Ombudsman: Əfqan Sadığovun vəziyyəti orta-ağır qiymətləndirilir

tərəfindən Gozetci

Bu gün, Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqovla yoldaşı ilə telefonla danışıb.

Bu barədə AzadlıqRadiosuna elə Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova məlumat verib: “Əfqanla bu gün (yanvarın 5-i) telefonla danışdım. Övladlarını görmək istədi, sabah uşaqları görüşə aparacağam”.

Əfqan Sadıqovun səhhətinə gəlincə, xanımı bunları bildirib: “Keçən il dekabrın 26-da səhhəti kəskin pisləşəndə Penitensiar Xidmətin Müalicə Müəssisəsində sistem köçürülüb. Hərəkətində problemlər qalmaqda davam edir”.

O vurğulayıb ki, Əfqan Sadıqovla bağlı apellyasiya şikayətinə baxış prosesi yanvarın 21-nə təyin edilib: “Əfqan barəsində çıxarılmış hökmü ədalətsiz sayır və işinə ədalətlə baxılmasını istəyir. Yeganə istəyi də budur”.

Bu deyilənlərə, hələlik, Penitensiar Xidmət və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Ombudsman Aparatından açıqlama

Amma Ombudsman Aparatından “Turan” agentliyinə bildiriblər ki, Əfqan Sadıqovun səhhəti nəzarətdə saxlanılır: “Bu gün də, yəni, yanvarın 5-də Əfqanla telefonla danışdıq. Müalicə Müəssisəsi ilə əlaqə saxladıq. Əvvəlki kimi qida qəbul etmir”.

Qurumdan habelə qeyd edilib ki, onun saxlanma şəraitindən şikayəti yoxdur. “Vəziyyəti orta-ağır kimi qiymətləndirilir. Səhhəti daim həkim nəzarətindədir”, – Aparatdan bildiriblər.

Azel TV saytının rəhbəri Əfqan Sadıqov ötən ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs olunub. Noyabrın 3-də o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

Noyabrın 4-dən hökmə etiraz əlaməti olaraq onun aclıq elan etdiyi vurğulanırdı.

Xatırlatma

Əfqan Sadıqov bundan öncə, 2016-cı il noyabrın 22-də də həbs edilmişdi. O, Cinayət Məcəlləsinin 127.2.3-cü (xuliqanlıq niyyəti ilə təhlükəli üsulla sağlamlığa qəsdən az ağır ziyan vurma) maddəsi ilə ittiham olunaraq 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunmuşdu. Sonradan onun cəzası 1 il azaldıldı. O, daha sonra da buna qədər bir neçə dəfə müxtəlif müddətlərə inzibati qaydada həbs edilib. Əfqan Sadıqov bütün hallarda ittihamları qəbul etməyib və bunun jurnalist fəaliyyətinin məhdudlaşdırılmasına yönəldiyini bildirib.

Onu yerli hüquq müdafiəçiləri əvvəlki həbsi zamanı siyasi məhbus kimi tanımışdılar. Amma rəsmilər ölkədə siyasi məhbusların olması ilə bağlı fikirləri qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus adlandırılan şəxslər sırf törətdikləri əmələ görə məsuliyyətə alınıblar.

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az