[:az]“Vaxtında gəlsəydilər, xilas etmək olardı”
Göyçayın Ləkçıplaq kəndində yaşayan Qarabağ əlili Valeh Qarayevin evi yanıb. Hadisə zamanı onun anası ürək tutmasından vəfat edib.
“Yanğınsöndürənlər gec gəldi”
Yanğın iyulun 31-də baş verib. Valeh Qarayev həyat yoldaşının Alıkənddəki ata yurduna Qurban bayramı münasibətilə baş çəkəndə, özünün Ləkçıplaqdakı evi od tutub. Qarabağ əlili bunun qısaqapanmadan baş verdiyini deyir.
“1985-ci ildə tikilmiş evi idi. Çox köhnə deyildi. Elə yanırdı ki, yaxına gedə bilmədik. Camaat kimi durub baxdıq. Təsəvvür olunmayacaq səviyyədə alovlanmışdı. Yanğınsöndürənlər gec gəldi, təxminən 25-30 dəqiqəyə. Halbuki, şəhər mərkəzindən cəmi 9 kilometr məsafədəyik. Mən xəstə aparanda bu yolu 8 dəqiqəyə gedirəm. Vaxtında gəlsəydilər, nəsə xilas etmək olardı. İkitərəfli yolu var buranın. Yəni, yolu bəhanə eləyə bilməzlər”.
Valeh Qarayevin 79 yaşlı anası Malikə Qarayeva evdə tək olub. Evi söndürməyə cəhd edib.
“Görüb yanır, bir az yaxına gəlib, ayaqları tutulub. Xurma ağacının yanındaca qalmışdı. Dili tutulmuşdu. Mən gələndən bir az sonra keçindi. Xəstə insan idi. İki dəfə infarkt keçirmişdi”, – qadının oğlu danışır.
Evdə bütün əşyalar yanıb. Qalıqlar da bundan xəbər verir. Valeh Qarayev deyir ki, bütün geyim, məişət, zinət əşyaları, sənədlər, üstəlik, 15 min manat pul da yanıb.
“Heç kibrit çöpü də çıxara bilmədik. 15 metrdən irəli getmək olmurdu”, – ev sahibi yanğını belə xatırlayır.
“Uşaqlarım betonun üstündə yatır”
İndi ailənin yaşamağa yeri yoxdur. Dörd nəfərlik ailə həyətdəki təndir yerində məskunlaşıb.
“Altıncı sinifdə oxuyandan işləməyə başlamışam. Sonra Qarabağ müharibəsi… İndi bu vəziyyətə qalmışıq. İnanın, uşaqlarım betonun üstündə yatır. Heç nəyimiz yoxdur. Qonşular yemək gətirir, yeyirik. Qohumlar da eləcə. Çay, yemək gətirirlər. Təndir yeri var həyətdə, orada betonun üstündə yatırıq. Hər iki uşağım buna görə xəstələnib. Qonşulardan bişirməyə balıq, kartof, soğan, hətta istifadə üçün yorğan gətirən olur”, – Valeh Qarayev danışır.
Qarabağ əlilində üçüncü dərəcəli kontuziya qeydə alınıb. Belindən ağır travma alıb. Cərrahiyyə əməliyyatı keçirməli olub, belinə implant qoyulub: “Evə, mənə verilən 130 manatdan başqa pul gəlmir. Başqa heç yerdən pul gəlmir evimizə. Atamdan bir köhnə traktor qalıb. Ayağını tutursan, başı gedir. Sürüb iş dalınca gedirəm, sınıb qalır. Gətirdiyi qazanc xərcini ödəmir. Ehtiyat hissələri mağazasına nə qədər borcum var”.
Yazı hazır olanda Valeh Qarayev zəng vurub xəbər verdi ki, Göyçay Rayon İcra Hakimiyyətindən onunla onlayn qaydada görüş keçiriblər. Amma hər hansı kömək edə bilməyəcəklərini deyiblər.
“Kiçik məmurlar Qarabağ əlili görəndə həmişə kobud danışırlar. Düşmən kimi baxırlar bizə….”, – Qarabağ əlili deyib.
Göyçay Rayon İcra Hakimiyyətindən Meydan Tv-yə deyiblər ki, qurumda vətəndaşların sosial problemlərini həll etmək üçün vəsait yoxdur.[:]