[:az]“Maşına hücum çəkdilər, təpiklədilər, əzdilər, şüşələrini qırdılar, saçımdan tutub yerə yıxdılar, qabırğalarımı qırdılar, Sultanın dişlərini qırdılar. Sultanın üstünə narkotik şəri atıb həbs etdilər. İndi də məni hədələyib tələb edirlər ki, onun əleyhinə ifadə verim. Deyirlər, üzünə durmasan, səni də türməyə göndərəcəyik”.
Bunları Meydan TV-yə Bakı sakini Aytac Məmmədova danışır. Onun sözlərinə görə, bu il martın 31-də onu və yaxın dostu Sultan Əliyevi Göygöl və Kəpəz polisi döyüb, Sultan Məmmədovu həbs edib, maşındakı əşyalarsa hələ də sahibinə qaytarılmayıb.
“Boğazından yapışıb boğa-boğa yerə düşürmək istədi”
“Mən Göygöl, Sultan Gəncə qeydiyyatındadır, ancaq Bakıda yaşayırıq. Sultan “KİA Optima” markalı avtomobil kirayələmişdi, martın 18-də Gəncəyə qonaq getdik. Getmişkən, torpaq almağı da düşünürdük. Buna görə il ərzində işləyib topladığımız 12 min manatı da götürmüşdük. Qəflətən karantin elan olundu, Bakıya qayıda bilmədik. Martın 31-də Sultan, mən və iki dostumuz Hacıkəndə getmək istədik, gecə saat 12 olardı. Gəncənin çıxışındakı postdan buraxdılar, dedilər, qarşıdakı posta da məlumat verəcəyik, sizi buraxacaqlar. Növbəti postda maşını buraxmadılar, əvvəl dedilər, geri qayıdın, Sultan xahiş elədi ki, heç olmasa dəmir maneəni götürün, mən dönüb geriyə – Gəncəyə qayıdım. Bildirdilər ki, yox, maşının cəriməsi var, cərimə meydançasına aparmalıyıq. Onda Sultan dedi ki, qadın xeylağını küçənin ortasında qoya bilmərəm, birlikdə aparaq Gülüstan qəsəbəsinə evə qoyaq, sonra hara deyirsizsə, gedək. Polislər razılaşmadı, buna görə də mübahisə düşdü, polislərdən biri Sultanın boğazından yapışıb söydü, onu boğa-boğa maşından yerə düşürtməyə çalışdı. Vəziyyəti belə görəndə biz maşını hərəkətə gətirib ordan uzaqlaşdıq”.
“Saçımdan yapışıb yerə yıxdılar, qabırğalarımı qırdılar”
Aytac Məmmədovanın sözlərinə görə, əvvəlcə avtomobili Göygölün yol polisi və post-partul xidmətinin avtomobilləri təqib edib, sonra təqibə Kəpəz yol polisi ilə post patrul xidməti də qoşulub:
“Maşınımızı sağdan da, soldan da sıxdılar, iki dəfə maşınımızı vurdular. Nəhayət, Sultan maşını atasına məxsus olan və Gəncədə yerləşən kolbasa sexinin qarşısına sürdü və orada müşahidə kamerasının altında saxladı. Polislər maşınlardan tökülüşüb bizim maşını təpiklədilər, əzdilər, şüşələrini qırdılar, bizi döydülər. Sultan onkoloji xəstədir, bir müddət əvvəl əməliyyat olunub. Buna baxmayaraq ona polis şöbəsində də işgəncə verdilər. Maşındakı əşyalarımızı götürməyimə imkan vermədilər. Saxlanc yerindəki 12 min manatdan, mənə məxsus pulqabındakı 180 manatdan, “İpone” markalı mobil telefonumun bahalı qulaqcığından, adapterindən və digər əşyalarımızdan hələ də xəbərimiz yoxdur, o əşyaların heç adı da çəkilmir”.
