[:az]“Pul verdilər, dedilər, get poçta, Prezidentə təşəkkür məktubu göndər”
“İcra hakimiyyətində dedilər ki, tikilən 44 mənzilli binadan sənə də 3 otaqlı mənzil verilib. Pul verdilər, dedilər, get poçta, Prezidentə təşəkkür məktubu göndər, yaz ki, cənab Pezident, mənə də mənzil verdiyiniz üçün təşəkkür edirəm. Dediklərini elədim, təzə binadan mənzillər paylanandan sonra anladım ki, məni aldadıblar. Prezidentə teleqram vurdum ki, icra hakimiyyəti məni aldadıb sizə təşəkkür məktubu yazdırdı, ancaq evləri pulla satdı, pulum olmadığına görə, mənə ev vermədi”.
Şamaxıda Əlipaşayevlər ailəsinin yaşadığı və sürüşmə zonasına yerləşən ev dağılıb. Ailə bir müddət qohumların evində yaşayıb. Elnur Əlipaşayev Fövqəladə hallar naziri ilə görüşəndən sonra ailəyə çadır verilib. Üç azyaşlı və xəstə uşaq 2 ildir ki, çadırda yaşayır.
“İcra hakimiyyətində prezidentə təşəkkür məktubu yazdırdılar”
Elnur Əlipaşayev deyir, Şamaxı Rayon İcra Hakimiyyətinin rəhbərliyi onu iki dəfə aldadıb:
“Bizim ev zəlzələdən bir neçə ay əvvəl sürüşmə nəticəsində tamamilə dağıldı. Bir müddət üç azyaşlı uşaqla qapılarda qaldıq. Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun Qəbələdə vətəndaşları qəbul edəcəyini eşidən kimi mən də ora getdim, nazirin qəbuluna düşdüm. Nazir məni dinləyib dedi ki, narahat olma, get, nə köməklik lazımdırsa, olunacaq. Sabahı gün gətirib çadır qurdular, bizi çadıra yerləşdirib bildirdilər ki, sürüşmə zonası olduğuna görə köhnə evin yerində təzəsini tikmək mümkün deyil, müvəqqəti çadırda qalın, tezliklə mənzillə təmin olunacaqsız. Zəlzələdən sonra çoxmənzilli binalar tikilməyə başlandı. Biz icra hakimiyyətinə müraciət etdik, dedilər, nəzərimizdəsiz, səbrli olun, 44 mənzilli bina tikilir, o binadan sizə 3 otaqlı mənzil veriləcək”.
Elnur Əlipaşayevin deməsinə görə, bina hazır olandan sonra icra hakimiyyətinə dəvət olunub, tikilən binadan mənzillə təmin olunması münasibətilə onu təbrik edərək Prezidentə təşəkkür məktubu göndərməsini istəyiblər.
“Dedilər, mənzil açarları “şirinlik” verənlərə paylanır”
“Pul verdilər, dedilər, get poçta, Prezidentə təşəkkür məktubu göndər, yaz ki, cənab pezident, mənə də mənzil verdiyiniz üçün təşəkkür edirəm. Dediklərini elədim, hər an təzə mənzilə köçə bilərik deyə düşünüb çadırdakı əşyalarımızı topladıq. Ötən ilin dekabrında zəng vurub məni icra hakimiyyətinə dəvət etdilər. Getdim, mənzillərin açarları paylanırdı, yuxarı mərtəbədən bir əməkdaş düşdü, soruşdu ki, pulla gəlmisən? Dedim, nə pul? Dedi, necə yəni, bilmirsən ki, mənzilin açarına görə şirinlik verməlisən? Pul gətirməmisənsə, vaxtımızı alma. Onda anladım ki, mənzillər pul verən adamlara paylanır. Kor-peşman geri qayıtdım, köç əhval-ruhiyyəsində olan ailəmin, uşaqlarımın üzünə baxa bilmirdim. Onlara nə deyəcəyimi bilmirdim”, – şikayətçi deyir.
Elnur Əlipaşayev bu dəfə Prezidentə teleqram vuraraq təşəkkür məktubunun ona icra hakimiyyətində yazdırıldığını və aldadıldığını bildirib. Bu dəfə icra hakimiyyəti onu dəvət edərək söz verib ki, növbəti binadan ailə mütləq ikiotaqlı mənzillə təmin olunacaq.
