[:en]Seymur Kazımov: Atam yarıtmaz səhiyyənin qurbanı olub[:az]Atam yarıtmaz səhiyyənin qurbanı olub[:]

tərəfindən Gozetci

[:az]Jurnalist Ramin Bayramlıya açıq məktub ünvanladı

3 gün öncə atasını itirən jurnalist Seymur Kazımov “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə heyətinin sədri Ramin Bayramlıya açıq məktub yazıb.

Jurnalist yazır ki, atası 10 gün müddətində yüksək hərarətdən əziyyət çəkib. O, ölümündən 4 gün öncə COVİD-19 testi verib. Testin neqativ cavabı isə öldüyündən 2 saat sonra gəlib.

Seymur Kazımov deyir ki, xəstəxanada atasına ikitərəfli pnevmaniya dioqnozu qoyulub. Əlamətləri COVİD-19 virusuna bənzər olduğunda 10 gün müddətində ailələri çox əziyyət çəkib. Atası üçün çağırılan təcili tibbi yardımdan tutmuş, xəstəxanaya yerləşdirilməsinə qədər, hər şeydə problem yaşayıblar.

Jurnalist məktubunda bildirir ki, Azərbaycanda səhiyyənin vəziyyəti hamıya məlumdur, hətta bu sistemi tərif edən “zəhmətkeş” məktubları yazanlara da:

“Amma mən bizim səhiyyəmizin, konkret olaraq, sizin rəhbəri olduğunuz TƏBİB-in insanlara olan biganəliyindən yazmaq istəyirəm. Azərbaycan səhiyyəsinin növbəti qurbanı mənim atam oldu. 10 günün içərisində qızdırmadan əziyyət çəkən atama normal tibbi xidmət göstərilmədi. Biz aidiyyatı üzrə qeydiyyatda olduğu Xırdalan Təcili Tibbi Yardıma zəng etdik. Telefonun o tərəfindəki qız “qızdırma” sözünü eşidən kimi, “yox, yox, yox, qızdırmadırsa, biz gəlmirik, TƏBİB-in qaynar xəttinə zəng edin” dedi. Heç məsələyə axıradək qulaq asmadı da. Bundan sonra TƏBİB-in qaynar xəttinə zəng etdik. Ancaq cavab ala bilmədik. Dəfələrlə zəng edirik. Hətta eyni anda bir neçə telefonla zəng edirik. Nəhayət, cavab verən tapıldı. Onlar da “hərarəti var” – sözünü eşidən kimi test olub-olmadığını soruşdular. “Yox” – cavabını verdik”. Mərkəzə məlumat verəcəyini, gəlib test götürəcəklərini dedilər. Saatlar, günlər keçdi, amma gəlmədilər”.

Jurnalist deyir ki, bundan sonra atasının hərarəti 38-i keçib. O, bir də TƏBİB-ə zəng edib. Ancaq bu dəfə birbaşa mərkəzə. Yenə “mütləq test götürülməlidir”, – cavabını veriblər:

“Yenə gözlədik, gəlmədilər. Məcbur qalıb özümüz müdaxilə etmək qərarına gəldik. İynə-dərman və s. Ev şəraitində əlimizdən gəldiyi qədər. Budur, saatlar sonra həkim gəlir. Gəlir, qızdırmadan qıvrılan, yanan adama baxır, baxır, baxır… dimedrol-analgin vurur və gedir. O gedəndən sonra hərarət daha da şiddətləndi. Bu dəfə məcbur qalan xəstə məhz o vəziyyətdə, bəli, o vəziyyətdə öz ayağı ilə rentgenə getdi. Ona xəstəxanada ikitərəfli ağciyər pnevmaniyası dioqnozu qoyuldu. Evə gəldik, hərarət düşmədi. Bir gün də dava-qırğından sonra 2 həkim gəldi. Yenə atama dimedrol-analgin vurub, getdilər”.

