bu məsələdən yanvarın 21-də Baş Prokurorluqda qəbulda olarkən xəbər tutub.
Hüquq müdafiəçisinin həyat yoldaşı Firuzə Gülalıyeva bir müddət öncə Baş prokuror Kamran Əliyevə müraciət edərək, həkimlərlə bağlı cinayət işinin istintaqının yubanmasından, işin məhkəməyə göndərilməməsindən narazılığını ifadə etmişdi. Füruzə Gülalıyeva Baş prokurorun bu işin sürətləndirilməsi üçün göstəriş verməsini istəmişdi.
Oqtay Gülalıyevin avtomobillə vurulmasıyla əlaqədar sürücü Kənan Abdullayev haqqında cinayət işi məhkəməyə göndərilərkən həkimlərlə bağlı cinayət işi ayrılmışdı. Hüquq müdafiəçisinin həyat yoldaşı hesab edir ki, “Baku City Hospital”da cərrahiyyə əməliyyatı gecikdirildiyinə görə Oqtay Gülalıyevin vəziyyəti ağırlaşıb.
Hüquq müdafiəçisinin ailəsindən bildirilib ki, həmin müraciət əsasında yanvarın 21-də Baş Prokurorluqda qəbulda olublar. Görüş zamanı onlara deyilib ki, Nəsimi rayon prokurorluğunda həkimlərlə bağlı cinayət işi üzrə üç dəfə ekspertiza təyib edilib. Hər üçündə də ekspert həkimlərin baş verənlərdə təqsiri olmaması haqda rəy verib. Prokurorluq da ekspert rəyini əsas götürərək, cinayət işinə xitam verilməsi haqda qərar çıxarıb.
O da məlum olub ki, Baş prokurorun birinci müavini Elçin Məmmədov sözügedən xitam qərarını ləğv edib, cinayət işi təkrar araşdırma aparılması üçün Nəsimi Rayon Prokurorluğuna göndərilib.
2019-cu il oktyabrın 29-da avtomobillə vurulduqdan sonra bir ilə yaxın Türkiyədə xəstəxanada müalicə olunan Oqtay Gülalıyev 2020-ci il noyabrın 8-də Bakıya gətirilib. Hüquq müdafiəçisinin oğlu Təbriz Gülalıyev bildirib ki, atasının müalicəsi ev şəraitində davam edir: “Türkiyədən gələrkən gətirilən dərmanlar və digər ləvazimatlar artıq xeyli müddətdir bitib. Atamla bağlı lazımi addımların atılması üçün Heydər Əliyev Fondundan Səhiyyə Nazirliyinə tapşırıq verilib. Buna baxmayaraq, nazirlikdən və TƏBİB-dən dərmanlarla bağlı indiyədək heç bir yardım edilməyib. TƏBİB-in etdiyi yeganə dəstək tibb bacılarının səhər saat 9-dan axşam saat 6-ya qədər göndərilməsidir. Müraciət edib, başqa vaxtlar üçün tibb bacılarına ehtiyac olduğunu bildirmişdim. Cavab verilmədi…”
Təbriz Gülalıyevin sözlərinə görə, dərmanlar hüquq müdafiəçisi üçün həyati əhəmiyyət kəsb edir. Əgər verilməsə, kritik durum yarana bilər. Təbriz Gülalıyev deyir ki, təkcə bir aylıq dərmanların xərci 8000 manatdan çoxdur: “Üçüncü aydır ki, ödənişi dostların köməyilə özümüz edirik. Təəssüf ki, Səhiyyə Nazirliyindən və TƏBİB-dən bununla bağlı heç bir yardım edilmir”.
Təbriz Gülalıyev hesab edir ki, həkimlərlə bağlı obyektiv araşdırma aparılmalı, onların məsuliyyəti müəyyənləşdirilməli və xərcləri də xəstəxana rəhbərliyi qarşılamalıdır.
“Baku City Hospital”ın həkimləri isə ailənin narazılığının əsassız olduğunu bildirir. Onlar iddia edir ki, Oqtay Gülalıyevin üzərində cərrahiyyə əməliyyatının gecikməsinə görə həyat yoldaşı məsuliyyət daşıyır.
Meydan TV