[:az]Tikəband sakini: Məmurlar 6 uşağın həyatı ilə oynayır[:]

tərəfindən Gozetci

[:az]Kənddə içərisində 6 uşaq böyüyən bir ev günbəgün çökür

“Ötən ilin oktyabrında Fövqəladə Hallar Nazirliyinin nümayəndələri gəlib evə baxış keçirdilər, aktlaşdırdılar, bir əlaqə nömrəsi verdilər ki, həmin nömrəylə əlaqə saxlayaq. O gün – bu gün, nə gələn var, nə gedən, verdikləri nömrəyə də 6 aydır ki, zəng çatmır”.

Lerik rayonunun Tikəband kənd sakini Rövşən Cahangirov Meydan TV-yə danışır ki, yaşadıqları ev 21 ildir ki, qəzalı vəziyyətdədir. Dəfələrlə Lerik Rayon İcra Hakimiyyətinə, Fövqəladə Hallar Nazirliyinə müraciət etsələr də, faydası olmayıb. 9 nəfərlik ailə də canını dişinə tutub, qəzalı evdə yaşamağa davam edir.

“O vaxt çadırdan qəzalı evə qayıtdıq”

“Bu ev ilk dəfə 1999-cu ildə zəlzələdən zərər çəkdi. Həmin il mən hərbi xidmətə yollandım, növbəti ildə atam dünyasını dəyişdi. Mən hərbi xidmətdən qayıtdıqdan sonra evimizin təmir-bərpasına pul ayrılıb-ayrılmadığını dəqiqləşdirə bilmədim. Bircə onu bilirəm ki, 1999-cu ildə zəlzələ olanda evi qəzalı vəziyyətə düşənlərə çadır vermişdilər, ailələr çadırlara yelşəşmişdilər. Bizim də ailəmizə çadır verilmişdi və bir müddət çadırda yaşamışıq. Sonra soyuqlar düşdü, ev də tikilmədi deyə, məcbur qalıb qəzalı evə təzədən yerləşdik. Sonradansa bildim ki, çadıra köçürülənlərə təzə ev tikilib, mənə dedilər ki, sən hərbi xidmətdə oldun, atan vəfat etdi, məmurlar da fürsət bilib, sizin üçün ev tikintisinə ayrılmış pulu mənimsəyib. Sonrakı zəlzələlər, yağıntılar evi hər dəfə daha da bərbad vəziyyətə saldı”.

“Sonrakı zəlzələlər, yağıntılar evi hər dəfə daha da bərbad vəziyyətə saldı”

“21 illik müraciətlərdən sonra nəhayət, gəldilər”

Ev sahibinin sözlərinə görə, 1947-ci ildə tikilmiş və dəfələrlə təbii fəlakətlərdən qəzaya uğrayan ev 2018-ci ildə Lənkəranda baş vermiş zəlzələdən tamamilə yararsız vəziyyətə düşüb:

“2018-ci ilin avqustunda bizdən təxminən 20-30 kilometr aralıda – Lənkəran ərazisində baş verən zəlzələnin dalğası kəndimizə də çatdı. Qəzalı evləri bir az da silkələdi. Həmin gecəni çöldə qaldıq. Yenə aidiyyəti qurumlara müraciət etdik, səsimiz heç yerə çatmadı və bu dəfə də ailəlikcə qəzalı evə girməli olduq. 21 illik müraciətlərdən sonra nəhayət, keçən ilin oktyabrında Fövqəladə Hallar Komissiyasının nümayəndələri gəlib baxdılar, dedilər, bu ev təhlükəlidir, yaşamaq olmaz. Ailəmizin altı üzvü azyaşlıdır. Onlardan 5-i məktəblidir. Təhlükəli dedikləri evdə 6 uşaq yatıb-durur. Yağış yağan kimi evə su dolur. Evin özülü dağılıb deyə, yüngülcə bir silkələnmə də təsirini göstərir, evi uçmaq vəziyyətinə çatdırır. Bu ev dağılsa, altı uşaq daş-kəsək altında qalacaq”.

Şikayətçinin deməsinə görə, bir də kəndə hər dəfə deputat seçkiləri ərəfəsində namizədlər gəlir, qəzalı evlərlə maraqlanır, “mən deputat seçilsəm” deyib, vədlər və il uzunu zənglərə qapalı olan bir əlaqə nömrəsi verib, gedirlər.

“Bu ev dağılsa, altı uşaq daş-kəsək altında qalacaq”

Lerik Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, ailə üzvü Nazilə Dədəcanova evin qəzalı olması səbəbindən yeni evin tikilməsi üçün həm bu, həm də başqa qurumlara müraciət edib. Xanıma bildirilib ki, icra hakimiyyəti qəzanı aradan qaldıran, ev tikən qurum deyil. Ailəyə aidiyyəti üzrə Fövqəladə Hallar Nazirliyinə müraciət etmək tövsiyə olunub.

İcra hakimiyyətinin 3 il əvvəl ailəyə yazdığı məkltubda isə qeyd olunur ki, ev təbii fəlakətdən qəzalı vəziyyətə düşməyib, istismar müddətini başa vurduğuna görə qüsurlar yaranıb.

Fövqalədə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin ailəyə göndərdiyi məktubda da eyni fikirlər yazılıb. Ailəyə bildirilib ki, evin qəzalı vəziyyətə düşməsinin təbii fəlakətlərlə əlaqəsi müəyyən edilmədiyi üçün ev mülkiyyətçinin özü tərəfindən təmir-bərpa olunmalıdır.

Lerik İH-nin cavabı

“O gün – bu gün, nə gələn var, nə gedən, verdikləri nömrəyə də 6 aydır ki, zəng çatmır”.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az