Seymur Kazımov deyir ki, bəli, atasının şəkəri də olub. Ancaq öldüyü gündən bir gün öncə istisna olmaqla, şəkərin dozasının artması halları yaşanmayıb:

“Ölümündən 4 gün öncə nəhayət, test götürülür. Test götürən adamlar da onun vəziyyətini, hansı əzab-əziyyətlərə qatlaşdığını da görürlər. O vəziyyətdə qoyub gedirlər. Son 4 gün qızdırma artıq 39-a doğru irəliləyir. Şəkər qalxıb 360-a. Bu dəfə Xırdalandakı təcili yardıma zəng etdik. Dedilər ki, testin cavabını gözləmək lazımdır. İzah edəndə ki, “adam rəsmən ölür, testin cavabını gözləyənədək müdaxilə etmək gərəkdir”, bu dəfə eşitdiyimiz cavab çox “maraqlı” oldu: “Bizə virusdan qorunmaq üçün paltar verilməyib”. Bakıdakı mərkəzə zəng edirsən, onlar da testin cavabini soruşurlar. Yenə eyni vəziyyət, izah edirsən, başa salırsan ki, adam ölür, yardım edin. Həkim gəlir, yox, bu dəfə gəlmir zəng edir və deyir, “biz onsuz da onu heç yerə aparası deyilik, gəlib dimedrol-analgin vurub gedəcəyik. Gələk?” Bəli, məhz elə bu cür də deyirlər”.

Jurnalist deyir ki, iyunun 12-si səhər saatlarında atasının hərarəti və şəkəri qalxıb. Yenə onlar Bakıya zəng ediblər. Çox danışıqdan sonra bir həkim gəlib. Xəstənin vəziyyətini gözləri ilə görüb. Sonra “mənə desinlər aparım, testin cavabı olmadan apara bilmərik”, – deyib:

“Ona, “görmürsünüz, adam ölür axı, bir şey edin” deyəndə də, başladı özünü tərifləməyə, “mən 30 ilin həkimiyəm-filan”. Nə isə, bir dimedrol-analgin də bu vurur və gedir və iki saatdan sonra gələcəyini deyir.

Günortaya doğru vəziyyət kəskinləşir, şəxsi maşında “SEMAŞKO”yə gətirilir. Orada rentgen edirlər və yerləşdirirlər reanimasiyaya. Günortadan bir qədər keçdikdən sonra xəstəxanadan zəng gəldi ki, pasiyentinizi götürün, sağ qalacağına ümid yoxdur. Soruşanda ki, “ikitərəfli pnevamaniyalı xəstədir, onu hara aparaq, heç testin nəticəsi də yoxdur”, cavab verilir ki, “gəlin, götürün”. Götürməyə gedirdim ki, qohumlardan biri zəng etdi ki, “tələsmə, atan keçindi, gəl morqun qarşısına””.

Seymur Kazımov deyir ki, ölümündən 2 saat sonra artıq işlətməyəcəyi nömrəsinə, koronavirus testinə “neqativ” mesajı gəlib:

“Bu, bizim ailəmizin 10 gün ərzində atamla bağlı çəkdiyi əziyyətin qısa məzmunudur”.

Məktubun sonunda jurnalist aidiyyatı qurumlara suallar ünvanlayıb:

