“Məhbuslar məhkəməyə getməmək üçün özlərini oturacağa mismarlayıblar”

tərəfindən Gozetci

[:az]

Şaiq Həsənovla Səxavət Orucov günahsız olduqlarını, işgəncələr nəticəsində etiraf ifadəsinə imza atdıqlarını deyirlər.

 

Gəncədə yerləşən 2 saylı istintaq təcridxanasında saxlanılan dustaqlardan ikisinin – Şaiq Həsənov və Səxavət Orucovun işgəncəyə məruz qaldığı, xəsarət aldığı bildirilir. Şaiq Həsənovun anası Alimə Həsənova deyir ki, avqustun 24-də istintaq təcridxanasında oğlunun vəziyyətini görəndə dəhşətə gəlib.

 

Məhkəmə günahsız olduqları qənaətinə gəlib

 

37 yaşlı Şaiq Həsənovla 36 yaşlı Səxavət Orucov eyni cinayət işi üzrə – 2016-cı ilin sentyabrında Tərtər sakini, 33 yaşlı Səxavət Musayevi öldürməkdə ittiham olunur. Amma ikisi də günahsız olduğunu, işgəncələr nəticəsində etiraf ifadəsinə imza atdıqlarını deyirlər. Vəkilləri də onların təqsirsiz olduğu fikrindədir. Vəkillərin sözlərinə görə, cinayət işinin materiallarında çoxsaylı ziddiyyətlər var.

 

Gəncə Ağır Cinayətlər Məhkəməsi həm Şaiq Həsənov, həm də Səxavət Orucovun günahsız olduğu qənaətinə gəlib, onların haqqında bəraət hökmü çıxarıb. Sonradan Gəncə Apelyasiya Məhkəməsi hökmü ləğv edib, Səxavət Orucova 20 il, Şaiq Həsənova isə 17 il həbs cəzası kəsib. Bu qərardan Ali Məhkəməyə vəkillər kassasiya şikayəti, prokurorluq da protest verib.

 

Səxavət Orucova qarşı sözügedən qətllə yanaşı, ondan iki il öncə baş vermiş, amma üstü açılmamış başqa bir ölüm işi ilə bağlı da ittiham irəli sürülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsi həmin iş üzrə də ona bəraət verib.

 

“Bədənimə “tok” verirdilər, “bita” ilə döyürdülər”

 

Səxavət Orucov bildirir ki, kimsəsiz olduğunu görüb, o biri qətli də üzərinə qoyublar:

“Dekabrın 21-də tutub Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə gətirdilər. Ayın 27-nə qədər orada mənə zülm elədilər – dəfələrlə bədənimə “tok” verdilər, “bita” ilə döyürdülər, başıma qalın papaq keçirib, ağır ayaqqabılarla əzirdilər”.

 

Onun sözlərinə görə, dekabrın 25-də Tərtərin prokuroru Azər Hətəmov və müstəntiq Rəşid Bayramov da idarəyə gəlib. 2014-cü ildə baş vermiş hadisə – Sənan Mirzəyevin qətli ilə bağlı cinayət işini də özləri ilə gətiriblər:

 

“Hər iki ölüm işini boynuma götürməyi tələb edirdilər. Dözə bilmədim, dedim ki, nə istəyirsiz, eləyirəm. Biri ilə kifayətlənmədilər, açılmayan o biri ölüm işini də boynuma qoydular. Bundan sonra məni Tərtərə – polis şöbəsinə gətirdilər”.

 

Cinayət işinin materiallarında Səxavətin 2016-cı il dekabrın 27-də həbs olunduğu yazılıb. Özü isə bütün məhkəmə iclaslarında da bildirib ki, onu dekabrın ayın 21-də tutub, 6 gün qeyri-rəsmi saxlayıblar. Elə vəkili də məhkəmə iclaslarında sübut olaraq, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəsmi açıqlamasını ortaya qoyub. Nazirliyin dekabrın 22-də yaydığı açıqlamada Səxavət Orucovun tutulduğu göstərilib. Bu məlumat həmin gün nazirliyə istinadən bir çox saytlarda da yayılıb.

 

Bu və başqa ziddiyyətlərə baxmayaraq, Gəncə Apelyasiya Məhkəməsi hər iki ölüm işi üzrə Səxavət Orucovu təqsirli bilib. Prokurorluq ona 20 il verilməsindən narazı qalıb. Ali Məhkəməyə kassasiya protesti verib ki, cəzası ağırlaşdırılsın.

