[:az]Bu gün, martın 2-də Azərbaycanın vətəndaş cəmiyyətinin bir qrup fəalı və müxalif siyasətçilər qətlə yetirilən jurnalist Elmar Hüseynovun məzarı başında növbəti anım tədbiri keçiriblər.
Bu hadisənin üstündən 14 il keçsə də qətlin sifarişçiləri və icraçılarının, hələ də tapılmaması bütün çıxışların əsas xətti olub.
Çıxış edənlər vurğulayıb ki, E.Hüsenyovun qətli cəmiyyətə vurulan yaradır və bu zaman-zaman unudulmur:
“Bu Azərbaycan vətəndaş cəmiyyətinə, azad sözə, Azərbaycanın inkişafına vurulan zərbə idi. Amma bun abaxmayaraq Elmarın ideyaları davam etdirilir”, “ Qanun” Nəşirlər Evinin sahibi Şahbaz Xuduoğlu deyib.
Bəzi natiqlər isə vurğulayıblar ki, bu qətl siyasi aksiya idi və məqsəd mətbuatı qorxutmaq, müəyyən bir çərçivəyə salmaq olub:
“Elmarın qaçmaq, xilas olmaq imkanı var idi, amma o qaçmadı, ölümü qəbul etdi. Bu qətl isə təkcə bir ailənin faciəsi deyildi, cəmiyyətin faciəsi idi, amma cəmiyyət bu faciəyə təslim olmadı. E.Hüseynovun mübarizə yolu davam etdirildi… Onun qətlinin sirarişçilərinin də, icraçılarının da məlum olacağı vaxtlar yaxnlaşır”, bunu isə “Turan” Agentliyinin direktoru Mehman Əliyev bildirib.
Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər də iddia edib ki, hakimiyyət bu qətlin üstünün açılamasında maraqlı görünmür.
Müsavat Partiyasının başqanı A.Hacılı isə deyib ki, demokratik cəmiyyət qurulduqan sonra bu qətlin üstü açla bilər.
Hakimiyyət rəsmilər isə ölkədə söz və mətbuat azadlığına basqılarla bağlı deyilənləri qəbul etmirlər. Üstəlik, onlar dəfələrlə E.Hüseynovun ölümünü pisləyən və bu qətlin üstünün açılmasında maraqlı olmalarına dair bəyanatlar da veriblər. Hətta prezident İlham Əliyev qətldən az sonra cinayətkarların tezliklə tapılıb cəzalandırılacağını açıqlamışdı.
Xatırlatma
«Monitor» jurnalının təsisçisi və baş redaktoru Elmar Hüseynovu 2005-ci il martın 2-də yaşadığı evin qarşısında naməlum şəxs odlu silahla qətlə yetirib. Hadisənin üstündən 14 il keçsə də, qətlin sifarişçiləri və icraçıları hələdə məsuliyyətə cəlb olunmayıblar.
Ölümündən sonra jurnalistin həyat yoldaşı və azyaşlı oğlu Norveçə mühacirət ediblər.
E.Hüseynov 1967-ci il iyulun 17-də Bakıda anadan olub. O, 1992-ci ildə Azərbaycan Mühəndis-İnşaat İnstitutunu bitirib. Bir müddət ixtisası üzrə çalışıb.
E.Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də «Trend» analitik-informasiya agentliyini, 1996-cı ildə isə «Monitor» jurnalını təsis edib. O, həmçinin, «Bakinski bulvar», «Bakinskiye vedomosti» qəzetlərinin təsisçisi idi.
2017-ci ilin aprelində Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) E.Hüseynovun qətlinin Azərbaycanda effektiv araşdırılmamasına qərar verib. Bununla bağlı AİHM-a mərhum jurnalistin həyat yoldaşı Ruşaniyyə Hüseynova şikayət etmişdi. Qərarda qeyd edilirdi ki, hökumət E.Hüseynovun qətlə yetirilməsi olayı üzrə açılan cinayət işini effektiv aparmayıb. Qərara əsasən, Azərbaycan hökuməti mənəvi zərərə görə 20 min, hüquqi məsrəflərinə görə isə 10 min avro cərimələnib.
Azadlıq Radiosu[:]