Ailəsi: Aclıq aksiyası Emin Şaqiyevin səhhətinə kəskin təsir göstərib

tərəfindən Gozetci

[:az]AXCP fəalının qohumu məhkəmə qərarına etiraz edərək, həbsxanada aclıq etdiyini deyir

6 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan Emin Saqiyevin 21 gündür aclıq etdiyi bildirilir. Bu barədə, Meydan TV-yə onun həyat yoldaşı Aygün Saqiyeva məlumat verərək bildirib ki, məhkəmə ədalətsizliyinə etiraz olaraq keçirdiyi aclıq onun səhhətinə kəskin təsir göstərib.

Emin Saqiyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı, Avropadan yayımlanan “Turan TV” telekanalının keçmiş aparıcısı Türkel Azərtürkün bacanağıdır. Yaxınları iddia edir ki, Emin Saqiyev xaricdə yaşayan bacanağının Azərbaycan hökumətinin ünvanına səsləndirdiyi tənqidlərə görə şərlənərək həbs olunub.

Həyat yoldaşının sözlərinə görə, Emin Saqiyev üç ilə yaxındır heç bir təqsiri olmadığı halda, həbsdədir. O, narkotik ittihamıyla 7 il azadlıqdan məhrum edilib. Avqustun 18-də Ali Məhkəmə onun şikayətinə baxıb və aşağı instansiya məhkəmələrinin hökm və qərarlarını qüvvədə saxlayıb. Emin Saqiyev buna etiraz olaraq, aclığa başlayıb.

“Cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsində saxlanılır. Böyrəklərində problem yaranıb, ağrıları olur, təzyiqi tez-tez düşür. Həkimlər nəzarətdə saxlayır. Amma deyirlər ki, gərək qida qəbul eləsin, sonra dərman içsin. O da aclığı dayandırmaq istəmir. Deyir ki, bir adamı heç bir günahı olmadan 7 il həbsdə saxlamaq nə deməkdir?”, – deyə Aygün Saqiyeva həyat yoldaşının durumu haqqında bildirib.

Onun sözlərinə görə, bugünlərdə Ombudsman Aparatının əməkdaşları Emin Saqiyevə baş çəkib, onun şikayətini dinləyib. Məsləhət görüblər ki, Ali Məhkəmənin Plenumuna müraciət etsin: “Plenum da şikayətə baxacaq, yoxsa yox, bilinmir”.

Emin Saqiyevin aclıq aksiyası keçirməsi, onun durumu barədə deyilənlərə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov məzuniyyətdə olduğunu bildirib.

Ombudsman Aparartı da bu qurumun əməkdaşlarının 6 saylı cəzaçəkmə müəssisəsində Emin Saqiyevlə görüşdüyünü təsdiqləyib: “Qida qəbulundan imtina etməsi ilə bağlı, barəsində məlumat yayılmış Emin Saqiyev konfidensial qaydada qəbul olunub. O, barəsindəki məhkəmə qərarından narazılığını əsas göstərərək, bu addımı atdığını bildirib”.

Emin Saqiyev 2017-ci ilin noyabrında narkotik ittihamıyla həbs edilib. 2018-ci ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 7 il azadlıqdan məhrum edilib.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az