 

Həm Səxavət Orucov, həm də Şaiq Həsənovun vəkilləri Ali Məhkəməyə şikayətlərində əksinə, onların günahsız olduğunu vurğulayaraq, bəraət istəyiblər.

 

Ali Məhkəmə prokurorluğun protestinə münasibətdə Gəncə Apelyasiya Məhkəməsinin qərarını ləğv edib. Səxavət Orucovun cəzasının ağırlaşdırılması məsələsinə yenidən baxılmasını üçün işi təkrar bu instansiyaya qaytarıb.

Avqustun 20-dən etibarən apelyasiya məhkəməsi yenidən bu işə baxır. Bu dəfə işi Salman Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası araşdırır.

 

“Məhkəmə sədri qərəzlidir”

 

Məhkəmədə vəkillər işə Gəncə Apelyasiya Məhkəməsində baxılmasına etiraz veriblər. Etirazı əsaslandırarkən Gəncə Apelyasiya Məhkəməsinin sədri Tapdıq Mahmudovun bu işə qarşı qərəzi barədə faktları ortaya qoyublar.

 

“Tapdıq Mahmudov başqa bir işlə bağlı Gəncə Ağır Cinayətlər Məhkəməsinə tövsiyə xarakterli məktub göndərib. Orada Səxavət Orucov və Şaiq Həsənovun ittiham olunduğu işə toxunaraq, onlar haqqında bəraət hökmündə guya səhvlərə yol verildiyini iddia edib. Bundan başqa, 2019-cu il martın 15-də Apelyasiya Məhkəməsi Rəyasət Heyətinin iclası olub. Orada bu iş də müzakirə olunub. Tapdıq Mahmudov Səxavət Orucovun cəzasının ağırlaşdırılması məsələsini qaldırıb”, – deyə vəkillər etirazı əsaslandırarkən bildirib.

 

Amma etiraz təmin olunmayıb.

 

Təqsirləndirilən şəxslər fikir bildirmək istəsələr də, hakimlər buna imkan verməyib. Bu üzdən onlar növbəti məhkəmə iclasına qatılmamaq qərarına gəliblər.

 

“Özlərini hakim kimi aparmırdılar”

 

“Həmin məhkəmə iclasında vəziyyət dəhşətli idi. Hakimlər mənim günahsız övladıma, Səxavətə elə baxırdılar, sanki murdar nəyəsə baxırlar. Kinayə, gülüş… Özlərini qətiyyən hakim kimi aparmırdılar. Ona görə avqustun 24-də məhkəməyə gəlməkdən imtina ediblər. Hakimlərin bu cür davranışı ilə əlaqədar Məhkəmə-Hüquq Şurasına və başqa orqanlara da şikayətlər göndəriblər”, – deyə Şaiq Həsənovun anası Alimə Həsənova Meydan TV-yə bildirib.

 

Onun sözlərinə görə, həm oğlu, həm də Səxavət Orucov Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır. Avqustun 24-də səhər saatlarında vəkillər məhkəmədən öncə müvəkkilləri ilə danışmaq istəyiblər. Bundan ötrü istintaq təcridxanasına gediblər. Alimə Həsənova deyir ki, xeyli vaxt gözləsələr də, nə onu oğlu ilə görüşə buraxıblar, nə də Səxavət Orucovun vəkili Səadət Seyidlini hüquqlarını müdafiə etdiyi şəxslə:

“O qədər döyüblər ki, axırda Səxavətin əlindəki ülgüclə boğazı, üzü kəsilib”

“Qanı axa-axa yenə döyüblər”

 

“Amma orada olanda eşitdik ki, nəsə problem var, vəziyyət yaxşı deyil. Dedilər ki, məhkəməyə getməmək üçün özlərinə xəsarət yetiriblər. Bunu eşidən ana dözə bilər? Tələb elədim ki, övladımı göstərin, bilim ki, sağ-salamatdı. Rəis müavini and içdi ki, saat 3-ün yarısı gələrsən, görüşəcəksən. Axşamüstü nəhayət ki, oğlumu gördüm. Sir-sifəti nə vəziyyətdə idi… Dedim ona ki, axı sən müəllim oğlusan, niyə başını divara, stula çırpıb özünə xəsarət yetirirsən? Qayıtdı ki, ay ana, nə danışırsan, təcridxananın işçiləri döyüb bu hala salıblar. Bunlar deyiblər ki, biz elə məhkəməyə getmək istəmirik. Təcridxananın rəhbər şəxsləri və işçiləri kameradakı o biri dustaqları çıxarıb, bunları döyməyə başlayıb. O qədər döyüblər ki, axırda Səxavətin əlindəki ülgüclə boğazı, üzü kəsilib. Qanı axa-axa da döyürlərmiş onu…”

