[:az]Abbas Hüseynovun anası: ‘Oğlumu həbsxanada çarmıxa çəkirlər[:]

tərəfindən Gozetci

[:az]«İki gündür oğlumu Qobustan həbsxanasında çarmıxa çəkirlər. Hər gün səhər kameradan çıxarıb, günün altında dəmir dirəyə bağlayıb, axşama qədər bu vəziyyətdə saxlayırlar. İnsan insana belə zülm edər?», – «Nardaran məhbusu» Abbas Hüseynovun anası Rəhimə Hüseynova AzadlıqRadiosuna belə deyib.

Ananın sözlərinə görə, Abbas özü mayın 10-da imkan tapıb onlara başına gələnləri xəbər verib: «Bu gün onun evlə danışıq günü idi. Həmişəkindən gec zəng elədi. Danışanda dedi ki, onu elə dirəkdən açıb telefon otağına gətiriblər».

R.Hüseynova bir neçə gün öncə də AzadlıqRadiosuna bildirmişdi ki, Abbas AXCP sədri Əli Kərimlini ad günü münasibətilə təbrik edəndən sonra ona qarşı işgəncələr başlayıb. Qobustan həbsxanasında rəis müavini də daxil, 4-5 nəfər onu döyüb, üç gün əlləri qandallı vəziyyətdə cərimə kamerasında – «kars»da saxlanılıb.

R.Hüseynova deyir ki, həmin vaxt bu məsələni ictimailəşdirməklə yanaşı, həm də Penitensiar Xidmətin rəhbərliyinə müraciət edib, Ombudsman Aparatı və Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ilə görüşüb, onlardan oğluna baş çəkmələrini xahiş edib: «Bu orqanlardan yalnız Beynəlxalq Qırmızı Xaç Komitəsinin əməkdaşları ona baş çəkiblər. Abbas da başına açılan oyunları onlara danışıb. Elə Qırmızı Xaçın nümayəndələri gedəndən sonra Abbasa yenidən əziyyət verməyə başlayıblar. O da buna etiraz olaraq, aclıq aksiyasına başlayıb. Bundan sonrakı günlərdə onu hər gün dirəyə bağlayıb səhərdən axşama qədər açıq havada saxlayırlar».

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov isə AzadlıqRadiosuna açıqlamasında A.Hüseynovun Qobustan həbsxanasında işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edib.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyi Qobustan həbsxanasında A.Hüseynovla görüş barədə məlumatı nə təsdiq, nə də təkzib edib.

«Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri saxlanma yerlərinə baş çəkir. Amma kimlərlə görüşdüyü, həmin görüşlərdə hansı məsələlərin müzakirə olunması barədə məlumatları ictimaiyyətə açıqlanmır. Çünki bunlar konfidensial məlumatlardır», – qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova AzadlıqRadiosuna bildirib.

A.Hüseynov daha öncə də içəridə ona işgəncə verildiyini, 2017-ci ilin avqustunda Qobustan həbsxanasında günün altında dəmir dirəyə bağlanıb döyüldüyünü bildirmiş, vəkili Yalçın İmanov bu məlumatı ictimailəşdirdiyinə görə Vəkillər Kollegiyasından uzaqlaşdırılmışdı.

A.Hüseynov 2015-ci il noyabrın 26-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Bakının Nardaran qəsəbəsində keçirdiyi əməliyyat zamanı həbs olunub və 20 il azadlıqdan məhrum edilib. Həmin əməliyyatda ikisi polis olmaqla, altı nəfər həlak olub.

Nardaranda və Sabunçu Rayon Polis İdarəsinin qarşısında baş verən hadisələrə görə 70-dən çox (hüquq müdafiəçilərinin siyahısında bu rəqəm 80-dən çox göstərilir) adam həbs olunub. Onların bir qisminə silah saxlama ittihamı ilə ilyarımdan 6 il 6 ayadək həbs cəzası kəsilib. 40 nəfərdən çox adama isə daha ağır maddələrlə (dövlət çevrilişinə cəhd, terrorçuluq, dini nifaq salma və s.) ittihamlar verilib.

Həbs olunanların işi üç qrupa ayrılıb. A.Hüseynov birinci qrupda «Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov və daha 16 nəfərlə birlikdə mühakimə olunub. Onlara 10 ildən 20 ilə qədər həbs cəzası verilib.

Nardaran olayları ilə bağlı həbs edilənlərin əksəriyyəti məhkəmələrində tutularkən və ilkin dindirilmədə ağır işgəncələrə məruz qaldıqlarını bildiriblər. Onlar verilən ittihamları qəbul etməyiblər.[:]

Siz həmçinin bəyənə bilərsiniz

Şərh yaz

Əlaqə

gozetci.az_logo_2
+994 55 340 34 34
gozetci.az@gmail.com
+99455 340 34 34
+99455 340 34 34

© 2023 – Bütün hüquqları qorunur – Gözətçi.az