“Heydər Əliyevin doğum günündə ikinci dəfə aldandıq”
Elnur Əlipaşayev:
“Heydər Əliyevin doğum günündə – mayın 10-da növbəti binanın mənzillərinin açarları da paylandı, yenə bizə mənzil verilmədi. İkinci dəfə aldadıldıq. Bizi aldadan məmurlar əsində bu üç uşağın həyatı ilə oynayır. Bu uşaqlar iki soyuq qışı çadırda qarşılayıb yola salıblar. İstilər düşəndə isə çadırda ilan öldürürük. Bu uşaqların həyatına hər dəfə bizi aldadan icra hakimiyyətinin başçısı cavabdehdir. Baxın, uşaqların üçü də “svinka” xəstəliyinə tutulub, qızdırmadan sayıqlayırlar. Həkimə aparmağa bir qəpiyimiz yoxdur. Çadır şəraitində bu uşaqlar necə sağalar? Külək çadırı silkələyir, qızdırmalı uşaqlar qorxu, həyəcan keçirir. Bu gün bir hökumət adamı çadırdan boylanıb demir ki, bu uşaqlar öldü, qaldı, ancaq sabah vaxtı çatanda gəlib əlimizdən alıb əsgər aparacaqlar. Bu ölkədə vətəni qorumaq kasıb balalarının, kefini çəkib yaşamaq məmur balalarının alnına yazılıb”.
“Fondun göndərdiyi yardımları öz aralarında bölüşdürdülər”
Elnur Əlipaşayevin sözlərinə görə, koronavirusla bağlı karantin günlərində Heydər Əliyev Fondunun ehtiyaclı ailələrə göndərdiyi yardımlar imkanlılar arasında bölüşdürülüb. O da bununla bağlı Fonda şikayət edib:
“Çadırda üç uşaq ac-susuz qaldı, yardımlar məmurların imkanlı qohum-əqrəbalarına paylandı. Qəzəbimdən Heydər Əliyev Fonduna zəng vurub şikayət etdim. Az sonra Fonddan geri – mənim mibol telefonuma zəng vurdular və yerimizi dəqiqləşdirəndən az sonra çadıra ərzaq gəldi”.
Qayınatanın da evi dağılıb
Elnur Əlipaşayevin qayınatası Ağayar Gülbalayevin də evi ötən ilin fevralında baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətə düşüb. Ağayar Gülbalayevin deməsinə görə, Fövqəladə Hallar Nazirliyindən nümayəndələr gəlib, evə baxış keçirib, qəzalı tikililər siyahısına daxil ediblər:
“Ev 22 yerdən bölünmüşdü, fotolarını çəkib, siyahıya yazıb getdilər, sonra da səs-soraq olmadı. Fövqəladə Hallar Nazirliyinə məktublar yazdım, cavab gəlmirdi. 1 il əvvəl Bakıya – nazirliyə getdim, dedilər, get otur rayonda, tezliklə məsələ həll olunacaq. Bir müddətdən sonra nazirlikdən məktub gəldi ki, ev tikiləcək. O məktubun üstündən 1 il keçir, hələ də səs-soraq yoxdur”.
Şamaxı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Elnur Əlipaşayevin mənzillərin vətəndaşlara rüşvət alınaraq paylanması ilə bağlı dedikləri həqiqətəuyğun deyil. Mənzillər zəlzələdən zərərçəkmişlərə paylanır. Elnur Əlipaşayevin evi zəlzələdən əvvəl qəzalı vəziyyətə düşüb və Fövqəladə Hallar Komissiyası tərəfindən aktlaşdırılaraq ailə çadıra köçürülüb. Bir müddət əvvəl icra hakimiyyəti ailəni kirayə evə köçürsə də, ailə öz istəyi ilə çadıra qayıdıb. Mənzillər növbəli şəkildə paylanır və növbəti bina hazır olanda bu ailə də yeni mənzilə köçürüləcək.
Ötən ilin fevralında baş vermiş zəlzələ nəticəsində evlərini itirmiş ailələr üçün Şamaxıda indiyədək iki çoxmənzilli bina tikilərək istifadəyə verilib. Bundan başqa, 300-ə yaxın fərdi evin tikintisi başa çatıb, 1400-dən çox fərdi evdə təmir-bərpa işləri aparılıb.
Meydan TV[:]