[:az]Anar Məmmədli: Cəbhənin təmas xəttində ATƏT-in monitorlarının sayı artırılmalıdır[:]

tərəfindən Gozetci

[:az]SMDT rəhbəri Anar Məmmədli ötən gün cəbhə xəttində Ermənistan və Azərbaycan tərəfləri arasında baş verən münaqişəyə münasibət bildirib. A.Məmmədli özünün facebook hesabında qeyd edib ki, nə qədər ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh sazişi imzalanmayıb, hər iki tərəfdən atəşkəsin pozulması halları və itkilər labüd olacaq:

“Nə qədər ki, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı sülh sazişi imzalanmayıb, hər iki tərəfdən atəşkəsin pozulması halları və itkilər labüd olacaq. Bu baxımdan maksimum şəkildə atəşkəs dövründə itkilərdən yayınmalıyıq. Bunun üçün hərbi müdafiə xətti və cəbhəboyu ərazilərin təhlükəsizliyi modern standartlara uyğun təkmilləşməlidir.
Dünən başlayan hərbi toqquşma ilə bağlı Ermənistan tərəfinin açıqlaması inandırıcı deyil. Az-çox hərbi sahədə təcrübəsi olan şəxslər UAZ avtomobili ilə hücum baş verməsini mümkünsüz sayır.
Bizim tərəfə gəldikdə, Müdafiə Nazirliyinin yaydığı xəbərlər azdır, daha ətraflı və müfəssəl məlumat və təhlillərə ehtiyac var. Problem burasındadır ki, MN-nin yaydığı məlumatlar o qədər məhddudur ki, nə müstəqil, nə də iqtidaryönlü hərbi-analitiklər yerli və beynəlxalq ictimaiyyəti təmin edən təhlillər hazırlaya bilirlər. Bu qurumun media və kommunikasiya siyasəti yenilənməlidir. Dünən xidməti vəzifəsini yerinə yetirən hərbi qulluqçuların hansı döyüş şəraitində həlak olması və yaralanmasına dair daha tutarlı açıqlama verilməlidir. Bu yerli və beynəlxalq ictimaiyyətin baş vermiş təcavüzlə bağlı daha dolğun məlumatlanmasına yardım edə bilər. Eyni zamanda MN hərbi qullluqçuların həyatının zəruri səviyyədə müdafiə olunmadığına dair şübhələri aradan qaldırar.
Veb sayt, facebook və tvitter üzərindən yaxşı çalışa bilmirlər. Məsələn, UAZ-la bağlı olaya 3-4 dəqiqəlik animasiya filmi çəkib təkzib vermək olardı. Bütün bunların əvəzinə MN rəsmisinin sosial media istifadəçilərinə paylaşımlarla bağlı tövsiyyəsi özbaşınalıqdır və onun vəzifə səlahiyyətinə aid məsələ deyil.

Son iki gündə Ermənistan cəmiyyətinin olaya reaksiyası əfsus ki, rəsmi mövqedən fərqlənmədi. Bəzi iddialar var ki, hazırda həm orduda, həm də qondarma DQR-in siyasi rəhbərliyində Paşinyan tərəfdarları ilə əleyhdarları arasında çəkişmələr var. Bu cür çəkişmələr dönəmində təxribatların baş verməsi qaçılmaz olur. Ümumiyyətlə, indiki şəraitdə Paşinyanın status-kvonu qorumaqdan savayı işi yoxdur. Son iki ildə onun münaqişənin həlli ilə bağlı kompromislərə soyuq münasibətinin arxasında status-kvonu saxlamaq niyyəti durur.
Maraqlı burasındadır ki, hazırda Ermənistan MN-nin mətbuat xidməti vəzifəsini tutan şəxslə yanaşı vaxtilə bu vəzifədə olmuş şəxs də açıqlamalar verir. Hətta bir erməni jurnalist bunun çaşqınlıq yaratdığını bildirib. Sərhəddə bir yüksəkliyin tutulması xəbərini də sabiq mətbuat xidməti yayıb.
İlham Əliyevin Ermənistanda siyasi vəziyyətlə bağlı son açıqlaması isə əsasən bizim ölkənin mövcud durumuna uyğun gəlir. Hazırda Covid-19 pandemiyası sosial-iqtisadi durumla yanaşı insanların gündəlik yaşamı və psixologiyasını mənfi izlər buraxıb. Ölkədə gündən-günə artan sosial bərabərsizlik müharibə əhval-ruhiyyəsi ilə müşayiət olunsa daha ağır siyasi nəticələr doğura bilər. Ona görə də insanların cari sosial qayğıları müharibə ritorikası ilə sıxışdırılmamalıdı. Ölkə üçün taleyüklü məsələ bu pandemiyadan az itki ilə çıxmaq, post-pandemiya dövrünün sosial-iqtisadi şərtlərinə hazırlaşmaqdı.
Müharibə mövzusundan ölkənin siyasi rəhbərliyi sui-istifadə etməməlidir. Azərbaycan əhalisinin hər 10 nəfərinin biri bu münqişədən əziyyət çəkib, müxtəlif travması və yaşantıları var. Belə həssas mövzuda ictimai rəyi manipulyasiya etmək olmaz. Əksinə, ölkənin sağlam siyasi qüvvələri əhalini inandırmalıdır ki, köklü hüquqi-siyasi islahatlar həyata keçirib beynəlxalq dəstəyi gücləndirməklə işğalçı tərəfi diplomatik müstəvidə güzəştlərə sövq etmək olar. Bu imkan hələ də aradan qalxmayıb. Və bu dönəmdə münaqişə ilə bağlı ən önəmli məsələ cəbhə xəttində yaşayan mülki əhali və hərbi hissələrin təhlükəsizliyini gücləndirməkdi.
Nəhayət, ATƏT-in Minsk Qrupunun təmas xəttində mandatının təkmilləşdirilməsi bağlı diplomatik səylər artırılmalıdır. Bunun üçün Minsk qrupunu işğal altında olan ərazilərdə əhalinin yerləşməsini öyrənmək üçün vaxtaşırı Fakt-araşdırıcı missiyalar təşkil etməyə və atəşkəs rejiminin müşahidə edən monitorların sayını artırmağa yönəltmək lazımdır. Xüsusən də cəbhə xətti boyu mülki əhalinin yaşadığı ərazilərdə monitor postlarının sayı çoxaldılmalıdı.”[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az