 

Səxavətin vəkili Səadət Seyidli də müvəkkilinin durumunun ağır olduğunu bildirib. Vəkil deyib ki, avqustun 24-də məhkəmədən öncə Səxavətlə görüşmək üçün təcridxanaya getsə də, görüşə bilməyib. Elə orada eşidib ki, müvəkkili xəsarət alıb, vəziyyəti yaxşı deyil. Vəkil hüquqlarını müdafiə etdiyi şəxslə görüşə imkan verilməməsilə əlaqədar Ombudsman Aparatına və başqa dövlət orqanlarına şikayət edib. Bundan sonra onu istintaq təcridxanasına buraxsalar da, Səxavət Orucovla görüşməyə qoymayıblar. Təcridxana rəhbərliyi vəkilə deyib ki, Səxavətlə Şaiq özünə xəsarət yetirib. Vəkilin müvəkkili ilə görüşmək cəhdləri də nəticəsiz qalıb.

 

Vəkil ertəsi gün – avqustun 25-də yenidən təcridxanaya gedib, bu dəfə hüquqlarını müdafiə etdiyi şəxslə görüşüb.

 

Səxavət Orucov vəkilinə deyib ki, hakimlərin açıq-aşkar qərəzli mövqeyinə görə məhkəməyə getməkdən imtina ediblər. Həm o, həm də Şaiq Həsənov səlahiyyətli dövlət orqanlarından – prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Məhkəmə-Hüquq Şurası və ya Ombudsman Aparatından kiminsə onlarla görüşüb, şikayətlərini dinləməsini istəyib. Yaxınlarının sözlərinə görə, onlar məhkəməyə getmək istəmədiklərinə görə özlərini oturaq nahiyədən mismarla stula bağlayıblar.

 

“Qan məni aparır, yenə təpikləyirlər”

 

Səxavət Orucovun dediyinə görə, onların olduğu kameraya istintaq təcridxanasının rəis müavini və əməkdaşları gəlib. Hər ikisini möhkəm döyüblər:

 

“Dedik ki, bizim təcridxanadan narazılığımız yoxdur. Bizim narazılığımız məhkəmədəndir, problemimizi çatdıra biləcəyimiz səlahiyyətli şəxslə görüşmək istəyirik. Qəfildən cumdular üstümüzə, döyməyə başladılar. Rəis müavini qəfildən əlimdən tutub, sıxanda ülgüc boğazımı kəsdi. Onu itələmək istəyirdim ki, ülgücü boğazımdan çıxarım. Həmin vaxt ülgüc üzümü də kəsdi. Əvvəldən demişdik ki, bizimlə işiniz olmasın, yoxsa özümüzə xəsarət yetirəcəyik. Amma onlar üçün əhəmiyyəti yox idi. Təsəvvür edin, boğazım kəsilib, qan aparır məni, yenə sakitləşmirlər, yerdə təpikləyirlər. Deyirlər, guya özüm xəsarət yetirmişəm. Ağlı başında hansı adam üzünə ülgüc çəkər? Şaiqin üzünə təpiyi elə vurdular, sifəti partladı. Mən öz dövlətimdə özümü erməni əsirliyində hiss elədim. Öz millətindən olan insanlara belə işgəncə verməkdən qürur duyanlar var. Fikirləşirəm ki, mən belə bir vəziyyətdə neyləyə bilərəm? Çarəsiz vəziyyətdəyəm…”

 

Həm Səxavət Orucovun, həm də Şaiq Həsənovun təcridxanada cərimə kamerasına salındığı bildirilir. Vəkil təcridxana rəhbərliyindən müvəkkilinin cəzalandırılması haqda qərarı almaq istəsə də, ona verilməyib.

 

Penitensiar Xidmətin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov Meydan TV-yə deyilənləri yalanlayıb: “Yalan söhbətdir, heç kimə işgəncə verilmir”.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az