[:az]12 ailənin həyatına təhlükə yaradan yataqxana[:]

tərəfindən Gozetci

[:az]

1-ci qrup əlil olan Tamara xanım bu binada məskunlaşanda 40 yaşı vardı, indi 70-i haqlayıb

“Uzun illərdir ki, hən an başımıza uça biləcək bir binada məskunlaşmışıq. Heç bir aidiyyəti qurum vəziyyətimizlə maraqlanmır. Qoca, uşaq, xəstə, əlil – hökumət hamımızı Allahın ümidinə buraxıb”.

Şamaxının Kiçik Xınıslı kəndində – Rəsulzadə küçəsindəki yataqxana binası burada yaşayan insanların həyatı üçün təhlükəyə çevrilib. Yataqxana sakinləri binanın fotolarını Meydan TV-yə göndərib.

“Şəraitsizlik, havasızlıq ömrümüzdən kəsir”

Ağdam köçkünü olan Tamara ailəsiylə bu binaya sığınanda yaşı 40-dan bir az keçibmiş, indi 70 yaşındadır. Tamara xanımın bir ayağı amputasiya olunub, 1-ci qrup əlildir. Deyir, yaşadığı şərait onun sağlamlığına daha da zərbə vurur, ömrünü qısaldır:

“Zirzəminin siçovulları dəhlizlərdə “meydan sulayır”. Mətbəx, ayaqyolu, hamam – bunlardan danışılası deyil, xəstəlik mənbəyidir. Burda məskunlaşanların hamısı kasıb, işsiz ailələrdir. İmkan yoxdur ki, özümüz divarına, döşəməsinə əl gəzdirək. Aradabir hamamdakı duşu dəyişirik, ancaq bununla iş bitmir. Su, işıq xətləri çoxdan sıradan çıxıb, əsasən də qışda evlərdə istilik cihazları işə salınanda qısaqapanmalar baş verir, yanğın təhlükəsiylə üz-üzə qalırıq”.

“Su, işıq xətləri çoxdan sıradan çıxıb”

60 yaşlı tikili…

Fəsadları köhnəlmiş bina 3 mərtəbəli, ikiblokludur. 27 ildir ki, hər blokda 6 köçkün ailəsi məskunlaşıb. Dəhlizlərdə arakəsmələrlə özlərinə kiçik mətbəx düzəldiblər. Binanın daxili divarları suvağına qədər tökülüb, aralanıb, döşəmələr çürüyüb:

“60 il əvvəl tikilmiş binadır, dövlət divarına bircə dəfə rəng də çəkməyib. Qəzalıdır deyə, adamın əli gəlmir nəsə etsin, çünki burda nəyisə düzəltməklə təmir etməklə iş bitmir, bina özülündən sökülməlidir, yenisi tikilməlidir, divara balaca bir mismar vursan adamın başına uçar”.

Köçkünlərin sözlərinə görə, havasızlıq, şəraitsizlik binadakı xəstə, yaşlı insanların səhhətinə mənfi təsir göstərir, azyaşlılar ilboyu xəstə olur.

Köçkünlər indiyədək aidiyyəti qurumlara yalnız şifahi şəkildə müraciət ediblər. Onların istəyi qəzalı binadan yeni yaşayış yerinə köçürülməkdir.

“Binada əsaslı təmir işləri aparılmalıdır”

Şamaxı Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, həmin yataqxana 1961-ci ildə 2 saylı internat məktəbin məzunları üçün tikilib. 1993-cü ildə işğal olunan rayonlardan gələn köçkünlər həmin yataqxanada məskunlaşıblar, bu günədək də orada yaşayırlar. Təhsil Nazirliyinin balansında olan binada əsaslı təmir aparılması üçün əvvəlcə köçkünlər oradan köçürülməlidilər. Bu işi isə Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi həyata keçirməlidir. Yaxın vaxtlarda binaya Fövqəladə Hallar Nazirliyinin müvafiq komisiyası tərəfindən baxış keçirilməsi üçün də həmin quruma müraciət olunacaq.

“Mətbəx, ayaqyolu, hamam – bunlardan danışılası deyil, xəstəlik mənbəyidir”

Meydan TV

[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az