“Aztəminatlı ailələr üçün ayrılmış ərzaq sovqatları mənimsənilib”
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorlu]un (RP) İsmayıllı rayonunda əməliyyat-axtarış tədbiri nəticəsində İsmayıllı rayon icra hakimiyyəti başçısının İsmayıllı şəhəri üzrə icra nümayəndəsi Məhərrəm Əhmədov həbs edilib.
Bu barədə DTX və BP-un 27 aprel tarixində yaydığı məlumatda qeyd olunub.
Bildirilib ki, Nazirlər Kabinetinin 2 aprel 124 nömrəli Qərarına zidd olaraq rayon ərazisində hüquqi şəxs və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə, eləcə də müvafiq kateqoriyalara aidiyyəti olmayan digər fiziki şəxslərə işləmələri barədə icazə.e-gov.az portalında qeydiyyatdan keçməyən arayışların verilməsi, habelə aztəminatlı ailələr üçün dövlət tərəfindən ayrılmış ərzaq sovqatlarının mənimsənilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
“Şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyin inzibati binasına və Məhərrəm Əhmədovun rayonun Mican kəndində yerləşən yaşadığı evə baxış keçirilərək müxtəlif fiziki şəxslərə məxsus plastik bank kartları aşkar edilib. Müəyyən olunub ki, Əhmədov yaxın qohumlarının adlarına formal olaraq rəsmiləşdirməklə müxtəlif sayda plastik bank kartlarının alınmasına nail olmuş, bu yolla ümumilikdə 2016-2020-ci illər ərzində 12 min 400 manat məbləğində vəsaiti qanunsuz olaraq mənimsəyib. Bununla yanaşı baxış zamanı nağd pul, ayrı-ayrı şəxslərin adlarına guya işləmələri barədə verilmiş qanunsuz arayışlar və onlara dair qeydlər, habelə aztəminatlı ailələrə yardım məqsədilə nəzərdə tutulmuş ərzaq bağlamaları və digər əhəmiyyətli sənəd və əşyalar aşkar edilərək götürülüb”.
Fakta görə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlandığı qeyd edilib:
M.Əhmədov şübhəli şəxs qismində tutulub.
Ötən ilin dekabrında və bu ilin fevral ayında DTX Ağstafa və Neftçala rayonlarında əməlyyat keçirərək icra başçılarını həbs edib.
Meydan TV