[:az]Şəmkir sakini: “Məktəbə getdiyi halda evdə təhsil alırmış kimi rəsmiləşdiriblər”
Şəmkirin Qədimqala kəndinin sakini Namiq Məhərrəmovun şikayəti var. Deyir, təhsil aldığı məktəbdə qızının adı dərs jurnalına salınmır. Səbəb isə onun 2-ci qrup əlilliyinin olmasıdır. 8-ci sinfi bitirən qızı Fatimənin sol əlinin barmaqları yoxdur. Ancaq məktəb bunu sağ əl kimi qeyd edib və uşaq məktəbə getdiyi halda o, evdə təhsil alırmış kimi rəsmiləşdirilib.
Namiq Məhərrəmov deyir ki, görünür, bu, direktora sərf edir. Evdə təhsil adı ilə kimlərəsə pul yazır, silir:
“Qızımın sol əlinin barmaqları anadangəlmə yoxdur. Amma çox yaxşı oxuyur, sinif birincisidir, əlaçıdır. Deməli, 1-ci sinfə getmək vaxtı çatanda əlilliyinə görə onu əvvəlcə göndərmək istəmədim məktəbə. Evdə təhsil yazdılar. Sonra qərarımı dəyişdim, dedim, getsin, bəlkə yaxşı oxuyacaq. Həm də hamı ilə birgə təhsil alsın, qaynayıb-qarışsın. Qızım o qədər yaxşı oxudu ki, elə məktəbə göndərməyə davam etdik. Ancaq adı evdə təhsil alanların siyahısında bir müddət qaldı”.
Ata deyir ki, bu hal qızı 4-cü sinfi bitirənəcən davam edib. Sonra o, yerli təhsil idarəsinə gedərək, qızının məktəbə getdiyini və adının evdə təhsil alan uşaqların siyahısından çıxarılmasını xahiş edib. Deyir, onun bu xahişini canla-başla qəbul ediblər. Ancaq bir müddət sonra qızı Fatimə Məhərrəmova ona adının jurnala daxil edilmədiyini söyləyib:
“Məktəbə getdim, direktorla görüşdüm və səbəbini soruşdum. Dedi, problemi həll edəcək. Yenə bir müddət keçdi, hətta növbəti illərdə də eyni problemlə üzləşdik. Axırda yenidən təhsil idarəsinə getməli oldum. Orda sistemdə baxdılar, dedilər ki, bəli, qızın adı sistemdə yoxdur. Adının jurnala salınması üçün məktəb rəhbərliyi müraciət etməlidir. Yenə gəldim məktəbə və direktor uşağın adını sinif jurnalına daxil etdi”.
Ata deyir ki, bir müddətdən sonra o, yenidən təhsil idarəsinə gedib: “Dedim, bir də yoxlatdırım, görüm problem həll edilibmi. Uşağın adı sinif jurnalında olduğu halda, sistemdə yenə görünmürdü. Çünki direktor onun evdə təhsil aldığını ləğv edib, idarəyə bildirməmişdi. Üstəlik, təsadüf nəticəsində öyrəndim ki, qızımın əlilliyini də səhv sənədləşdiriblər. İlk gündən onun sağ əlinin barmaqlarının olmadığını yazıblar. Məncə, şişirtmək isəyiblər. Axı yazı sağ əllə yazılır. Yəqin göstərmək istəyiblər ki, məktəbə gəlməyə yararlı deyil. Bilmirəm, niyə belə etdiklərini anlamıram. Ağlıma bu gəlir sadəcə. Mənim qızım yazılarını rahat, sağ əli ilə yaza bilir. Hətta özü geyinir, yeməyini yeyir, yəni gündəlik həyatında əziyyət çəkmir. Özü də gələcəkdə müəllimə olmaq istəyir. Yəni ona bu haqsızlığı edənlərlə həmkar olacaq, üz-üzə baxacaqlar. Nə deyim, bilmirəm”.
Namiq Məhərrəmov deyir ki, artıq onun məktəb rəhbərliyinə müraciətləri işə yaramır. Odur ki, problemi məsələni ictimailəşdirməklə həll etmək istəyir. Xahiş edir ki, qızının əlilliyi doğru qeyd edilsin. Onun sol əlinin barmaqları yoxdur, sağ əlində hər şey qaydasındadır:
“Düzdür, özümün də günahım var bu məsələdə. Məsələn, 4-cü sinfə qədər adı evdə təhsil alan uşaqların siyahısında gedib, ancaq məktəbə yollamışam. Bir gün də evdə təhsil almayıb. Gərək ilk gündən bu məsələni həll edəydim. Mən bu işi ləngitmişəm. Amma 5-ci sinifdə oxuyanda adını evdə təhsil alanların siyahısından çıxartdırmışam. Bunun da üstündən 4 il keçib. Bəs bu problem niyə bu günədək həll edilmir?”
Fatimə Məhərrəmlinin təhsil aldığı Elbəyi Qasımov adına Qədimqala kənd orta məktəbinin direktoru Qoşqar Əliyev Meydan TV-yə Namiq Məhərrəmlinin dediklərinin doğru olmadığını söyləyib:
“Əvvəla, mən yeni direktoram. Hadisə əvvəlki, mərhum direktorun zamanında olub. Bəli, uşaq 4-cü sinfə qədər evdə təhsil alıb. Ən azından sənədlərdən belə görünür. Ancaq sonradan valideynin istəyi ilə məktəbə gəlməyə başlayıb və adı evdə təhsil alan uşaqların siyahısından çıxarılıb. Hazırda jurnalda adı var və biz bunu həmin valideynə izah edə bilmirik. Dəfələrlə göstərməyimizə, izah etməmizə baxmayaraq, inandıra bilmirik. Deyir, hardasa baxdırıb, ad yoxdur və s. Bunu deyib, durur. Faktiki sənəd göstəririk, inanmır. Biz daha nə edə bilərik, bilmirəm”.
Qoşqar Əliyev bildirib ki, valideyn bir də gəlsin, bir də göstərər. Yəni qızının adı bütün jurnallarda gedir, heç bir problem yoxdur:
“Özü də çox yaxşı uşaqdır, dərslərini də yaxşı oxuyur”.
Şəmkir Şəhər Təhsil Şöbəsindən Meydan TV-yə məsələni araşdıracaqlarını deyiblər.
Namiq Məhərrəmov isə deyir ki, çox çətinliklə, fəhləliklə 3 uşaq böyüdür, onların yaxşı təhsil almaları üçün əlləşib-vuruşur. Odur ki, narahatdır, istəyir övladının adı jurnalda getsin, o, yaşıdlarından geri qalmasın:
“Bu zəmanədə kasıba qiymət verən yoxdur. Mənim övladımın 2-ci qrup əlilliyi var. Pensiyasını da elə hazırlıqlarına, təhsilinə xərcləyirik. İnanın, hələ ordan bir qəpik də götürməmişik. Elə məni yandıran da budur. Biz əlimizdən gələni edirik, amma yenə də nələrsə çatmır. İstəyirəm uşağım digərlərindən geri qalmasın. Və bilirəm, sistemdə də baxdırmışam. Uşağımın adını jurnala yazıb, göstərməklə deyil. Onun adı evdə təhsil alan uşaqların siyahısından çıxarılmayıb. Mənim başımı aldadırlar”.[:]