[:az]Yoğunbulaqlılar: Dağdan düşüb, geri qayıdan cərimələnir”[:]

tərəfindən Gozetci

[:az]Kənd sakinləri hesab edirlər ki, dağ kəndlərində yaşayanların yaşayış yerinin tərk edilməsi üçün icazə müddəti uzadılmalıdır

“Kənd sakinləri ismarıc yazıb, vaxt götürür, ancaq dağdan aşağı düşüb rayon mərkəzinə getmək, bazarlıq etmək, xəstəxana, poçt işləri xeyli vaxt aparır. İşlərimizi bitirib kəndə qayıdanda yolda tutub cərimələyirlər”.

Tovuzun Yoğunbulaq kənd sakini Ağamir Məmmədov Meydan TV-yə danışır ki, yaşadığı kənddə xeyli insan karantin rejimini pozmaqla əlaqəli cərimələnib. Kənd sakinləri bu cərimələrlə razılaşmır. Onlar bunu yaşayış yerini tərk etmək üçün verilən müddətin azlığı ilə əsaslandırırlar. Düşünürlər ki, hökumət dağ kəndlərində yaşayanların yaşayış yerini tərk etməsi ilə bağlı icazə müddətini uzatmalıdır:

“Vaxtın çox hissəsi bərbad yolla hərəkətimizə sərf olunur”

“Rayon mərkəzində yaşayan çıxıb bazarlığını edib, girir evinə… Bizimlə rayon mərkəzi arasında xeyli məsafə var. 2 saat idi, indi bu gündən 3 saat oldu, bu vaxtın çox hissəsi elə bizim yol gedib-gəlməyimizə sərf olunur. Çünki yollarımız da bərbaddır, təmiri yarımçıq qalıb. Bu isə yolda ləngiməyimizin əsas səbəblərindən biridir. O gün biri getdi 190 manatı almağa, poçtda növbədə ilişib qaldı, geri qayıdanda tutub cərimələdilər. Bədbəxt oğlunun aldığı 190 manatın 100 manatı cəriməyə gedəcək. Bu yaxınlarda özünüz Sarıtala kəndində oldunuz, gördünüz ki, xəstəxanamız yox, aptekimiz yox… Kəndlimiz qızını xəstəxanaya apardı, xəstəxana yalnız xəstəyə görə arayış verdi, geri qayıdanda saxlayıb yanındakı anasını da, qardaşını da cərimələdilər. Aptek yoxdur, birinin başı, o birinin qarnı ağrıyanda, məcburdular ki, ən yaxınlığımızda yerləşən Qovlara getsinlər. Orayla da məsafəmiz o tərəf-bu tərəf 60 kilometrdir. Kənddə bankomat yoxdur, anamın pensiyası üçün rayon mərkəzinə getməli oldum, orda da uzun-uzadı növbə vardı, geri qayıdanda partizan kimi gizlənə-gizlənə, alternativ yollar axtara-axtara qayıtdım ki, polis saxlayıb anamın 230 manat pensiyasının yarısını cəriməyə tutmasın. Biz tələb edirik ki, hökumət dağ kəndlərində yaşayan insanları karantin dövründə yüklədiyi cərimələrdən azad etsin”.

“Kəndli torpaq yesin?”

Kənd sakinlərini narahat edən məsələlərdən biri də karantin dövründə 190 manat birdəfəlik yardım üçün etdikləri müraciətlərə görədir:

“Kəndin yarısı yerli-dibli cavab almayıb, yarısına da cavab gəlib ki, pay torpağın var, sənə düşmür… Tutaq ki, mənim 5-10 sot pay torpağım var, başınıza dönüm, bu torpağı 3 günün içində əkib, becərib, məhsul toplayıb satası deyiləm ki, o pulla çörək alam. Əgər bu yardım karantin dövründə ac qalmamaq üçün verilirsə, bunun torpaqla nə əlaqəsi? Kəndli torpaq yeyəsi deyil ki…”

Kənd sakinlərini narahat edən məsələlərdən biri də karantin dövründə 190 manat birdəfəlik yardım üçün etdikləri müraciətlərə görədir

“İnsanları cəriməylə yükləməklə məsələ həll olmur”

Kənd sakinləri cərimə məsələsiylə bağlı Tovuz rayon İcra Hakimiyyətinə müraciət etdiklərini deyirlər:

“Müraciət etmişik ki, dəniz səviyyəsindən 2400 metr hündürlükdə, rayon mərkəzindən 45 kilometr aralıda yerləşirik. Heç olmasa icra hakimiyyəti Bakıya aidiyyəti qurumlara məktub göndərsin, müraciət eləsin, dağ kəndində yaşayanların vəziyyətlərinin nəzərə alınmasını xahiş eləsin. Kəndlinin gəlir yeri yox, torpağı bir qisim insan əkib-becərir, məhsul götürür, örüş sahələrimiz zəbt olunub, sabah bu cərimələri necə ödəyəcəyik? İnsanları yükləməklə məsələ həll olmur. Vaxtında kənddə normal şəraiti olan xəstəxana tiksəydilər, indi belə bir vaxtda qıçımızı sındırıb oturardıq kəndimizdə, xəstəmiz olanda rayon mərkəzinə üz tutmazdıq, aptek, bir-iki market açsaydılar, adamlar alacaqları üçün 45 kilometr o tərəfə getməzdi. Vaxtında gətirib kəndin iki yerinə bankomat quraşdırsaydılar, indi əhali pensiya üçün rayon mərkəzinə axışmazdı, cərimələnməzdi”.

Tovuz Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu məsələlər qurumun səlahiyyətlərinə aid olmadığına görə müdaxilə etmək imkanları yoxdur. Bunun üçün vətəndaşlar özləri müvafiq qurumlara müraciət edə bilərlər.

Tovuz Rayon Polis Şöbəsindən bildirilib ki, polis öhdəsinə düşən qərarı icra edir. Cərimədən narazılığı olan vətəndaş məhkəməyə müraciət edə bilər.

Nazirlər Kabinetinin 18 aprel 2020-ci il 144 saylı qərarı ilə ölkə ərazisində tətbiq olunan xüsusi karantin rejiminin müddəti mayın 4-dək uzadılıb. Aprelin 27-dən isə məhdudiyyətlərin bir qismi yumşaldılıb. Bu yumşalmalardan biri də 8103 nömrəsinə SMS məlumat göndərilərkən gələn icazə müddətinin 2 saatdan 3 saatadək artırılmasıdır.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az