[:az]
Paytaxtın Yasamal rayonunda yaşayan Fuad Əliyev deyir ki, 29-cu polis bölməsinin əməkdaşları onu o qədər döyüblər ki, cərrahiyyə əməliyyatında başına qoyulmuş plastmas qapaq da zədələnib. Bu barədə o, Yasamal Rayon Prokurorluğuna və Ombudsmana şikayət məktubunda da yazıb.
“Qanın içində idim”
47-yaşlı Fuad Əliyev AzadlıqRadiosuna bildirib ki, hadisə sentyabrın 9-da axşam saat 18.00 radələrində baş verib. Onun sözlərinə görə, metronun “İnşaatçılar” metrosunun yaxınlığındakı mağazalardan birində, satıcı ilə aralarında anlaşılmazlıq olub. Bu zaman, mağazanın sahibi gəlib çıxıb, onu təhqir edib, aralarında qarşılıqlı mübahisə yaşanıb:
“Xanım satıcı mənə qarşı nəzakətsizlik eləsə də, mən ona “ana, üzr istəyirəm” deyib çıxanda, mağazanın sahibi məni təhqir elədi. Mən də ona eyni tərzdə cavab verdim. Mağazadan çıxıb yaxınlıqdakı evimə getmək istəyəndə, polislər tutub, əllərimi qandalladılar, mağaza sahibi ilə birlikdə yerə yıxıb o qədər döydülər ki… Zərbə vuranlar arasında polis geyimində olanlarla yanaşı, mülki geyimdə olanlar da vardı. Qanın içində idim. Zərbələrdən özümə gələ bilmirdim. Sonra məni polis maşınına mindirib, 29-cu polis bölməsinə apardılar”.
Fuad Əliyevin sözlərinə görə, bölməyə aparılanda maşında da döyülüb, təhqir olunub. İxtisasca hüquqşünas olan Fuad Əliyev bir neçə il öncə başından travma aldığına görə ağır cərrahiyyə əməliyyatı keçirib, başına plastmas qapaq qolulub. Deyir ki, maşında döyüləndə polislərə ikinci qrup əlil olduğunu, başına plastmas qapaq qoyulduğunu bildirib, amma xeyri olmayıb:
“İnsanlığa sığmayan rəftarı davam etdirirdilər. Bədənimə təpiyi elə vururdular ki, sanki düşmənəm… Nəticədə çox ciddi xəsarətlər almışam, başımdakı qapaq zədələnib”.
Fuad Əliyev sentyabrın 10-u səhər saatlarında polis bölməsindən buraxılıb. Onun sözlərinə görə, polis bölməsindən bildirilib ki, xırda xuliqanlığa görə barəsində inzibati xəta protokolu tərtib olunub, “ASAN Xidmət”ə gedib, 50 manat cəriməni ödəməlidir: “Amma mənə protokol təqdim eləmədilər”.
“Zaman keçdikcə, xəsarət izləri yox olur”
Fuad Əliyevin vəkili Bəxtiyar Hacıyev AzadlıqRadiosuna bildirib ki, hadisənin araşdırılması və günahkarların cəzalandırılması üçün prokurorluğa sentyabrın 10-da müraciət olunub. Müraciətdə həmçinin, Fuad Əliyevin qısa müddətdə ekspertizadan keçirilməsi və hadisə yerində olan “Təhlükəsizşəhər” kameralarının görüntülərinin alınması istənilib: “Ekspertiza hələ keçirilməyib. Halbuki, təcili keçirilməlidir, çünki zaman keçdikcə, xəsarət izləri yox olur”.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov AzadlıqRadiosuna bildirib ki, vətəndaş nazirliyə rəsmi şəkildə müraciət edərsə, onun şikayəti hərtərəfli araşdırılacaq: “Prokurorluq və Ombudsmana müraciət etdiyi kimi, Daxili İşlər Nazirliyinə də müraciət etsin. Şikayəti araşdırılsın və nəticə barədə də ona məlumat verilsin”.
Bu ilin iyulunda Yeni Yasamalda eyvandan polislərə zibil atmaqda suçlanaraq inzibati qaydada həbs olunan şəxslərin yaxınları da onların 29-cu polis bölməsində işgəncəyə məruz qaldığını bildirirdi. O zaman Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib edərək, həmin şəxslərin polisə müqavimət göstərərkən xəsarət aldıqlarını açıqlamışdı.
İndiyədək ölkədə bir sıra siyasi hesab olunan işlərdə təqsirləndirilənlər onlara polisdə işgəncə verildiyini desələr də, DİN bu iddiaları təkzib edib.
Azadlıq Radiosu[:]