[:az]Yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, Anar Cabbarov haqqında açılmış cinayət işinə xitam verilib. Bunu yetərincə sübut olmaması faktı ilə əsaslandırıblar. Ancaq adının açıqlanmasını istəməyən şəxsin bildirdiyinə görə, səbəb Türkiyənin adının məsələdə hallandırılmasıdır:
“Bu adam Türkiyədən gətirilib. Belə çıxır ki, narkotik vasitəni oradan gətirib? Bunun əsası olmalıdır axı”.
***
İstintaq təcridxanasından təkrar Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə qaytarılan Anar Cabbarov oradan azad edilib
Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən “Müsəlman Birliyi” Hərəkatının üzvü, təşkilatın sədri Taleh Bağırzadənin yaxın dostu olan Anar Cabbarov həbsdən buraxılıb. Bu barədə Meydan TV-yə dindar fəalın yaxınları məlumat verib:
“Bildiyimizə görə aprelin 4-də axşam onu Kürdəxanı təcridxanasından “bandotdel”ə (Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsi – red) qaytarıblar. Bu gün də elə həmin idarədən buraxıblar”.
Ancaq yaxınları hələ onun ev dustaqlığına və ya tamamilə buraxıldığı barədə məlumatsızdır:
“Danışmışıq, amma hələ evə gəlib çatmayıb. Dəqiqləşdirib deyəcəyik”.
Martın 16-da Türkiyədə saxlanılıb öncə polis, oradan Göç (Deportasiya) İdarəsinə, daha sonra Azərbaycanın İstanbuldakı konsulluğuna aparılan və martın 21-də Bakıya gətirilən Anar Cabbarova qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik maddə əldə etmə, saxlama, gəzdirmə satış məqsədilə olduqda) maddəsilə ittiham irəli sürülmüşdü.
On beş günə yaxın müddətdə Daxili İşlər Nazirliyinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanan dindar fəalın nə ailə üzvləri, nə də vəkili onunla görüşə bilirdi. Aprelin 4-də yaxınları xəbər tutmuşdu ki, o, narkotik ittihamıyla 1 saylı Bakı İstintaq Təcridxanasına göndərilib.
Türkiyə hökuməti bundan öncə də bir neçə dəfə Azərbaycan hökumətini tənqid edən şəxsləri öz ərazisində saxlayaraq, Bakıya göndərib. “Zerkalo” qəzetinin şərhçisi Rauf Mirqədirov, keçmiş deputat Hüseyn Abdullayev Türkiyə ərazisində tutulub. Azərbaycan hökuməti də öz növbəsində Türkiyənin “Fətullah Gülən tərəfdarı” kimi təqdim edib, terrorçuluqda ittiham etdiyi vətəndaşlarını öz ərazisində saxlayıb. Onlar beynəlxalq hüquq normalarına uyğun olaraq, məhkəmə qərarıyla azadlığa buraxılsalar da, məhkəmə binasından çıxan kimi tutulub, Türkiyəyə göndəriliblər.
“Müsəlman Birliyi” Hərəkatının sədri Taleh Bağırzadə də daxil olmaqla, təşkilatın onlarla üzvü həbsdədir. Onlar əsasən, Nardaran hadisələrindən sonra həbs olunub, dövlət çevrilişinə cəhd, terrora çağırış və s. ittihamlarla 20 ilə qədər azadlıqdan məhrum ediliblər. Təşkiların üzvlərinin bir qismi martın 17-də prezidentin əfv sərəncamıyla azadlığa buraxılıb. Onların arasında hərəkatın sədr müavini Elçin Qasımov da var.
Meydan TV[:]