Zəlzələdən zərərçəkənlər: Məsul şəxslər başımıza oyun açır

tərəfindən Gozetci

[:az]Şikayətçilər Ağsu Rayon İcra Hakimiyyətinin onlara laqeyd münasibətindən narazıdır

Prezident İlham Əliyev bu il avqustun 20-də “Azərbaycan Respublikasının Ağsu və Şamaxı rayonlarında baş vermiş təbii fəlakətin nəticələrinin aradan qaldırılması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən, zəlzələ nəticəsində Ağsu və Şamaxı rayonlarında yaşayış evlərinə dəymiş ziyanın aradan qaldırılması işlərinin davam etdirilməsi məqsədilə, həmin evlərin təmiri üçün 2020-ci il dövlət büdcəsindən Ağsu və Şamaxı rayon icra hakimiyyətlərinin hər birinə 3 milyon manat ayrılıb.

Bundan öncə də qəzalı evlərin təmiri ilə bağlı dövlət büdcəsindən 7 milyon manat pul ayrılmışdı. Hazırda, təmir və tikinti işlərinin aparıldığı Ağsu rayonundan bəzi sakinlər narazılıq edir.

“Dəfələrlə baxış keçirilib”

Meydan TV-yə müraciət edən bir neçə sakinin dediyinə görə, hələ ötən ilin əvvəlində baş verən təbii fəlakətdən sonra evlərinə dəyən ziyanla bağlı aidiyyəti üzrə dəfələrlə müraciət etsələr də, heç  bir nəticəsi olmayıb. Ağsu şəhəri, Babək küçəsi 7 ünvanında yaşayan Qarabağ əlili Nağıyev Elşən Abdulla oğlu söyləyir ki, zəlzələdən sonra Ağsu Rayon İcra Hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahına müraciət edib. Müraciətindən sonra evinə baxış keçirilib və təmir yazılıb. Şikayətçi isə təmirlə razılaşmayıb. Üzərindən uzun müddət keçəndən sonra podratçı şirkətin əməkdaşları Elşən Nağıyevin evində təmir işlərinə başlayıblar. Lakin sonradan işi yarımçıq qoyaraq gediblər:

“Hərbi xidmətim Qarabağ bölgəsində keçib. İki dəfə yaralanmışam. Bir dəfə güllə, bir dəfə isə qəlpə yarası almışam. Əlillik dərəcəsi ala bilməmişəm. Müharibədə iştirak edənlə, yaralanan adam arasında fərq qoymurlar. Səksən manat pulla ailə dolandırıram. Bunları bir kənara qoyaq. Bəs yaxşı, prezident pul ayırıb ki, evi başına uçanların evini tikin. Bunu niyə etmirsiniz? Özümün şəxsi evim yoxdur. Anamla bir evdə qalıram. Fövqəladə Hallar Nazirliyi zəlzələdən ziyan görmüş evlərə baxış keçirən zaman evə təmir yazdılar. Amma bu ev təmirə yararlı deyil. Altmış ildən qalan kərpic evə nə təmir? Dəfələrlə baxış keçirilib. Sonra gəldilər ki, bəs təmir edəcəyik. Bir neçə kisə sement, bir-iki qutu emusiya gətirmişdilər. Divarlara bayır hissədən tor qoyub, suvaq çəkdilər. Heç üzərindən beş gün keçməmiş divarlar yenə partladı. Sonra da işi yarımçıq qoyub getdilər. Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyevin qəbulunda oldum. Dedi ki, ev işinə mən baxmıram. İcra başçısının birinci müavini Füzuli Kərimlinin qəbulunda oldum. Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev Ağsuya gələndə onun qəbulunda oldum. O, mənim sənədlərimə baxdı, dedi ki, biz sənə borcluyuq. Sənin evin, yaşayışın yaxşı olmalıdır. Ancaq bu da heç bir nəticə vermədi. Prezident Adminstrasiyasına getdim, Zeynal Nağdalıyevin qəbuluna düşmək istəyirdim. Özünü görməsəm də, məni qəbul etdilər. Sənədlərimə baxdılar, bu da bir nəticə vermədi. Bu, nə işdir, nə məsələdir? Niyə Qarabağda can qoyan oğulların evləri düzəlmir? Biz axı torpağımız yolunda can qoymuşuq”.

