[:az]“Fuad Qəhrəmanlının taleyindən narahatlığımız hələ də qalmaqdadır. O həbs olunandan indiyədək cəmi bir dəfə evə zəng edib. Ondan sonra nə telefon əlaqəsi var, nə də ailə üzvləri ilə görüşünə icazə verilir.”
Bu barədə, hazırda, 1 saylı Bakı İstintaq Təcridxanasında saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Rəyasət Heyətinin üzvü Fuad Qəhrəmanlının ailəsindən Amerikanın Səsinə bildiriblər.
Fuad Qəhrəmanlı iyulun 14-dən 15-nə keçən gecə Qarabağa dəstək yürüşündə baş verənlərə (bir qrup şəxsin parlamentin binasına girişi, polis maşınının aşırılması) görə başlanmış cinayət işi üzrə istintaqa iyulun 23-də cəlb olunub, barəsində dörd aylıq həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlamağa yönəlik hərəkətlər), 186-cı (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233-cü (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə ittiham irəli sürülüb.
AXCP Fuad Qəhrəmanlının aksiyada iştirak etmədiyini, aksiyanın təşkilində hər hansı rolunun olmadığını bildirib. Partiya fəallarının həbsini `siyasi sifariş və absurd` hesab edir.
Ailə üzvlərinin dediyinə görə, təcridxanda Fuad Qəhrəmanlıya sovqat, paltar və kitab qəbul edirlər.
“Bu günlərdə havalar soymuşdu, isti paltar apardıq. Amma, maraqlı odur ki, Fuada yeni paltarlar, yemək qəbul etsələr də, onun kirli paltarlarını və apardığımız qabları geri qaytarmırlar. Görün, Fuad iyulun 23-də həbs edilib, o zamandan nə qədər kirli paltar və qab-qacaq yığılıb. Fuad bunları nə üçün qaytarmır, bu qədər palrtarı, qab-qacağı harada saxlayır, nə üçün saxlayır sirr olaraq qalır. Hər dəfə deyirlər Fuad qab-qacağı və kirli paltarlarını qaytarmadı,” ailə üzvü deyib.
Ailə dövlət tərəfindən təyin edilmiş vəkilin məlumatlarına o qədər də inanmır.
“Dövlət tərəfindən təyin edilmiş vəkil hər dəfə deyir görüşürəm, vəziyyəti yaxşıdır. Onun dedikləri bizi qane etməsə də, nə edək, iynə deşiyindən gələn işıq kimi özümüzü inandırmağa çalışırıq. Təbii, özümüz görüşməliyik və telefon əlaqəsi olmalıdır. Bu həftə yenə görüş üçün müraciət edəcəyik,” ailə üzvü Amerikanın Səsinə deyib.
Öz növbəsində, Penitensiar Xidmətdən ailənin dediklərinə münasibət öyrənməyə cəhd edilsə də, mümkün olmayıb.
Xatırladaq ki, Fuad Qəhrəmanlı buna qədər 2 dəfə uzunmüddətli həbsə məhkum edilib, bir neçə dəfə inzibati qaydada sutkalıq cəzalar alıb.
O, sonuncu dəfə uzunmüddətli həbsə 2015-ci ildə 6 nəfərin ölümü ilə nəticələnən Nardaran hadisələri ilə bağlı yazdığı statuslara görə məhkum edilmişdi. .
Qəhrəmanlı Cinayət Məcəlləsinin 281-ci (dövlət hakimiyyəti əleyhinə çağırışlar etmə) və 283-cü (milli, irqi, sosial, dini nifrət və ya düşmənçiliyin salınması) maddələri ilə ittiham edilərək 10 il azadlıqdan məhrum edilmişdi.
2019-cu il martın 16-da əfv sərəncamı ilə azadlığa çıxan Fuad Qəhrəmanlı ittihamları qəbul etmirdi.
AXCP-nin məlumatına görə, Azərbaycanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində döyüşlərdə iştirak edən Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-15-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 48 nəfər fəalı həbs edilib.
“Onlardan 17 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 18 nəfər inzibati qaydada həbs edilib. 1 nəfər ev dustaqlığındadır. 12 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb. AXCP-nin 10 üzvü öncədən siyasi məhbusdur. Beləliklə, hazırda AXCP-nin 43 fəalı siyasi sifarişlə həbsdədir,” məlumatda qeyd edilir.[:]