  1. Azərbaycanda koronavirusdan başqa xəstəliyi olanlar yoxdur, yoxsa, başqa dərdi olanlar xəstəxanalarda müalicə ala bilməz? Məgər, qızdırma ancaq COVID-19 əlamətidir?
  2. Həkimləriniz tez-tez deyir, elə Operativ qərargahda da dedilər ki, xəstəxanalarda yer yoxdur. Mən də soruşuram, xəstəxanaların dolması mənim atamın günahı idi? Yoxsa, Operativ qərargahın məsuliyyətsiz qərarlarında onun da imzası var?
  3. “Xəstəxanada niyə yer yoxdur? məsələsinə”. Birdən-birə bütün obyektlərin açılması, insanların sərhədsiz küçələrə axışması qərarını kim verdi?
  4. Operativ qərargahın tibbi heyəti kimlərdən təşkil olunub, onların adları və vəzifələri bugünədək niyə açıqlanmır, axı, xəstəxanaların dolmasına səbəb məhz bu şəxslərin aldıqları məntiqsiz qərarlardır.
  5. İkitərəfli pnevmaniya, 39 qızdırma, 360 dozalı şəkər xəstəsinə “testinizin cavabı pozitiv olsa, sizi xəstəxanaya yerləşdirəcəyik, neqativ olsa ev şəraitində müalicə olun” demək göstərişini kim verib, siz? Bu qərara gəlmək hansı beynin məhsuludur?
  6. Testin cavabı niyə 3 gün ərzində çıxır? Niyə ən geci 1 saat ərzində cavabı məlum olan testlər gətirilmir ölkəyə? İnsanlar niyə 3 gün ölümlə üz-üzə qalmalıdır? Korona fonduna milyonlar yığılıb, nə üçün onlar xərclənmir? Vəziyyət getdikcə gərginləşir, dünya açılıma gedir, Azərbaycan qapanır. Nəyi gözləyirsiniz?
  7. “SEMAŞKO”da morqun qarşısında yaxınlarını itirmiş insanlala söhbət zamanı məlum oldu ki, demək olar ki, əksəriyyətin qohumu pnevmaniyadan əziyyət çəkirmiş. Pnevmaniya koronavirusun əsas simtopmlarından biri olsa da, onu virus hesab etmirsiniz, çünki cavabı 3-4 gündən sonra məlum olan test neqativ göstərir. Sizcə, pnevmaniyanın sayı niyə belə artıb. İndi yay fəslidir. Bu fəsildə onların hamısının ciyərlərinə soyuq dəyib? Ötən il nə qədər olub yayda pnevmaniyadan ölənlərin sayı?

Sonda Seymur Kazımov deyir ki, tez-tez Azərbaycanı bəzi ölkələrlə müqayisə edirlər- İtaliya, İspaniya, Fransa, ABŞ… “burada insanlar qırılırdı amma bizdə vəziyyət daha yaxşı idi”.

“Bəli, yaxşı idi, daha deyil. Bu adını sadaladıqlarınız səhvlərdən nəticə çıxardılar, amma Azərbaycan səhv etməyə davam edir. Yoxsa, “vətəndaşlar məsuliyyətsizdir, maska taxmır, spirtdən istifadə etmir, sosial məsafə gözləmir” kimi ədəbiyyata gərək yoxdur. Fərz edək ki, yuxarıdakı ölkələrin durumu pisdir, o zaman mən yaxşı nümunələri də bölüşüm: Almaniya (Operativ qərargahdakı həmkarınız İbrahim Məmmədovun bütün şüurlu jurnalist fəaliyyəti bu dövləti “dağıtmaq”a yönəlmişdi), İsrail, Cənubi Koreya, Çexiya, Sloveniya, Türkiyə və Gürcüstan. Məncə, sonuncunun üstündə ayrıca durmağa ehtiyac yoxdur. Onların nefti, qazı, peyki yoxdur. Ərazisi bizdən az, əhalisi də az, büdcəsi də. Orada günəlik yoluxma sayı əsasən 1-5 arasında dəyişir. Bizdə isə 300-ü keçib. Bu arada, onlar da müharibə şəraitindədir”.

Seymur Kazımovun sözlərinə görə, sadaladığı halları və yaşadıqlarını əsas gətirərək tam əminliklə deyə bilər ki, atası yarıtmaz səhiyyənin və pandemiya dövründə bir qrup məsuliyyətsizin verdiyi məntiqsiz qərarların qurbanı olub:

“Əmin olun ki, bu, yalnız mənim atamın vəziyyəti deyil. Sosial şəbəkələrdə bununla bağlı onlarla, bəlkə də yüzlərlə yazılar görə bilərsiniz. Odur ki, səsləndirdiyim fikirlərə və suallara cavabı TƏBİB-in əməkdşlarından, şöbə müdirlərindən deyil, məhz Ramin Bayramlıdan tələb edirəm. Digərlərinin imzası ilə veriləcək cavablara ümumiyyətlə baxmayacağam”.

TƏBİB rəhbərliyi hələlik jurnalistin məktubunu cavablandırmayıb.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az