[:az]Vəkil ölkə rəhbərliyinə və beynəlxalq təşkilatlara müraciət etdi[:]

tərəfindən Gozetci

[:az]“Rüstəm Usubov vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən, senzura həyata keçirən şəxsdir”

Vəkil Elçin Sadıqov dekabrın 10-da Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinə müraciət edib.

Vəkil 2007-ci ildən vəkillik fəaliyyəti ilə məşğul olduğunu xatırladaraq bildirib ki, bu dövrdə yüzlərlə vətəndaşın hüquqlarını müdafiə edib:

“Hər zaman ölkəmizin qanunlarına uyğun olaraq reallaşdırdığım fəaliyyətim daim cəmiyyətin gözü önündə olub, insanlar fəaliyyətimlə bağlı həmişə razılıq hisslərini ifadə ediblər. Əsasən, insan haqları müdafiəsi sahəsində tanındığımdan, davamlı olaraq, təqiblərə, təzyiqlərlə məruz qalmışam”.

Vəkil müraciətini son zamanlar yenidən basqılarla üzləşməyi ilə əlaqələndirib:

“Baş Prokurorun I müavini Rüstəm Usubov tərəfindən üzvü olduğum Vəkillər Kollegiyasına şikayət edilib, heç bir qanuni əsası olmadığından bunu şəxsimə qarşı təqiblərin davamı hesab edirəm. Oktyabr ayında “Siyasi Məhbuslarsız Azərbaycan Birliyi”nin koordinatoru, hüquq müdafiəçisi Oktay Gülalıyev qəza keçirib. Bakının mərkəzində o, avtomobillə vurulub. Mən 30 oktyabr tarixdə “Facebook” səhifəmdə aşağıdakı məzmunda status yazmışam: “Oktay Gülalıyevin vurulması anına dəfələrlə baxdım və belə qənaətə gəldim ki, bu ehtiyatsızlıq deyil, qəsddir! Allahdan Oktay bəyə şəfa diləyirəm. Ümid edirəm ki, bu dəfə səhiyyə sistemimiz özünü doğrultmağa çalışacaq”. AR Baş Prokurorluğu həmin statusdan sonra mənim barəmdə 05/137/XİD saylı “material” yaradaraq “araşdırma” aparıb. Azərbaycan qanunvericiliyi prokurorluğa vəkillər barəsində xidməti araşdırma aparmaq səlahiyyəti vermir, prokurorluğun belə bir araşdırma aparmaq səlahiyyəti yoxdur. Qanunvericiliyə əsasən, belə araşdırmalar yalnız hüquq-mühafizə orqanlarının işçiləri barəsində aparıla bilər. I müavin Rüstəm Usubov daha sonra qeyd edib: “Vəkil Sadıqov Elçin Əli oğlunun istintaqın qeyri-obyektiv aparılacağına dair əsassız məlumatlar yaymaqda məqsədi baş vermiş yol-nəqliyyat hadisəsinin istintaqı ilə bağlı dövlət qurumları tərəfindən görülən işlərə kölgə salmaq, insanlarda yanlış fikir formalaşdırmaq və dövlətə inamsızlıq yaratmaqdır. Ona görə də vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol vermiş, vəkil etikası normasını pozmuş, AR Vəkillər Kollegiyasının üzvü Sadıqov Elçin Əli oğlu barəsində “Vəkillər və vəkillik Fəaliyyəti haqqında” Qanuna müvafiq tədbir görülməsi məsələsinə baxmağınızı və nəticəsi barədə Respublika Baş Prokurorluğuna məlumat verməyinizi xahiş edirəm”.

Rüstəm Usubovun mənim barəmdəki şikayəti heç bir hüquq normasına sığmır və Azərbaycanda vəkillik institutunun gözünün qorxudulmasına, Azərbaycanın mütərəqqi dünyanın gözündən salmağa xidmət edir. Hüquqi biliyi olan hər bir şəxs bilir ki, prosessual qanunvericiliyə, prokurorluq haqqında, vəkillik fəaliyyəti haqqında qanunlara görə, qeyri- prosessual vəziyyət olmadan prokurorluq orqanının vəkildən Vəkillər Kollegiyasına şikayət etməsi, Vəkillər Kollegiyasının isə belə şikayətləri icraata qəbul etməsi tamamilə qanunsuzdur. Çünki prokurorluğun araşdırma predmeti olmuş paylaşım mənim ifadə azadlığı hüququmdan yararlanmağımdır, mənim şəxsi sosial media səhifəmdə yayılıb. Mənim profilim rəsmi deyil, ordakı paylaşımlar isə vəkillik fəaliyyətimlə, hansısa müştərimlə bağlı deyil”.

Elçin Sadıqov bildirib ki, birinci müavin Rüstəm Usubov 2017-ci ildən Azərbaycanda ifadə azadlığı hüququndan geniş, ancaq qanunlar çərçivəsində istifadə edən vətəndaşlarının qəniminə çevrilib. Bu kontekstdə, ən çox zərər görənlər azərbaycanlı vəkillərdir:

“Rüstəm Usubov vəkillərdən ən çox şikayət edən, onların ağır cəzalandırılmasına səbəb olan şəxsdir. O, vətəndaşların ifadə azadlığına, xüsusilə də vəkillərin ifadə azadlığına ən çox qanunsuz müdaxilə edən, senzura həyata keçirən şəxsdir. Bu üsulla davamlı olaraq, vəkilləri öz funksiyalarını həyata keçirməkdən çəkindirməyə, onların gözünün qorxudulmasına, mutiləşdirilməsinə çalışır. R.Usubovun həyata keçirdiyi belə siyasət vəkillərin prokurorluğa tabe etdirilməsinə, ölkədə qorxu mühitinin formalaşdırılmasına yönəlib. Baş Prokurorluq kimi bir qurumda yüksək pillə tutan bir şəxsin belə addımları yalnız bu quruma inamsızlıq yaratmır, eyni zamanda ölkəmizi, son zamanlar baş verən ciddi dəyişikliklərin fonunda qabaqcıl dünyanın gözündən salır, Azərbaycanın yaxından əməkdaşlıq etdiyi nüfuzlu beynəlxalq təşkilatlarla əlaqələrdə problemlər yaratmağa xidmət edir. Müstəqil vəkillik, ifadə azadlığı hüququ demokratik cəmiyyətlərin əsas sütunlarındandır. Konstitusiyamızda Azərbaycanın tərəfdar çıxdığı müqavilələrdə ən yüksək səviyyədə təsbit olunmuş hüquqlardan istifadəyə görə, insan haqlarını daha aktiv müdafiə etməyə görə, yüksən pillədə duran rəsmi şəxslərin insanları təqib etməsi, onlara təzyiqlər göstərməsi, ləkələməsi yolverilməzdir. Belə addımlar ilk növbədə ölkəmizin nüfuzuna uyğun deyil”.

Meydan TV[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az