Ağsu şəhəri, Söhbət Quliyev küçəsi 5, ev 10 ünvanında yaşayan Dilarə Nemətova zəlzələdən sonra fərdi yaşayış mənzillərinin bərpası üçün aidiyyəti qurumlara müraciət edib. Evinə baxış keçirilib, təmir-bərpa yazılıb. Şikayətçi deyir ki, iki ilə yaxındır evlərini təmir edən yoxdur:

“Heç üzərindən beş gün keçməmiş divarlar yenə partladı”

“Bir neçə gün öncə Ağsu Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri Mirəli Qurbanovla danışmışıq. Dedi ki, sizin evin faktiki tikintisinin hesablanması aparılır. On beş gündən sonra işə başlayacağıq. Açığı, mən bu sözlərə inanmıram. Çünki hələ iki ay öncə bu adam bizə eyni vədləri vermişdi. Hələ də gözləyirik. Zəlzələdən sonra evimiz qəzalı vəziyyətdə düşdüyü üçün oğlum, gəlinim, azyaşlı nəvəm və həyat yoldaşımla Bakıya köçüb, kirayə ev tutduq. Həyat yoldaşımla oğlum kafe icarə götürüb işlədirdilər. Pandemiya dövründə kafelər bağlandı. Çox acınacaqlı vəziyyətdə yaşayırıq. Kirayə pulunu verə bilmirik. Dövlətdən yalnız bir dəfə – aprel ayı üçün birdəfəlik 190 manat ödəmə almışıq. Bu neçə ayda həmin pulla necə dolanmaq olar? Artıq bir ildən çoxdur ki, Ağsu Rayon İcra Hakimiyyətində oturan məsul şəxslər başımıza oyun açır. Bizim evi tikmir ki, yığışıb içində yaşayaq. Ölkə başçısı dəfələrlə pul ayırıb ki, qəzalı evlər tikilsin, amma nədənsə kasıbların deyil, varlıların evi tikilir. Bizə hər dəfə müxtəlif bəhanələr gətirirlər. Əvvəllər deyirdilər ki, adınız sistemdə yoxdur. Sonra dedilər ki, adınız sistemdə var, bir aya smeta dəyəri müəyyən olunsun, tikintiyə başlayacağıq. Sonra karantini bəhanə gətirdilər. İndi də deyirlər ki, 15 gün gözləyin. Başımızın altına yastıq qoyub bizi aldatmaq istəyirlər. Ölkə başçısına səslənirəm, bu özbaşınalığı görsün və vəziyyətə əncam çəksin. Ev siyahısında 197-ci adamıq. Nə oldu, bu iki ildə bizə növbə gəlib çatmadı?”

Ağsu rayonu, Gürsulu kənd sakini Samir Mirzəxanov Osman oğlu isə deyir ki, zəlzələdən 15 gün sonra Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahının nümayəndədlərinə durumla bağlı məlumat verib. Dediyinə görə, ona qeydiyyat aparıldığını deyiblər. Lakin sonradan öyrənib ki, onun evi siyahıya alınmayıb:

“Bir ildən çoxdur ki, qəzalı vəziyyətdə olan evdə yaşayırıq. Zəlzələ vaxtı müraciət etməyimə baxmayaraq, siyahıya alınmamışam. Prezidentə kimi məktub yazdım, amma heç bir yerdən xəbər-ətər çıxmadı. Sistemə adımı qeyd etməyiblər. Hər dəfə aldadıblar ki, get yaxşı olacaq. Qarşıdan soyuq qış gəlir. Yeni icra başçısı təyin olunandan sonra karantini bəhanə edib qəbula buraxmırlar. İki gündür yağış yağır, suyun hamısı evin içərisindədir. Yazdığım şikayət məktubları da Ağsu Rayon İcra Hakimiyyətinə yönləndirilir və cavab da gəlmir. Ev hər an uça bilər. Özümdən daha çox iki azyaşlı uşağıma və birinci qrup əlil atama görə narahatam. Məktub yazıb, müraciət etmədiyim yer qalmayıb. Məndən sonra müraciət edən adamlara quru torpaq üzərində ev tikiblər. Artıq əlim hər yerdən üzülüb. Kimə müraciət edək, dərdimizi kimə deyək bilmirik”.

Fövqəladə Hallar Nazirliyi Zəlzələ bölgəsi üzrə Qərargahından şikayətlərlə bağlı münasibət öyrənmək mümkün olmayıb.

Ağsu Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Ceyhun Hüseynov Meydan TV-nin sorğusunu cavablandırıb:

“Təmir və tikinti zamanı smetada olan işlər görülür, amma vətəndaş yenə narazı qalır. İstəyir ki, smetadan kənar nəsə etsin, bu da qanun pozuntusudur. Smeta tərtib olunarkən icra hakimiyyəti prosesdə iştirak etmir. Rəylər verilir, smeta da qanuni olaraq, tərtib olunur. Bizdə də daxili imkanlar hesabına nəsə iş görməyə fondumuz yoxdur.

Vətəndaş Elşən Nağıyevin müraciətindən sonra evinə baxış keçirilib. Təmir rəyi veriləndən sonra smeta hazırlanıb. Smetaya uyğun işlər tam icra olunaraq başa çatdırılıb. Rəsmi smetada nə yazılıbsa, bütün işlər görülüb. Vətəndaşı qane etməyən məsələ istiqamətində araşdırma aparılıb, şikayətinə baxılacaq.

“Zəlzələ vaxtı müraciət etməyimə baxmayaraq, siyahıya alınmamışam”.

Digər vətəndaş Dilarə Nemətovanın müraciətindən sonra evinə baxış keçirilərək qiymətləndirilib, təmir rəyi verilib. Təmir sənədləri smeta tutulması üçün yuxarı təşkilatlara göndərilib. Memarlıq və Tikinti şöbəsindən mənə verilən məlumata görə smeta hazırlanır. Yaxın günlərdə podratçı təşkilat tərəfindən işlərin icrasına başlanılacaq.

Vətəndaş Samir Mirzəxanova gəlincə, Fövqəladə Hallar Nazirliyi tərəfdindən evlərin qeydə alınması və rəy verilməsi prosesi 2019-cu ilin iyunun 1-dək aparılıb. Samir Mirzəxanovun müraciətləri isə bu təqvimdən sonra olduğu üçün evi qeydiyyata alınmayıb. Vətəndaş bununla bağlı Fövqəladə Hallar Nazirliyinə müraciət etsin”.

2019-cu il fevralın 5-də Pirqulu stansiyasından 7 km cənubda, Ağsu ərazisində 4,4 bal gücündə zəlzələ qeydə alınıb. Həmin zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda 4,3 bala qədər hiss olunub. Həmin gün Pirqulu stansiyasından 9 km cənub-qərbdə İsmayıllı ərazisində zəlzələ qeydə alınıb. Fevralın 9-da və 11-də də Pirqulu stansiyasından 8 və 9 km cənub-qərbdə və qərbdə yeraltı təkanlar baş verib.

Zəlzələ nəticəsində Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir çox fərdi və çoxmənzilli yaşayış evlərinə ziyan dəyib.

Prezident İlham Əliyevin sərəncamına əsasən, indiyədək dövlət büdcəsindən təbii fəlakətdən zərər görmüş hər üç rayona ümumilikdə 10 milyon milyon manat ayırıb.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az