“Ekspertizaya göndərişi 1 aya ala bildim, artıq gec idi”
Aytac Məmmədovanın sözlərinə görə, o, döyülməsi ilə bağlı ekspertizadan keçmək istəsə də, polis ona göndərişi 1 aydan sonra verib:
“Saçımdan tutub maşından yerə yıxdılar, döyüb qabırğalarımı qırmışdılar, ekspert dedi, polisin göndərişi olmasa, müayinə edib rəy verə bilmərəm. Göndəriş 1 aydan sonra verildi, o vaxta kimi də artıq sınıqlar birləşmişdi. Sultanınsa ağzında salamat dişi qalmayıb, hamısını qırıblar, çənəsini sındırıblar. Maşını Kəpəz Rayon Polis Şöbəsinin həyətində gördüm, əşyalarımız üçün baxdım, heç biri yerində yox idi, oturub hönkür-hönkür ağladım”.
“Tələb edirlər ki, Sultanın üzünə dayanaq”
Sultan Əliyevə qarşı Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) və 315 (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddəsi ilə cinayət işi başlanıb. Kəpəz Rayon Məhkəməsi aprelin 1-də onunla bağlı 3 aylıq həbs-qətimkan tədbiri seçib. Hazırda Gəncə İstintaq Təcridxanasında saxlanılır. Aytac Məmmədovanın deməsinə görə, ittiham saxtadır, Sultan şərlənib. Prokurorluq həm Aytac Məmmədovadan, həm də hadisə zamanı maşında olan iki dostundan Sultanın əleyhinə ifadə almağa çalışır:
“Sultanın boynuna 46 qram narkotik qoyublar, ancaq o, ittihamı qəbul etmir, elə buna görə də işgəncə verilir. Məni də, həmin dostlarımızı da hədələyirlər ki, Sultanın üzünə duraq. Hətta yaşlı anama da zəng vurub hədələyirlər ki, qızın Sultanın üzünə dayanmasa, onu da həbs edəcəyik. Dostları da hadisə vaxtı döyülüb, ancaq biri əvvəlcə istintaqa ifadə verəndə təzyiqlər nəticəsində döyüldüyünü inkar etmişdi, yazmışdı ki, döyülməyib. Üzləşmə vaxtı dedim, sənin döyülmə görüntülərin var, niyə düzgün ifadə vermirsən? O da yalan ifadə verdiyinə görə utandı, dötyüldüyünü etiraf etdi. Digər dostumuz isə ümumiyyətlə, hələ də ifadə verməyib, çünki tələb edirlər ki, Sultanın üzünə dursun, o da buna görə ifadə verməyə getmir”.
Aytac Məmmədova baş verənlərlə bağlı baş Prokurora, Daxili işlər nazirinə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib.
Ehsan Zahidov: “Onlar elə bir vəziyyətdə olub ki, heç üzərlərində 12 manatları olmayıb”
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Ehsan Zahirov Meydan TV-yə deyilənlərin doğru olmadığını söyləyib:
“Xüsusi karantin rejimi dövründə gecə saat 2-nin yarısında polislər Göygölün ərazisində postda olarkən baxıblar ki, bir maşın gəlir. Əl ediblər, amma sürücü maşını saxlamaq əvəzinə vurub şlaqbaumu aşırıb gedib. Polis əməkdaşının birini də vurub. “Saxla!” əmrinə qulaq asmayıb, gəlib Gəncə ərazisində növbəti bir şlaqbaumu uçurub. Bundan sonra Bakı-Yevlax yolundakı şlaqbaumu aşırıb. Saxlanılarkən məlum olub ki, 3 oğlan və bir qız var maşında. Gətiriblər polis idarəsinə, məlum olub ki, dördü də narkotikdən istifadə edib. İkisinin üzərindən narkotik maddə götürülüb. Hazırda Göygöl Rayon Polis Şöbəsində cinayət işi qaldırılıb və maşını idarə edən şəxs məhkəmənin qərarı ilə həbs olunub. Digər 3 nəfər isə zamindədir. Maşında 12 min manat olması söhbəti isə tamamilə uydurmadır. Onlar elə bir vəziyyətdə olub ki, heç üzərlərində 12 manatları olmayıb. Dəfələrlə yoxlanılıb və məlum olub ki, onlar bu pul məsələsində polisə şər atırlar”.
Meydan TV[:]