[:az]AXCP üzvü ilə bağlı mənfi rəy verənlər arasında Səadət Bənənyarlı da var
AXCP üzvü Orxan Baxışlının vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı istəyi gerçəkləşməyib.
Avqustun 11-də Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə 3 il azadlıqdan məhrum edilən siyasi fəalın vaxtından əvvəl azadlığa buraxılmasına dair məhkəmə prosesi keçirilib. Proses onlayn rejimdə baş tutub. Məhkəmə Cinayət Məcəlləsinin 76.3.1-ci maddəsinə əsasən AXCP üzvünün cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair iddiaya baxıb.
14 saylı Cəzaçəkmə Müəssisəsinin rəisi, ədliyyə polkovnik-leytenantı Namiq Qocayev və ədliyyə kapitanı Vüsal Zeynalovun Orxan Baxışlı haqqında mülahizəni Alt Komissiyaya təqdim edilib.
Bildirilib ki, Orxan Baxışlı 10 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi zaman daxili rejim qaydalarını pozub:
“Konkret olaraq, Orxan Baxışlı 2018-ci ilin 19 oktyabr tarixində saxlandığı kamerada heç bir səbəb olmadan qeyri-qanuni tələblər irəli sürüb, səs-küy salaraq başqa məhkumların diqqətini özünə cəlb edib. Buna görə ona “töhmət” elan edilib. Orxan Baxışlı ötən ilin 27 mart tarixində telefon otağında qeyri-qanuni tələblər irəli sürdüyü üçün 13 gün cərimə təcridxanasına salınıb. 2019-cu ilin 11 avqust tarixində Orxan Baxışlı görüş otağında anasına məktub verməyə cəhd göstərdiyinə görə ona “töhmət” elan olunub”.
Mülahizədə qeyd olunub ki, məhkumla aparılan söhbətlərdən bu qənaətə gəlinib ki, o, etdiyi cinayəti boynuna almır, barəsində çıxarılan hökm və qərarlardan narazıdır, törətdiyi cinayət əməlini etiraf etmir və əsassız həb olunduğunu iddia edir:
“Onun əməyə münasibəti mənfidir, tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarmır, verilən tapşırıqları yerinə yetirməkdən yayınır. Ailə üzvləri və yaxın qohumları ilə münasibəti qənaətbəxşdir. Xasiyyətcə tərs və təkəbbürlüdür. Məhkum yoldaşları və müəssisə əməkdaşlarına qarşı qeyri-səmimidir”.
Alt Komissiyanın qərarına əsasən, məhkum Orxan Baxışlının cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti azadlığa buraxılması barədə mənfi rəy verilib.
Səsvermədə komissiya üzvləri Ramin Osmanov, Faiq Dadaşov, Füzuli Hüseynov, Səadət Bənənyarlı və Namiq Qocayev rəyi dəstəkləyiblər.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı Meydan TV-yə mənfi rəy verdiyini təsdiqləyib. Amma bildirib ki, ona göndərilən işlərdə məhkumun xasiyyətnaməsi və qaydaları pozduğu qeyd edilir:
“Mənə gələn mülahizə əsasında imzamı atmışam, mən Orxan Baxışlını vizual görməmişəm. İndi təsəvvür edin ki, bu şəkildə sənəd gəlirsə, mən müsbət rəy verməliyəm?! Bəli, onun anası Kəmalə xanım mənim yanımda olub. Bir daha deyirəm, mənfi rəy vermişəm, amma həmin rəyə necə müsbət qoya bilərdim? Çünki birinci tələb məhkumun islah olunmasıdır, demirəm ki, Baxışlı cəzasını etiraf edərdi, sadəcə, elə bir şey edərdi ki, ona xasiyyətnamə yazanda bir ayaq yeri qoyardı ki, biz nəsə edə bilərdik”.
“Siz hüquq müdafiəsçisi kimi araşdıra bilməzdinizmi” sualına S.Bənanyarlı belə cavab verib:
“Mən xasiyyətnaməyə əsasən imzalamışam və mən rəy verirəm, müsbət olsaydı da, bununla onu azad etməyəcəklər. Mən protokola baxıb mənfi rəy vermişəm. O qədər Orxan Baxışlı var, mən nə bilim odur. Bəli, bilirəm ki, o, Gürcüstanda oxumalıydı, anasını da tanıyıram. Amma dəqiq həmin Orxan Baxışlı olduğunu bilmədim”.
Orxan Baxışlı 2018-ci il mayın 6-da saxlanılıb. İttihama görə, onun cibindən 6 qram heroin tapılıb. Cəbhəçi gəncə qarşı CM-nin 234.4.3 (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama və ya daşıma) maddəsilə ittiham irəli sürülüb. Orxan Baxışlı ittihamın saxta olduğunu, Elmlər Akademiyasının bağında getdiyi yerdə polislər tərəfindən saxlanılıb idarəyə gətirildiyini və cibinə də narkotiki onların atdığını bildirir.
2018-ci ilin 18 sentyabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Orxan Baxışlı 6 il azadlıqdan məhrum edilib. Ötən il iyunun 4-də Ali Məhkəmə O.Baxışlının cəzasını 3 ilə endirilməsi haqda qərar qəbul edib.
Gənc fəalın üzvü olduğu AXCP də onun cəbhəçi olması, sosial şəbəkələrdə və aksiyalarda hökumətin ünvanına səsləndirdiyi tənqidlər səbəbindən həbs olunduğunu bəyan edib.
Meydan TV[:]