İcra başçısının güllələnməsi işini məhkəmə niyə araşdırmır

tərəfindən Gozetci

[:az]Gəncənin keçmiş icra başçısı Elmar Vəliyev və onu mühafizə edən polisə qarşı sui-qəsddə suçlanan 10 nəfər 2 il 2 aydan çoxdur ki, həbsdədir. Ancaq hələ də məhkəmə istintaqı başlamayıb.

 

Təqsirləndirilən şəxslərin özləri də, ailə üzvləri də bu durumdan narazıdır. Yaxınları dəfələrlə Prezident Administrasiyasına, Baş Prokurorluğa, Ədliyyə Nazirliyinə, Ali Məhkəməyə şikayətə getsələr də, nəticəsi olmayıb. Sentyabrın 16-da yenə Prezident Administrasiyasına gəlmişdilər, ancaq heç bir səlahiyyətli şəxslə görüşə bilməyiblər.

 

“Nə məhkəmə keçirirlər, nə azadlığa buraxırlar”

“Bizi heç kim qəbul eləmir. Dərdimizi kimə deyək? Prezident Aparatından böyük yer var? Uşaqlarımızı içəridə çürüdürlər. Nə məhkəmə keçirirlər, nə azadlığa buraxırlar. Bu vəziyyətə bir əlac istəyirik, “karantindir” deyib, heç kim də bizi qəbul eləmir”, – təqsirləndirilən Mahir Əzizovun anası Məhbubə Əzizova belə deyir.

Cəfər Zalovun həyat yoldaşı Günay Zalova AzadlıqRadiosuna bildirib ki, bu işə görə həbs olunanlar, həm də cəmiyyətə təqsirsiz olduqlarını sübut etmək üçün məhkəmənin başlanmasını gözləyirlər. Prosesin yubanması isə onların sağlamlığına da, psixoloji durumuna da zərbə vurur: “Ədalətli məhkəmə keçirilsə, işə düzgün baxılsa, məlum olacaq ki, onları cinayətkar dəstə kimi təqdim eləməkdən ötrü o qədər günahsız adamı bir yerə yığıblar. Bir anlıq təsəvvür edək ki, normal məhkəmə keçdi və təqsirsiz adamlar bəraət aldı. O zaman nə üçün məhkəməyə qədər daha çox həbsdə saxlanılmalıdır?”.

 

Keçmiş icra başçısını güllələməkdə suçlanan Yunis Səfərovun anası Leyla İsmayılova da məhkəmənin keçirilməməsindən narazıdır. Deyir ki, məhkəmə başlasa, ən azı, oğlundan xəbər tuta bilər. Çünki 2 il 2 aydan çoxdur ki, onunla nə görüşə bilirlər, nə də telefonla danışırlar: “Ancaq vəkil yanına gedib-gələndə, ondan bir xəbər ala bilirik. Məhkəmə olsa, gələr, orada özünü görmək mümkün olar, sözünü deyər”.

 

“Təcrid özü-özlüyündə cəzadır”

Ailələrin məhkəmənin yubanmasıyla əlaqədar şikayətlərinə cavab gəlib ki, proses xüsusi karantin rejiminə görə uzanır.

Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev hesab edir ki, bu məsələdə insanların sağlamlığı və azadlıq hüququ toqquşur: “Bir tərəfdən, insanların sağlamlığı çox vacibdir, dövlətin bununla bağlı öhdəliyi var. Amma digər tərəfdən də, fundamental hüquq və azadlıqlar var. Avropa Məhkəməsinin presedent qərarlarında da göstərilib ki, şəxs ağlabatan müddətdə mühakimə olunmursa, bu, ciddi pozuntudur”.

 

Vəkil xatırladıb ki, haqqında qanuni qüvvəyə minmiş ittiham hökmü olana qədər hər kəs təqsirsiz sayılır. Avropa Məhkəməsi də məsələyə bu istiqamətdən baxaraq, ağlabatan müddətdə məhkəmə keçirilməsinin vacibliyini vurğulayır: “Bəlkə təqsirləndirilən şəxslərdən kimsə bəraət alacaq? Onların uzun müddət tam təcrid olunmuş vəziyyətdə qalması nə dərəcədə sosial ədalətin bərpası ola bilər? Təcrid özü-özlüyündə cəzadır”.

“Azərbaycanda elə bir məhkəmə zalı yoxdur ki…”

Ali Məhkəmədən AzadlıqRadiosuna bildirilib ki, avqustun 20-dən bütün ölkə ərazisində, o cümlədən, xüsusi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda da bütün işlərə baxılması bərpa edilib. Amma məhkəmələrə göstəriş verilib ki, proseslər mütləq Operativ Qərargahın tövsiyələri (qoruyucu maskadan istifadə, sosial məsafənin saxlanması və s.) nəzərə alınmaqla keçirilsin.

“Nəinki Bakı Ağır Cinayətlər Məhkəməsində, ümumiyyətlə, Azərbaycanda elə bir məhkəmə zalı yoxdur ki, orada ikimetrlik ara məsafəsinə əməl eləməklə, 10 nəfəri birlikdə saxlamaq mümkün olsun?Ona görə də, bu işə baxılması yubanır. Tək bu iş deyil, təqsirləndirilən şəxslərin sayının çox olduğu başqa cinayət işlərində də vəziyyət eynidir”, – Ali Məhkəmədəki mənbə bildirib.

Yunis Səfərov və digərlərinin işinə öncə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılmağa başlansa da, sonradan üzə çıxdı ki, bu məhkəmənin sədri Natiq Əliyev iş üzrə zərərçəkmiş qismində tanınan Elmar Vəliyevin qardaşının (ölkənin hərbi prokuroru Xanlar Vəliyev) qudasıdır. Buna görə də vəkillərin vəsatəti ilə iş alınıb, Bakı Ağır Cinayətlər Məhkəməsinə verildi. Bundan sonra pandemiya ilə əlaqədar məhkəmə prosesi təxirə salındı.

Azadlıq Radiosu[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az