[:az]Generalın uşaqlarına görə qaynına 5 il 8 ay həbs tələbi[:]

tərəfindən Gozetci

[:az]Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi, general-mayor Emin Şəkinskinin keçmiş həyat yoldaşı Gülnarə Şəkinskaya və dörd övladının Azərbaycandan qaçıb xarici ölkədə sığınacaq almasına görə daha bir cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.

Söhbət generalın qaynı Fərid Yusubdan gedir.

Generalın ailəsinin ölkədən getməsi ilə bağlı cinayət işi başlanıb, 12 nəfər məsuliyyətə cəlb olunanda (onların bir qisminə şərti cəza, bəzilərinə isə 8 ilə qədər həbs cəzası verilmişdi-red.) F.Yusub axtarışa verilmişdi. Bu üzdən o, indi mühakimə olunur.

F.Yusub E.Şəkinskinin ailəsinin saxta sənədlərlə ölkədən qaçırılması və generalın evindən 60 min manatın oğurlanmasında suçlanır.

Mayın 31-də Bakı Ağır Cinayətlər Məhkəməsində çıxış edən prokuror deyib ki, F.Yusubun bu əməlləri məhkəmə araşdırması vaxtı sübuta yetirilib. Dövlət ittihamçısı buna görə F.Yusubun 5 il 8 ay azadlıqdan məhrum edilməsini istəyib.

F.Yusubun vəkili Şəhla Hümbətova çıxışa hazırlaşmaq üçün vaxt istəyib. Ona iyunun 11-nə qədər vaxt verilib.

E.Şəkinski əvvəlki cinayət işində olduğu kimi, bu işdə də zərərçəkən kimi tanınıb. Özü məhkəməyə gəlməsə də, vəkili vasitəsilə ərizə göndərib ki, qaynına qarşı şikayət və tələbi yoxdur.

F.Yusub 2017-ci ildə Rusiyada tutulub Azərbaycana təhvil verilib. İttihamda yazılıb ki, G.Şəkinskaya və uşaqları ölkədən qaçanda o, Azərbaycanda olmasa da, bacısına Skype vasitəsilə təlimatlar verib. G.Şəkinskaya da onun dedikləri əsasında hərəkət edərək, atalarından gizli şəkildə uşaqları ölkədən qaçırıb.

F.Yusub CM-nin 177.3.2 (külli miqdarda ziyan vurmaqla oğurluq), 318.2 (dövlət sərhədini qanunsuz keçmə) və 320-ci (saxta sənədlər hazırlama və ya belə sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunur. Lakin o, özünü təqsirli bilmir. Deyir ki, o, 2008-ci ildə Azərbaycanı tərk edib və 2014-cü ildə bacısıgil xaricə gedəndə də ölkədə olmayıb. F.Yusubun sözlərinə görə, bacısı Gülnarə 1998-ci ildə E.Şəkinski ilə ailə həyatı qurub, 2008-ci ildə isə rəsmi qaydada ayrılıblar. Heç vaxt bacısının ailə işlərinə qarışmayıb: «İttiham əsassızdır. Bacım uşaqlarını da götürüb ölkəni tərk etmək haqqında mənə heç nə deməyib. Oğurlandığı iddia edilən 60 min bacımın evində olub. O pulun Emin Şəkinskiyə aidiyyəti yoxdur. Bacımın pulu olub, istifadə edib».

Məhkəmədə o da məlum olub ki, bundan əvvəl baxılıb, haqqında hökm çıxarılan adamlara Ali Məhkəmə generalın evindən 60 min manatın oğurlanması ittihamı üzrə bəraət verib.

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az