[:az]Cümə günü, sentyabrın 18-də Bakı Apellyasiya Məhkəməsi hakim Elmar Rəhimovun sədrliyi ilə Nizami Rayon Məhkəməsində Tofiq Yaqublu barədə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəkillərin vəsatətini təmin edib.
Azərbaycanın müxalif siyasi xadimi Tofiq Yaqublu 17 gündür aclıq edirdi. Onun aclıq aksiyasına başlamasına səbəb həbsi barədə məhkəmə hökmüdür.
Yaqublunun bir neçə gün xəstəxanada müalicə olunduqdan sonra evə buraxılacağı gözlənilir.
Tofiq Yaqublu indiki anlarda xəstəxananı tərk edib.
Yaqublunun qızı Nigar Həzi isə Amerikanın Səsinə deyib ki, atası artıq aclığı dayandırıb.
“Atam aclığı dayandırdı və qida qəbuluna başlayıb. Hazırda həm də onun damarına qidalandırıcı və mülaicəvi pereparatlar köçürülür,” Həzi qeyd edib.
Vəkil Elçin Sadıqov Amerikanın Səsinə müsahibəsində bildirib ki, məhkəmə yalnız vəkillərin həbsin ev dustaqlığı ilə əvəz olunması barədə vəsatətini təmin edib.
“Digər vəsatətlərimizə isə sentyabrın 28-də baxılacaq. Bizim digər vəsatətlərimizə gəlincə, birinci instansiya məhkəməsinin müdafiə hüququnu pozması ilə keçirilməsi, təqsirləndirilən şəxsə ifadə verməyə imkan verilməməsi, müdafiəçilərə çıxış üçün imkan verilməməsi və ümumilikdə birinci instansiya məhkəməsinin müdafiə hüququnu kobud pozduğuna görə məhkəmənin hökmünün ləğv edilmısi və yenidən hazırlıq iclasına qaytarılmasını apellyasiya məhkməsindən xahiş etmişik. Apellyasiya Məhkəməsi bütün vəsatətlərə sentyabrın 28-də baxılacağını bildirdi,” o qeyd edib.
Sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsi hakim Nəriman Mehdiyevin sədrliyi ilə Milli Şuranın və Müsavat Partiyasının üzvü, prezident İlham Əliyevin sərt tənqidçilərindən olan Tofiq Yaqublunun 4 il 3 ay həbsə məhkum edilməsi barədə hökm çıxarıb.
Bu il martın 22-də Tofiq Yaqublunun park edilmiş avtomobilini başqa avtomobil vurub. Buna baxmayaraq, Bakının Nizami rayon Polis İdarəsində Yaqubluya qarşı cinayət işi qaldırılıb.
Sentyabrın 2-də Tofiq Yaqublu son sözündə məhkəmə və hakimiyyəti ittihamı saxtalaşdırmaqda və siyasi sifarişdə ittiham edib. Yaqublu məhkəmədə həbsinə etiraz olaraq aclıq aksiyasına başladığını elan edib.
Vəkil Aqil Layıcovun Avropa İnsan Hüquqları Məhkəməsinə 39-cu Qaydaya görə ünvanladığı müraciət əsasında sentyabrın 12-də Yaqublu saxlanıldığı Şüvəlan təcridxanasından Bakıdakı mülki xəstəxanaya (City Hospital özəl klinikası) köçürülüb. Bu qayda insan həyatı üçün geridönməz həyati təhlükələr olduqda tətbiq olunur. Sentyabrın 17-də Ədliyyə Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri “City Hospital”da Tofıq Yaqubluya baş çəkib.
TƏBİB-in İdarə Heyəti sədrinin müşaviri Şəhriyar Fətullayev bildirib ki, Yaqubluya dərhal aclığı dayandırmasını tövsiyə edib.
“Əks halda, aclıq prosesi davam etdiyi müddətdə orqanizmində gedən metobolik proseslər daha da dərinləşə bilər. Hazırkı vəziyyətində isə həyatı üçün təhlükə yoxdur. Ümumi olaraq, Yaqublunun vəziyyəti kafi-ağır qiymətləndirilir,” o qeyd edib.
Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi Rafael Mehdiyev lazım olan bütün tədbirlərin görüldüyünü qeyd edib.
“Xəstəxanada şərait yaradılıb. Qida qəbul etməsə də, parentral olaraq ona lazım olan məhlullar köçürülür. Bu gün onun üçün həyati qorxu yoxdur. Lakin biz hər birimiz ona şiddətlə aclığı dayandırmağı tövsiyə etdik,” Mehdiyev qeyd edib.
Yaqublunu müalicə edən müstəqil həkim, tibb elmləri doktoru Adil Qeybulla Amerikanın Səsinə bildirib ki, aclığın davam etdirilməsi koma vəziyyətini qaçılmaz edir.[:]