[:az]Azərbaycan məhkəmələrində ağlabatan müddətin gözlənilməməsi[:]

tərəfindən Gozetci

[:az]2014-cü ildə Azərbaycanda vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı cinayət işi başlananda xeyli qeyri-hökumət təşkilatının və onların rəhbərlərinin bank hesabına həbs, özlərinin də ölkədən çıxışına məhdudiyyət qoyulmuşdu. Üstündən beş ilə yaxın vaxt keçməsinə baxmayaraq, bir sıra təşkilat və rəhbərlərinə qadağalar hələ də qüvvədədir. Amma onlardan biri martın 4-də aradan qaldırılıb – Ali Məhkəmə Azərbaycan Hüquqşünaslar Assosiasiyasının rəhbəri Ənnağı Hacıbəylinin şikayətini təmin edib. Söhbət bank hesabı üzərindəki həbsin aradan qaldırılmasından gedir. Ə.Hacıbəylinin ölkədən çıxışına qadağa isə hələ də qüvvədədir.

Ə.Hacıbəyli AzadlıqRadiosuna danışır ki, istər ölkədən çıxışına məhdudiyyətin, istərsə də bank hesabı üzərindəki həbsin qanunsuzluğu məsələsini illərdir ki, Azərbaycan məhkəmələrində mübahisələndirir. Deyir ki, yerli məhkəmələrdəki süründürməçiliyə görə paralel olaraq, Avropa Məhkəməsinə də şikayət göndərmişdi. Orada bu şikayət üzrə artıq kommunikasiya (şikayətlə əlaqədar hökumətlə yazışmalar) mərhələsi başa çatır. Ancaq Azərbaycan məhkəmələrinə də müraciətlərini davam etdirib.

«50 aydan çoxdur ki, «istintaq gedir» bəhanəsi ilə qadağa var»
Hüquqşünasın sözlərinə görə, ötən beş ildə 19 dəfə məhkəmələrə müraciətindən sonra hesabının üzərindən həbsin götürülməsinə nail olub. Ölkədən çıxışına məhdudiyyət isə hələ də aradan qalxmadığına görə bu məsələ ilə əlaqədar yaxın vaxtlarda yenidən məhkəməyə müraciət etməlidir.

Bir işə görə məhkəmələrə illərlə ayaq döyməsinə gəlincə, Ə.Hacıbəyli bildirir ki, Azərbaycan məhkəmələri ən adi hallarla bağlı yekdil fikrə gələ bilmirlər.

QTH-lərlə bağlı cinayət işinin istintaqı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsində aparılırdı. Məhdudiyyətlər də prokurorluğun təqdimatı əsasında tətbiq olunmuşdu. Hüquqşünas bildirir ki, prokurorluğun hərəkətindən üç dəfə məhkəmə nəzarəti qaydasında iddia qaldırıb. Amma məhkəmə onun şikayətlərinin qəbulundan imtina barədə qərardad çıxarıb. Bundan verilən apellyasiya şikayətlərinin də nəticəsi olmayıb: «Qanunda yazılıb ki, şikayət qəbul edilməyəndə iddiaçıya izah olunmalıdır ki, o, hara müraciət etsin. Üçüncü dəfə apellyasiya məhkəməsində işimə baxılanda qanunun bu tələbini hakimlərə xatırlatdım. Dedilər ki, ölkədən çıxış məsələsinə görə inzibati məhkəməyə müraciət olunmalıdır, hesab üzərindəki həbs məsələsi mülki qaydada mübahisələndirilməlidir. Mən hüquqşünasam, bilirəm ki, istintaq orqanının hərəkətləri inzibati qaydada mübahisələndirilə bilməz. Amma bir halda ki, apellyasiya məhkəməsinin hakimləri belə deyir, o cür də etdim».

Hüquqşünas deyir ki, tövsiyəyə uyğun şəkildə yenidən məhkəmələrə müraciət edib. Amma yenə də şikayətlərinə baxmaqdan imtina olunub. Ayrı-ayrılıqda hər iki iş üzrə həm birinci, həm də apellyasiya instansiyasını keçib, Ali Məhkəməyə çıxandan sonra aşağı instansiya məhkəmələrinin qərarları ləğv olunub. Başqa sözlə, proses yenidən başlayıb. Bu dəfə məhkəmələr şikayətə baxıb, amma təmin etməyib. Yenə də iş gedib Ali Məhkəməyə çıxıb: «Bu dəfə Ali Məhkəmədə hakim Sənan Hacıyevin sədrliyi ilə məhkəmə iclası oldu, təxirə salındı. Orada da bildirdim ki, cinayət işi üzrə istintaq müddəti 10 aydır. Amma 50 aydan çoxdur ki, «istintaq gedir» bəhanəsiylə mənim hesablarım üzərində həbs, ölkədən çıxışıma qadağa var. Mən şahid statusunda dindirilmişəm, nə özüm, nə də təşkilatımla bağlı cinayət işi var».

Ali Məhkəmədə bu proses təxirə salındığı müddətdə – fevralın 13-də prokurorluq Səbail Rayon Məhkəməsinə təqdimat verib ki, hesab üzərindən həbs götürülsün. Martın 4-də Ali Məhkəmə də Səbail Rayon Məhkəməsinin sözügedən qərarını – artıq hesab üzərindən həbsin götürülməsini nəzərə alaraq icraata xitam verib.

 

AZADLIQ RADİOSU[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az