[:az]Azərbaycan Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin oğlu Mehdi İbrahimovun 5 gündür aclıq aksiyası keçirdiyi bildirilir. Bu barədə məlumatı qardaşı Turan İbrahim özünün “Facebook” hesabında paylaşıb:
“Ombudsman da təsdiq edib ki, qardaşım artıq 5-ci gündür ki, aclıq aksiyasını davam etdirir. Deyirlər bugün Tubzonda saxlanılanlarla görüşüblər. Mehdi İbrahimov, barəsində aparılan istintaqın gedişindən narazılığını əsas göstərərək yemək qəbulundan imtina edəcəyini bildirib, eyni zamanda, səhhətindən şikayətlənib.”
Xatırladaq ki, M.İbrahimov Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsilə – koronavirus yaymaqda ittiham olunub. Ailə üzvləri isə bildirir ki, bu ittiham saxtadır, Mehdi virusa yoluxmayıb. Onu iyulun 15-də Qarabağa dəstək yürüşündə iştirakına görə saxlayıblar. Sonradan onu buraxmaq istəsələr də, AXCP funksioneri Məmməd İbrahimin oğlu olduğunu biləndə saxlamaq qərarına gəliblər. İyulun 20-də isə ona koronavirusu yayma ittihamı verilərək, barəsində cinayət işi başlanıb.
M.İbrahimov futbol məşqçisidir. Ailəsi bildirir ki, atası və digər iki qardaşından fərqli olaraq, o, siyasətdən kənarda olub.
[:]