[:az]”Buna səbəb məhbusların kiçik rejim pozuntusudur”
Qaradağ rayon Puta qəsəbəsinə yerləşən 13 saylı həbsxanada iki məhbusun işgəncəyə məruz qaldığı bildirilir.
Dostları və yaxınlarının Meydan TV-yə verdiyi məlumata görə, qəsdən adam öldürmədə (Cinayət Məcəlləsinin 120-ci maddəsi) günahlandırılan Şamo Telman oğlu Cəfərov və quldurluq (maddə 181) ittihamı ilə həbs edilən Fətulla Firuz oğlu Əlimədətov döyülüb, əlləri, qolları bağlanaraq “kars”da asılıblar. “Onlar hazırda çarmıxa çəkilmiş vəziyyətdədir, işgəncə verilir,” – deyə adının açıqlanmasını istəməyən məhbus yaxını deyir. Məlumat bir neçə şəxs tərəfindən təsdiqlənib.
Bildirilir, buna səbəb məhbusların kiçik rejim pozuntusudur:
“Onlar barakda say yoxlamasından sonra çay içiblər. Buna görə də həbsxana rəhbərliyi tərəfindən belə cəzalandırılıblar”.
Həftəsonu olduğundan Meydan TV Penitensiar Xidmətlə əlaqə saxlaya bilməyib.[:]