Arif Əhmədov: “Gənc bir adamı heç bir günahı olmadan həbs ediblər, anası ilə danışmasını da çox görürlər”

tərəfindən Gozetci

Niyaməddin Əhmədov

“Gənc bir adamı heç bir günahı olmadan həbs ediblər, işgəncə veriblər, adicə anasıyla danışmasını da çox görürlər”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) həbsdə olan fəalı, partiya sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olmuş Niyaməddin Əhmədov yenidən müraciət edib. O, ailə üzvlərilə telefon danışığı və görüş hüququnun təmin olunmasını istəyir.

N.Əhmədovun atası Arif Əhmədov Meydan TV-yə bildirib ki, oğlu ilə 9-cu aydır ki, heç bir əlaqə yarada bilmirlər: “Müraciət etmədiyimiz yer qalmayıb, nəticə yoxdur. Gənc bir adamı heç bir günahı olmadan həbs ediblər, işgəncə veriblər, adicə anasıyla danışmasını da çox görürlər”.

A.Əhmədovun sözlərinə görə, Niyaməddinin vəkili telefon danışığı və görüş hüququnun pozuntusuyla əlaqədar məhkəməyə də müraciət edib. Lakin Sabunçu Rayon Məhkəməsi bu şikayətə baxmaqdan imtina edib: “Heç vəkilə də xəbər verməyiblər, Niyaməddinin özünü də gətirməyiblər. Vəkil o qərardan apelyasiya məhkəməsinə şikayət vermişdi. Xeyri olmadı, olduğu kimi saxladılar. Ona görə vəkil bir daha Sabunçu Rayon Məhkəməsinə şikayət etdi. Orada hakim var, Fəqan Əhmədov, şikayəti geri qaytarıb. Yazıb ki, Niyaməddin Əhmədovun bu hüquqlarının pozulduğunu təsdiqləyən fakt yoxdur. Fakt necə olur? Doqquzuncu aydır ki, günahsız bir adamı doğmalarının səsinə də həsəd qoyublar. İndi də bu qərardan yenə apelyasiya məhkəməsinə müraciət etmişik”.

“Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 19-cu maddəsinə əsasən, həbs edilmiş şəxslər həftədə iki dəfə 15 dəqiqəyədək müddətdə telefonla danışmaq hüququna malikdir.

“Həbs edilmiş şəxsin müdafiəçi istisna olmaqla, digər şəxslərlə görüşmək, telefonla zəng etmək və telefon danışıqlarından istifadə etmək hüququ hazırlanan cinayətlərin qarşısını almaq, cinayət təqibini və şəxslərin təhlükəsizliyini təmin etmək məqsədilə cinayət prosesini həyata keçirən orqanın və ya həbs yerində rejimi təmin etmək zərurəti yarandıqda həbs yerinin müdiriyyətinin əsaslandırılmış qərarı ilə müəyyən müddətə məhdudlaşdırıla bilər. Belə qərar qəbul edildikdə tutulmuş və ya həbs edilmiş şəxs həmin hüquqlardan yalnız müvafiq qərarı qəbul etmiş orqanın yazılı razılığı olduqda istifadə edir. Bu maddədə nəzərdə tutulan hüquqların məhdudlaşdırılmasına dair qərardan qanunla müəyyən edilmiş qaydada məhkəməyə, həbs yerinin müdiriyyətinin qərarından isə habelə yuxarı vəzifəli şəxsə şikayət edilə bilər”, – qanunun 19.8-ci maddəsində yazılıb.

N.Əhmədovun işi üzrə istintaq Baş Prokurorluğun İstintaq İdarəsində aparılır. Atası deyir ki, işi aparan müstəntiqin N.Əhmədova qarşı telefon və görüş qadağasının aradan qalxması haqda yazılı məktubu da var. Buna baxmayaraq, Bakı İstintaq Təcridxanasında onun bu hüquqları təmin olunmur: “Dedilər ki, müstəntiqin məktubunu Penitensiar Xidmətə təqdim edim. Onu da elədim, poçtla göndərdim. Üstündən bir aydan çox vaxt keçib. Yenə bir xəbər yoxdur. Bilmirik ki, necə eləyək. Onsuz da günahsız övladımızın zindana salınması mənə də, anasına da böyük dərddir. Heç olmasa, bunu eləməsinlər. Hamımız insanıq…”

N.Əhmədov da bu ilin aprelindən həbsdədir. Ona öncə karantin rejimi qaydalarını pozma ittihamıyla 1 ay inzibati həbs cəzası verilib. Bu cəza başa çatanda isə barəsində cinayət işi başlanıb, ona qarşı terroru maliyyələşdirmə ittihamı irəli sürülüb. İddia olunur ki, Almaniyada siyasi mühacir kimi oturum almış, sosial şəbəkələrdə Azərbaycan hakimiyyətini, o cümlədən prezident və ailəsini tənqid, bir sıra hallarda təhqir edən Qabil Məmmədov Azərbaycanda terror törətmək istəyib və bu məqsədlə N.Əhmədova pul göndərib.

N.Əhmədov isə ittihamı rədd edir, Ə.Kərimlinin mühafizəçisi olduğuna görə həbs edildiyini deyir. Q.Məmmədovla eyni kənddə vaxtilə qonşu olduğunu deyən N.Əhmədovun sözlərinə görə, saxta ittihamı düzüb-qoşmaq üçün bu məqamdan istifadə olunub.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az